Nyu-Yorkda Aida Mahmudovanın sərgisi keçiriləcək
Bizi izləyin

Mədəniyyət

Nyu-Yorkda Aida Mahmudovanın sərgisi keçiriləcək

28 may - 3 iyul 2015-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində, 568 W 25th Street ünvanında yerləşən "Leila Heller" Qalereyasında Aida Mahmudovanın “Yan keçərkən...” ("Passing By…") adlı fərdi sərgisi keçiriləcək.


Trend YARAT Müasir İncəsənət Məkanına istinadən məlumat verir ki, sərgidə A.Mahmudovanın keçmiş əsərlərində də əksini tapmış nostalji və xatirələr mövzusuna əsaslanan və ilhamını onun hazırda yaşayıb-yaratdığı Azərbaycanın təbiət və memarlığından alan səkkiz yeni rəsm əsəri təqdim ediləcək.

A.Mahmudova rəssamlıq prosesinə və rənglərin fiziki xüsusiyyətlərinə eyni dərəcədə diqqət yetirərək kətan üzərindəki boyaları canlandırır. O, tamaşaçını cəlb etməyə qadir iri səhnələr yaradarkən dərinlik, rakurs və miqyas üzərində işləyir. Rənglərin qabarıq sərhədlərinin strukturu fırçanın nahamar izlərinin çoxsaylı təbəqələri ilə birləşir. Rəsmin səthi - sintetik köpüyü kimi materialların əlavə edilməsi və onların üzərindən rəsmə həcm vermək üçün boyaların impasto (Yəni, çox qalın qatlarla) üsulu ilə çəkilməsi ilə daha hərəkətli və canlı olur.

Bu rəsm silsiləsində A.Mahmudova anilik ideyasını araşdırır. Əsərlər daimi və sürətli dəyişikliklərə məruz qalan bir arxa planı - Azərbaycanın təbii şəraitini, şəhər mühitini və memarlığını görməyə imkan verir. Əgər kimsə İslam memarlığı tarixi nümunələri yanında parlaq yeni tikintilərin təzadlı mənzərəsini görmək istəyirsə, A.Mahmudova, əksinə, diqqəti şəhər mərkəzlərinin ətrafında olan sadə tikililərə cəlb edir. Bu tikililər təbiətin təmiz rəngləri ilə qovuşur və vəhdət yaradır. A.Mahmudova bu diqqətdən kənar yerli mənzərələri əsərinin ön planına yerləşdirməklə vətəninin müxtəlifliyini araşdırır. Onun zərif nostalji hissi ilə aşıb-daşan əsərlərində şəhər mənzərəsinin təkamülü ilə əlaqədar sosial-antropoloji baxışlar əksini tapır.

A.Mahmudovanın əsərlərinin mərkəzində onun yaddaş - bu yaddaşın şəxsiyyətlə əlaqəsi və bu iki məfhumun daima dəyişməsi və zaman keçdikcə yenidən yaddaşlara qayıda bilməsi haqqında düşüncələri və araşdırmaları durur. A.Mahmudova deyir: "Rəsmlərimdəki səhnələr mənim üçün şəxsi əhəmiyyətə malikdir; onlarda Bakıdakı məkanlarla, xatırladığım və təsəvvür elədiyim yerlər bir araya gəlir. Hər bir mənzərə daima dəyişən arxa plandakı sabitlik anını əks etdirir." Onun əsərlərində təxəyyül və reallıq arasındakı təzad abstrakt və fiqurativ formaların birləşməsi yolu ilə yaradılır və nəticədə eyni zamanda həm cəlbedici olan, həm də çaşqınlıq hissi doğuran rəsmlər meydana çıxır.

Rəssam haqqında

Aida Mahmudova 1982-ci ildə Azərbaycanın paytaxtı Bakıda dünyaya gəlib. Bakıda yaşayıb-yaratmaqdadır. Aida Mahmudovanın əsərləri geniş şəkildə sərgilənir. Onun dəniz mənzərələri "Artwise"nin kuratorluğu ilə VITA VITALE qrup sərgisinin bir hissəsi olaraq 56-cı Venesiya Biennalesində təqdim olunub. Onun heykəltəraşlıq instalyasiyaları və rəsmləri beynəlxalq sərgilərdə nümayiş etdirilmişdir: "Here Today",London; "Sevir - Sevmir" (Love Me, Love Me Not), 55-ci Venesiya Biennalesi; Bakıya Uçuş (Fly To Baku), London, Paris, Berlin, Moskva, Roma; "Birləşən Körpülər" (Merging Bridges), Müasir İncəsənət Muzeyi, Bakı, Azərbaycan. Onun əsərləri dünyanın müxtəlif yerlərində fərdi kolleksiyalarda saxlanılır. Rəssamın "Recycled" kompozisiyası Bakı Bulvarında nümayiş etdirilir.

Aida Mahmudova 2011-ci ildə bir qrup rəssam tərəfindən əsası qoyulan YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT Azərbaycanda müasir incəsənətin ictimaiyyət tərəfindən dərk olunması və Azərbaycan incəsənətinin ölkə daxilində və beynəlxalq səviyyədə təbliğ olunması ilə məşğuldur. YARAT 56-cı Venesiya Biennalesində "Odla suyun birliyi" (The Union of Fire and Water) layihəsini təqdim etmişdir.

Sərgi: “Yan keçərkən...” (“Passing By…”)
Ünvan: Leila Heller Qalereyası, Nyu York, 568 West 25th Street, NY 10001
Tarixlər: 28 May – 3 İyul 2015
http://www.leilahellergallery.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm