Müsahibə
Keçmiş ANS-çi: “Öz yaşadıqlarımı yaşatmaq istəyirdim”
Hazırda “Neftçi”nin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan Mehman Rəsulovla söhbətimiz klubun bazasında baş tutdu. Güman ki, mənim kimi bir çoxları Mehmanı ANS-dən tanıyır. Yaxşı yadımdadır, ali təhsil aldığım müəssisədən bizi ANS-ə təcrübə üçün göndərmişdilər. O zaman Mehman Rəsulov da idman xəbərləri bölümündə idi – Gündüz Abbaszadə ilə birlikdə... O, məni özüylə idman reportajlarına, tədbirlərinə və müsahibələrinə apardı – təcrübə üçün...
O zamandan idman sahəsində çalışa biləcəyimi düşündüm və bu sahəyə yönəldim. Keçmiş ANS-çi, “Neftçi”nin mətbuat katibi Mehman Rəsulovla söhbətimiz həm klubla, həm keçmiş iş yeriylə, həm də yazdığı ssenarilərlə bağlı oldu.
M.Rəsulovun Publika.az-a müsahibəsini təqdim edirik.
- Keçmiş ANS-çi, ssenarist, yoxsa “Neftçi”nin mətbuat xidmətinin rəhbəri - hansı təqdimat daha xoşdur sizin üçün?
- ANS-çi olmamışdan əvvəl qəzetdə işləmişəm. Düzdür, ANS-də daha uzun müddət işlədim. Həm öyrəndim, həm də öyrəndiklərimi tətbiq etdim. Ssenari məsələsinə gəlincə, dostlar filmə ssenari axtarırdılar, mən də yazdım verdim, çəkildi. Bacardığım qədər bu sahədə də nə isə etməyə çalışmışam. 2011-ci ildən isə “Neftçi”dəyəm. Bu klub mənim üçün həm jurnalistika sahəsində fəaliyyətimin davamıdır, həm də elə o ssenarini də burada işlədiyim müddətdə yazmışam. Deyərdim ki, “Neftçi” mənim jurnalistika fəaliyyətimə qətiyyən mane olmur. Xəbər sahəsində olmasa da, publisistika sahəsində arabir “cızma-qara” edirəm. Bu klub mənə özümü inkişaf etdirməyə imkan yaradır. Ayırmaq istəmirəm işlədiyim yerləri. Həyatımda hərəsinin öz rolu olub.
- ANS-dən nəyə görə ayrıldınız?
- ANS-çi həmişə gəmidə özünü kapitan kimi hiss edir. İstəyir ki, gəmini axırda tərk etsin. ANS-də idman bölümünü ən axırıncı mən tərk etdim. 5 il işlədiyi yerdən kim ayrılmaq istəyər?! İstər-istəməz doğmalaşırsan. Oradakılar sənə ailə üzvlərin kimi yaxın olur. Amma elə bir vəziyyət yarandı, gördüm ki, yağla şorun qiyməti eyniləşir. Bu zaman da adam istər-istəməz özünü bir az gərəksiz hiss edir. ANS-də heç bir maaş, ya başqa problem yox idi, sadəcə o mühitdə özümü artıq görürdüm. Harada ki, artıqsan, oradan üzüsulu getməlisən.
- Necə yəni artıq?
- Mən ANS-ə lazım deyildim. İnsan öz gərəksizliyini hiss etməlidir. Müxbir üçün də “qocalar evi” deyilən bir şey var. Bu, yaşla əlaqədar deyil.
- Kanaldan ayrılandan sonra nə qədər işsiz qaldınız?
- Təxminən 15-20 gün... Sonra “Neftçi”yə gəldim. Bura gələndə Gündüz Abbaszadə mətbuat xidmətinin rəhbəri keçdi, mən də redaktor idim. Saytı idarə edirdik.
- “Neftçi”də nə yenilik etmək fikrindəsiz, hansı planlarınız var?
- Böyük olmasa da, çox yaxşı kollektivimiz var. Burada hərə öz işini bilir, sevir.
Biz də araşdırırıq, baxırıq, xarici klubların, Avropa səviyyəli klubların mətbuat xidmətlərinin işinə, sosial şəbəkələrdəki fəaliyyətlərinə baxırıq, yenilikləri bizim mühitdə tətbiq etmək istəyirik. Özümüz də görürük ki, hələ bu sahədə çox şeylər etməliyik.
- Gündüz Abbaszadə “Neftçi”dən ayrılarkən aranızda nəsə problem oldu?
- (gülür) Yox. “Neftçi” klubunda hansısa rəhbər vəzifəni tutsaydım, o zaman bunu deyə bilərdiz. Biz Gündüzlə 8 il çiyin-çiyinə işləmişik. Bu gün də normal münasibətimiz var, zəngləşirik, danışırıq. Oyunlarda da görüşürük. Sadəcə müəyyən insanın müəyyən yerə qədər missiyası olur, onu tamamlayır. Yəqin ki, Gündüz özü də bu suala yaxın bir cavab verə bilər. Əslində heç o vaxt da istəmirdim ki, mətbuatda belə müzakirələr aparılsın - filankəs niyə getdi, filankəs niyə onun yerinə gəldi? 8 il az müddət deyil. Hər halda, münasibətlərimiz yaxşı olmasaydı, bu qədər bir yerdə çalışa bilməzdik. Bəlkə gələcəkdə yenə birlikdə işləyəcəyik. İki insan arasında inciklik təbii ki, ola bilər. 8-9 il ərzində o qədər incikliyimiz olub ki... İşi dostluq münasibətlərinə qatmıram. Əgər Gündüzün burada işləməməyinə səbəb mən olsaydım, bu gün münasibət tamam başqa olardı. Bunu hər kəs gözəl bilir.
- “Neftçi”də mətbuat xidmətində işləmək çətin deyil?
- Mətbuat xidmətinin əməkdaşı olmaq çətindir. Burada hər kəs öz işini görür və hesabat verir. Mətbuat xidmətinin işçisi mənə, mən də rəhbərliyə hesabat verirəm. Bu pilləli formada edilir. Əgər bunu işçi sevə-sevə edirsə, iş gedir. Əksinə olanda iş getmir. Gündüz də işləyirik, axşam da işləyirik, ezamiyyətlərə gedəndə də işləyirik. Bunu mətbuat xidmətinə gələn hər insan qəbul edib gəlir.
Başa düşür ki, o, nə iş görəcək və onun işi az deyil.
- Açıqlama almaq üçün, ya da nəyəsə münasibət öyrənmək üçün zəng edənlər arasında səbr kasanızı dolduranlar olub?
- Yox. Burada problem başqadır. Ən xoşuma gəlməyən şey özünü ağıllı göstərməkdir. İnsan özü öz içində bilir ki, o nəyə qadirdir. Jurnalistlərimizi mühakimə etmək olmaz. Soyuq havada içi mən daxil olmaqla oyunlara gəlirik. Elə saytlar var ki, bir adam işlədir. Saytın sahibi zəng edib mənə deyir ki, “Mehman “Neftçi”nin strukturu barədə məlumat ver”. Deyirəm, sən öz saytının strukturu barədə xahiş edirəm mənə məlumat ver ki, bilim “Neftçi” haqqında xəbər hansı saytda gedir, o saytın sanbalı nədir? Fəaliyyəti nədən ibarətdir?
Onlara da qətiyyən əsəbləşmirəm, amma bilirəm ki, çox vaxt itiririk.
- Hansı Azərbaycan klubunun azarkeşi olmusunuz?
- Heç bir klubun çılğın azarkeşi olmamışam. O vaxtdan elə gözümüzü açıb “Neftçi” görmüşdük. “Xəzər Lənkəran”ın 10 yaşı var, “İnter”, “Qarabağ” klubları ondan daha sonra yaranıb. O vaxtdan elə yadımdadır, atam həmişə futboldan danışanda, Markarov, Semiqlazov, Vladimir Bruxti, Banişevski kimilərinin adını çəkirdi. O barədə “Neftçi” genimizə işləyib. Amma bu gün “ay “Neftçi”nin fanatıyam, bu klub üçün dəridən-qabıqdan gedirdim, “şlaqbaum”un qarşısında yatırdım” desəm yalan olar. Həm də mənim şəxsi fikrimdir ki, klubun işçisi fanat olmamalıdır.
- “Neftçi” kənardan göründüyü kimidir?
- Xeyr. Heç nə kənardan göründüyü kimi olmur. Kənardan başqa təsəvvürlər formalaşır - rəylərə görə, jurnalistlərin yazdıqlarına görə...
- Bir ara şeir yazırdınız...
- İndi də yazıram... Arabir olur.
- Şeirlərinizi kitab şəklində dərc etmək fikriniz yoxdur? Sizcə də artıq vaxtı deyilmi?
- Yox, bu barədə tənbələm. Belə ki, öz yazdıqlarıma qarşı tənbələm.
Düzdür, kənardan tanışlardan, dostlardan deyənlər var ki, kitab buraxım. O vaxt tələbə yoldaşlarımdan bir-ikisi şeirlərdən götürüb saxlayırdılar. Bu sahədə bir şeylər etməyi fikirləşirəm. Povest, ya roman olsun. Şeir yox. Çünki şeirlərim məndə bir az pərakəndədir. Onları toparlamaq çətin olacaq. Amma bir iki yazı var, tamamlaya bilsəm, kitab halına salacağam. Baxarıq da...
- Öz yazdığınız şeirlərinizi əzbər deyə bilərsiniz?
- Yox, əzbərçiliyi bacarmıram. Amma yazdıqlarımı dostlarım arasında əzbər deyənlər var. Hətta eləsi olub ki, şeiri deyib, bilməmişəm kimin şeiridir. Çoxdan yazdıqlarımdan deyiblər xatırlamamışam, demişəm “kimin şeiridir?” Həmin anda yazdımsa qalır, yoxsa getdi...
- Ssenari söhbətinə əvvəldə toxunmuşduq. Düzdür yazmaqla, yaradıcılıqla aranız yaxşıdır. Amma bir filmə ssenari yaza biləcəyinizi düşünmək haradan ağlınıza gəldi?
- Filmə ssenari yazmaq mənim üçün həyatın hədiyyəsi oldu. Belə ki, atam xərçəng xəstəliyindən vəfat edib. Xərçəng xəstəsi ilə bağlı ssenari yazmaq təklif olundu. Bu da sırf təsadüf idi. Duyğularımı boşaltmaq üçün əla fürsət oldu. Düşündüm ki, bu barədə nəsə edə bilərəm. Çünki bu xəstəliyin praktik nəzəri tərəflərini görmüşdüm. Görmüşdüm ki, o insan necə olur, necə əzab çəkir... Düzdür, bunu da 100 faiz bilmək mümkün deyil.
- Bildiyimə görə, çox bəyənildi...
- Pessimist film idi. Baxan deyir ki, çox ağır idi. Məncə də elədir.
- Filmin adını da (“Arzuların ardınca”) özünüz fikirləşmişdiz?
- Yox, adı rejissor dostum Ramil Ağasiyev özü qoymuşdu. Amma şüarı mən qoymuşdum – “Arxaya baxsan, nağıl bitəcək”. Belə deyərdim, dövlət dəstəyi ilə çəkilməyən kinolar arasında sevilənlərdən idi. Bilirik ki, dövlət dəstəyi ilə çəkilən filmlərin böyük büdcəsi olur. Amma bu filmin çox az bir büdcəsi var idi. Yox dərəcəsində idi. Rejissor öz hesabına çəkmişdi. Bütün heyət sırf bu işi başa vura bilmək üçün ruhunu qoydu. Qismət olsa, davam etdirəcəm. Amma ağır sahədir.
- Bunu nə qədər müddətə yazmışdınız?
- 3-4 aya... 50-60 səhifə idi. Qarsiya Markesin bir sözü var – “Gündə yarım səhifə yazıramsa, mən özümü dahi hiss edirəm”. Qaralamalar da çox olur, elə vəziyyətlər olur ki, onu 5-10 dəfə dəyişirəm.
- Bu filmə gözlədiyiniz reaksiyanı ala bildiz?
- Elə bunu gözləyirdim. Məqsəd çox yaxşıdır. Adam var film çəkir ki, baxımlı olsun, pul qazansın. Adam da var film çəkir ki, pozitiv nə isə ötürsün.
Bu filmə ssenari yazmaqda məqsədim... Bu dediyim bir az ədalətli olmayacaq, amma öz yaşadıqlarımı yaşatmaq istəyirdim. Reallığı qəbul etmək lazımdır. yüzlərlə insan xərçəngdən ölür. Buna qarşı heç bir silah, heç bir dərman vasitəsi yoxdur. Biz bu kinodan niyə optimist bir şey çıxarmalıyıq? Niyə inanmalıyıq?
Əgər 100 nəfər xərçəngdən 99-u ölürsə, filmin qəhrəmanı yaşamalıdır? Niyə onun həyatına pozitiv nələrsə qatmalıyıq? Guya bu xəstədir, amma hər şey əladır? 5-10 faiz sevinə bilər. Reallıq isə göz qabağında olur. 80-90 faiz əzab çəkəcək. Ölməz film qəhrəmanın ölmədiyi film deyil... Düzdür, kinonu kəsmək də olardı, amma bununla nə qazanırdıq?! Biz ölünün arxasınca qəbirə düşən millətik. Axıracan ölünün arxasınca gedirik.
- Yəni təklif gəlsə, yeni ssenari yaza bilərsiniz?
- Artıq başlamışam, yazıram birini. Amma mövzusunu deyə bilməyəcəm. Çünki özüm hələ dəqiq bilmirəm. Amma mövzuda sevgi də var.
- Bəs nə vaxta üzə çıxarmağı planlaşdırırsınız?
- Onu bilmək olmur ki... O planla deyil. Ola bilər 10 günə yazım, ola bilər 1 ilə...
Aygün İlqarqızı
FOTOLAR: Rəşad Abbasov
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:58Türkiyə müharibəyə hazırlaşır: Orduya görün hansı tapşırıq verildi
-
İdman14:28Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR
-
Magazin114:15Toya 700 qonaq çağırıb: Gəlininə nə hədiyyə edəcək?
-
İqtisadi gündəm13:16Qiymət artımını necə dayandırmaq olar? - Deputat açıqladı
-
Yaxın Şərq12:40Çindən İrana həlledici zəng: Bunu etməlisiniz!
-
Dünya11:52Qətliam törədən yeniyetmələri birləşdirən ŞOK DETAL - Hər ikisi...
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı





































