Gözünü və ayağını itirən gənc komandir: “Ölümü də gözə almışdım” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Gözünü və ayağını itirən gənc komandir: “Ölümü də gözə almışdım” - MÜSAHİBƏ

“Vətən - hər zaman qorunmağa ehtiyac duyulandır, uğrunda ölməyə hazır olduğumuzdur”. Bu fikirləri Kamil Musavi səsləndirib. Onun adı çoxumuza tanış deyil. Amma ürəyi vətən eşqi ilə döyünən Kamil Qazax güləş məktəbinin yetirmələrindəndir.

Xatırlatma...

Musavi Kamil İbadət oğlu 1990-cı ildə Qazax rayonunda anadan olub. 1997-ci ildə birinci sinfə qədəm qoyduğu dövrdən güləşlə məşğul olmağa başlayıb. Hələ 7 yaşında olan Kamil idmana başlayandan 6 ay sonra rayon çempionatında qalib olub. Elə o gündən Kamil Musavi idmanda nailiyyətlər qazanmağa başlayıb. O, bir çox turnirlərin qalibi və mükafatçısıdır.

O, vətən uğrunda canından da keçməyə hazır igidlərimizdəndir. Qazaxlı balası cəbhə bölgəsində vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirib. Ancaq gənc baş leytenantın bu hadisədən sonra da həyat eşqi sönməyib. Hadisənin sabahı xəstəxanada gözlərini açan Kamil ailəsi ilə özü əlaqə saxlayıb və sağ olduğunu, narahat olmamalarını bildirib. O, indiki vəziyyətdə ibadətindən də qalmır.

Gənc komandir həyatı və başına gələnlər haqda Publika.az-a maraqlı müsahibə verib.

- Əvvəlcə idmana gəlişinizdən başlayaq. Necə oldu ki, güləşlə məşğul olmağa başladınız?

- Güləşə əmim oğlu sayəsində gəlmişəm. O, güləşə gedirdi, məni də apardı. Düzdür, əvvəllər evdən idmana getməyimə narazılıq edirdilər.

- Nəyə görə?

- Bir az nadinc uşaq idim. Buna görə də gözdən kənara qoymaq istəmirdilər. Daha sonra “Daşaltı əməliyyatı”nda həlak olan əsgərlərimizin xatirəsinə həsr olunmuş turnirdə iştirak etdim. Orada göstərdiyim nəticədən sonra Firdovsi Umudov (Sərbəst güləş üzrə Azərbaycan millisinin böyük məşqçisi) məni təbrik etdi. Elə münasibətimiz də buradan başladı. Bundan sonra Firdovsi müəllim məni yığma komandaya dəvət etdi. Həmin vaxtdan onun rəhbərliyi altında məşqlərimi davam etdirdim və həyatımda hər şey elə bundan sonra dəyişdi. Firdovsi Umudov təkcə məşqçi deyil. O, məşqlərdən əvvəl və sonra hər zaman dövləti, vətəni sevməklə bağlı fikirlər aşılayıb. Vətənpərvər olmağı, bayrağımıza, dövlətimizin atributlarına hörmət etməyi deyib. Bir sözlə, idmançıların vətənpərvər ruhda yetişməsində onun əməyi böyükdür. Vaxt keçdikcə anlayırdım ki, yaxşı müəllim olmaq üçün tələbələrinə fiziki güc, nizam-intizam, sadəlik öyrətməklə yanaşı, vətənpərvərlik hissini aşılamaq lazımdır. Bu mənada Firdovsi Umudov əsl müəllimdir. Onu yaxşı tanıyan bir tələbə kimi deyə bilərəm ki, gənclərimizin, idmançılarımızın etibarlı əllərdə olması sevindirici haldır.

- Peşəkar idmandan ayrılmağınıza əsas səbəb nə oldu?

- Belə deyərdim, içimdə hərbçi olmaq hissi güclü idi. Vətənə hərbçi kimi xidmət etmək arzusunda idim.

- Vətən deyəndə nə düşünürsünüz?

- Vətən – hər zaman qorunmağa ehtiyac duyulan, uğrunda ölməyə hazır olduğumuzdur. Hər bir vətəndaşın borcudur ki, onu qorusun.

- Vətən üçün ürəyinizdə olan arzulardan nə qədərini reallaşdıra bilmisiniz?

- Tam olmasa da, demək olar ki, reallaşdırdıqlarım oldu. Vətən üçün ürəyimdən keçirdiklərimi tam o zaman reallaşdıra bilərdim ki, Qarabağı azad etmiş olardıq. Bu gün yenə mümkün olsa, vətən uğrunda vəzifəmi qaldığım yerdən icra edərəm.

- Vətən uğrunda bir ayağınızı və gözünüzü itirmisiniz. Heç ürəyinizdən “axı niyə mən” düşüncəsi keçməyib?

- Xeyr, əsla. Heç bir peşmanlıq hissi yoxdur. Bu vətəndə yaşayırıqsa, onun üçün canımızdan keçməyə də hazırıq. Əksinə, fəxr edirəm ki, ən azından vətən üçün gücüm çatanı etdim.

- Hərbçi peşəsini seçərkən bu durumu gözə almışdınızmı?

- Hər bir şeyi gözə almışdım. Hətta ölümü də...

- Cəbhə bölgəsində olmağınıza ailəniz, valideynləriniz narazı deyildi?

- Narazı deməzdim. Amma hər bir valideyn kimi bizimkilər də ehtiyatlı olmağımı deyirdi. Mən də ehtiyatlı olmağa çalışdım. Çünki bizim məqsədimiz ölmək yox, düşməni öldürmək idi... Nəysə ki, qismət belə imiş...

- Hərbi hospitalda olarkən yanınıza kimlər gəlirdi?

- Ailəm, yaxınlarım, dostlarım... Tərxis olunmuş əsgərlərim gəlirdi. Bu gün də əlaqə saxlayırlar. Həmişə deyirlər ki, gələk dəyək. Sadəcə yol uzaqdır, əziyyət də vermək istəmirəm deyə özüm razılaşmıram.

- Eşitdiyimizə görə, məktəblərə gedib, vətənpərvərliklə bağlı uşaqlara düzgün fikirlər aşılamaq niyyətiniz var...

- Bəli, buna ehtiyac var. İstəyərdim ki, bunu edim. Sadəcə bunun üçün şərait yaratsalar, mən hazıram...

- Bugünkü uşaqların vətənpərvərlik hissi sizi qane edirmi?

- O qədər də yox. Amma vətənpərvərlikdən tamam uzaqdır demək də yanlış olar. Onların içərisində elə uşaqlar var ki, bu hiss onlarda güclüdür.

Bu hiss olmalıdır. Çünki Qarabağ bu gün bizdən başqa kimi gözləyir ki...

- Hadisədən neçə gün sonra ayağa qalxdınız?

- Demək olar ki, sabahı... Hadisə olanın səhəri gün özümdə idim. Hətta zəng vurub evlə də danışdım. Danışdım ki, çox narahat olmasınlar. Bir var, başqasından vəziyyətim haqqında eşidələr, narahat qalalar, bir də var ki, özümdən eşidələr.

- Evə zəng edəndə birinci kiminlə danışdınız?

- Yoldaşımla...

- Övladınız varmı?

- Bəli oğlum var, yeni dünyaya gəlib.

- Əsgəri idarə edən nədir?

- Əsgəri idarə edə bilmək üçün sadəcə onu başa düşmək lazımdır. Yəni əsgəri öz doğman kimi qəbul etməlisən. Sən ona qayğı göstərməlisən. Bir sözlə, əsgərlərim üçün həm qardaş idim, həm də komandir.

- Tabeçiliyinizdə olan əsgərlər arasında sizdən narazı olanlar var idi?

- Zənnimcə, yox idi. Fikirləşirdim ki, onlar hərbi xidmətə görə mənə hörmət edirlər. Əsgərlərimlə danışarkən onlara əsas deyirdim ki, düşünün bizim nə qədər ana-bacılarımız əsirlikdədir. Bu gün deyə bilmərəm ki, əsirlikdə mənim qohumum yoxdur. Sən bakılısansa, şəkilisənsə, bu o demək deyil ki, əsirlikdə olan sənin ana-bacın sayılmır.

Əsgərlərimə deyirdim: “Sadəcə fikirləşin ki, onlar hər birimizin ana-bacısıdır”.

- Həyatda necə birisiz - sakit, davakar, yoxsa üzüyola?

- Düzdür, uşaq vaxtı bir az “əlləm-ayaq” (Qazax ləhcəsi ilə dəcəl) olmuşam (gülür). Amma getdikcə sakit təbiətli...

- İdman və fiziki cəhətdən güclü olmaq – bunun sizin işdə necə təsiri var?

- Fiziki cəhətdən güclü olmalısan ki, hərbidə işləməyi bacarasan. Qəbul olunan bir qayda var, ordumuzu idarə edən komandirlərdir, yerdə qalanlara da mütləq güc lazımdır. Güc komandirdən tutmuş adi əsgərə kimi hər kəsə lazımdır. Döyüşü 80 faiz udmaq üçün də mütləq güclü olmalısan. Ümummilli liderimizin çox gözəl sözü var idi – “Sağlam bədəndə sağlam ruh olar”. Özüm əsgərlərimlə hər səhər tezdən 06:00-da durub qaçırdım, idman edirdik. Bəlkə də əsgərlərimi tapıb danışdırsanız, onlar sizə daha geniş məlumat verərlər.

- Peşəkar idmandan ayrılandan sonra yenidən güləşə qayıtmaq, məşqlərə başlamaq fikriniz olubmu?

- Təbii ki... Hazırda da bu istək var. İndi bir paralimpiyaçı kimi davam etmək istəyirəm. Ayağıma protez qoyulmalıdır. İnşallah, bundan sonra güləş üzrə Paralimpiya komitəsində idmançı kimi davam etmək istəyərəm. Amma təəssüf ki, orada hələ güləş yoxdur. Düşünürəm ki, paralimpiyada güləşçi yoxdur deyə, bu idman növünə yer ayrılmayıb. Mən də hazırlaşaram, məşqlərimi davam etdirərəm, təklifimi də irəli sürərəm. Nə vaxt olar, o zaman da qatılaram.

- Əsgərlərinizdən biri dəcəllik edəndə, onu necə başa salırdınız?

- Sadəcə ağıllı olmalarını, düşünərək addım atmalarını söyləyirdim. Onlara həmişə böyük qardaş kimi münasibət göstərmişəm.

- Bu gün sizə olan ümumi münasibət necədir?

- Bu vəziyyətə düşəndən sonra fikirləşirdim ki, sıxılaram, tək qalaram. İnsanın ağlına hər fikir gəlir. Amma sağ olsunlar, unutmurlar. Kamran Nəbizadə Qazaxa yeni deputat seçilən vaxtdan məni ziyarətə gəlib, hər zaman diqqət göstərir, maraqlanır. Bundan əlavə, xeyirxah qazaxlımız Arzuman Abdulkərimova və ağstafalı sahibkar İlqar Vəliyevə öz təşəkkürümü bildirirəm ki, məndən diqqətlərini əsirgəmirlər. Firdovsi müəllim də hər an dəstək olur. Yanıma gələnlərə, qayğı göstərənlərə öz təşəkkürümü bildirirəm.

- Gənclərə nə məsləhət vermək istərdiniz?

- Hər bir gənc valideynlərinə, cəmiyyətimizə, vətənə, torpağa layiqli övlad olmalı, pis vərdişlərdən uzaq durmalıdır. Dinimizin və dövlətimizin qoyduğu qaydalara riayət etməlidir. İnsana yol göstərmək, nəyisə aşılamaq olar. Ancaq unutmayaq ki, insanın ən böyük tərbiyəçisi elə özüdür. Ali baş komandanımızın idmana və digər sahələrə olduğu kimi hərbiyə də diqqəti, qayğısı böyükdür. Unutmamalıyıq ki, biz ali baş komandanın döyüş əmrini hər an yerinə yetirməyə hazır olan əsgərlərik.

Azərbaycan Respublikasının prezidenti, ali baş komandan İlham Əliyev doğma torpaqlarımızı - Qarabağı azad etmək üçün ordumuza hər cür şərait yaradıb. Ordumuz bu gün cənab ali baş komandanın döyüş əmrini hər an yerinə yetirməyə hazırdır. Bu gün Qarabağ vətəni sevən insanların yolunu gözləyir.

Aygün İlqarqızı

FOTOLAR: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm