• USD 1,7000 0,00% EUR 1,8701 -0,13%
    • GBP 2,1822 -0,10% RUB 0,0264 -0,38%

İntiharın səbəbi depressiya, depressiyanın səbəbi... – psixiatrla MÜSAHİBƏ

İntiharın səbəbi depressiya, depressiyanın səbəbi... – psixiatrla MÜSAHİBƏ

Son vaxtlar hər gün, demək olar ki, bir neçə intihar, qətl xəbəri eşidirik. Səbəblər də oxşardır: maddi çətinlik, depressiya, qısqanclıq, ailə münaqişəsi...

Buna görə də məqsədimiz səbəbləri araşdırmaq deyil, insanı kəndirə, bıçağa əl atmağa vadar edən psixoloji vəziyyətə aydınlıq gətirmək, o həddə çatmamaq üçün nələr etmək lazım gəldiyini mütəxəssisdən öyrənməkdir.

Publika.az-ın bu yöndə suallarını Psixi Sağlamlıq Mərkəzinin direktoru, psixiatr Fuad İsmayılov cavablandırır.

Problem varsa, həlli yolu da var...

- Son zamanlar cəmiyyətdəki aqressiyanın, intiharların səbəbini nədə görürsünüz?

- Bu gün elə ölkə yoxdur ki, orada suisid olmasın. Bizim ölkəmizdə də bu məsələ aktualdır. Bu baxımdan Mərkəzimizdə suisidlərlə bağlı Milli Strategiya hazırlanacaq. Yanvar ayından bizə psixoloji problemlərlə bağlı müraciətlərin statistikası aparılır. Statistikaya baxsaq, bizdə suisidlər təhlükəli səviyyədə deyil. Hər yüz min nəfərə 11-dən çox intihar olanda, təhlükəli hesab edilir. Biz isə bu rəqəmə hələ ki, yaxınlaşmırıq. Lakin intiharların artması müşahidə edilir. Bunun səbəbi informasiyanın qısa zamanda yayılmasıdır. 20 il əvvəl Salyandakı intiharı Bakıda yalnız qohumları bilirdi. İndi hadisədən bir saat sonra bütün ölkə bilir. Bu məlumatlar intiharların çoxalması düşüncəsini yaradır. İntihar krizis zamanı baş verir. Yəni, insan böhran vəziyyətində olanda özünə qəsd edir. İnsanın öz resursları problemlərini həll etmək üçün yetərli olmayanda isə krizis baş verir.

- Bəs krizis mərhələsində olan adam intihara əl atmamaq üçün nə etməlidir?

- Birinci növbədə, bilmək lazımdır ki, intihar çıxış yolu deyil. Krizislə bağlı problemləri həll etsək, intihar problemi də həll olacaq. Bilməliyik ki, ətrafımızda yaxşı təşkilatlar, mütəxəssislər, qohumlar var. Çətin problemlə qarşılaşanda bu resurslardan istifadə etmək lazımdır. Ruhdan düşməməliyik, hər hansı problem varsa, mütləq onun həlli yolu da var. Ətrafımızdakılara da diqqətli olmalıyıq. Bəlkə də, kiçik bir diqqətimizlə kimlərisə intihar fikrindən daşındıra bilərik.

Bu gün insanlar sosial rəqabət şəraitində yaşayırlar. 30 il əvvəl insan ali təhsilini bitirəndə, gələcək işi, karyerası barədə informasiyası olurdu. İndi isə ali təhsili bitirən biri gələcəyindən o qədər də əmin deyil. Hər 5 ildən bir mütəxəssislər öz biliklərini tamamilə yeniləməlidir. Çünki informasiya texnologiyaları inkişaf edir, cəmiyyət dəyişir. Bu gün kompüteri bilməyən işləyə bilməz. Artan tələblər stressləri də artırır. Bundan çıxış yolu pozitiv təfəkkürdür. Bilməliyik ki, ətrafına müsbət yanaşanlar xoşbəxt olur.

- Bu gün həm paytaxt, həm də regionlardan olan statistik məlumatlar əsasında psixoloji problemlərlə bağlı vəziyyəti necə dəyərləndirirsiniz?

- Bizdə bütün rəsmi məlumatlar var. Lakin rəsmi məlumatlar yalnız müraciətlər əsasında olan rəqəmlərdir, reallığı tam əks etdirmir. Bunun üçün də özəl müəssisələrə olan müraciətlərin statistikasını hazırlamaq istəyirik. Bu, asan proses deyil. Bütün bunları hesablayandan sonra statistika daha təkmil olacaq. O zaman konkret fikir deyə bilərik. Lakin bununla yanaşı, müraciətin hansı problemlə bağlı olmasının da bölgüsü aparılmalıdır.

Qanunvericiliyə görə, ambulator yardımın iki növü var -məsləhət-müalicə və dispanser müşahidə. Emosional gərginliyi olanlar müraciət edir, konsultasiya alır ki, bu, məsləhət xarakterlidir. Dispanser müşahidə isə əsasən ağır və tez-tez kəskinləşən formalarda aparılır. Belələrinə daha intensiv müalicə lazımdır. İndi bizdə bu iki müalicənin statistikası birlikdə hesablanır. Lakin bu, doğru deyil. Gələcəkdə bu iki statistikanın ayrı-ayrılıqda aparılmasına ehtiyac var. Dövlət Statistika Komitəsi yeni statistik formaları qəbul edəndən sonra onlar ayrı hesablanacaq.

Depressiya və panik atakların sayı çoxalıb...

- Yüngül, yoxsa ağır psixi pozuntuların sayı artıb?

- Araşdırmalar göstərir ki, ildən-ilə ağır xəstəliklərin faizi artmır. Məsələn, son 30 ildən bu vaxta qədər şizofreniya faizi artmayıb, əhalinin 1%-i -hər 100 nəfərdən biri şizofreniyadan əziyyət çəkir. Həmçinin, biopolyar affektiv pozuntular ümumi xəstələrin 1,6%-ni təşkil edir. Depressiyaların sayı isə çoxalıb. Bunun mütəxəssislərin daha yaxşı aşkarlamasından, yoxsa, həqiqətən də cəmiyyətdə say artması ilə bağlı olduğunu deyə bilmərəm. Panik atakların sayı isə həqiqətən də artıb. 10 il əvvəl təxminən 3 aydan bir belə xəstə müraciət edirdi. İndi isə həftədə ən azı, bir-iki nəfər bu problemdən şikayət edir. Həmin şəxslər əsasən “ürəyim 3 dəqiqə dayanır”, “mənə elə gəlir ki, bu dəqiqə öləcəm, 10 dəqiqə sonra özümü yaxşı hiss edirəm, amma təşvişim qalır” kimi sözlər işlədirlər.

- Sizcə, bu artımın səbəbi nədir?

- Səbəb cəmiyyətdə informasiya bolluğudur. Bu gün internetdə bir sözü axtarmağa çalışanda milyonlarla məlumat tapılır. 5 il əvvəl isə tapılan məlumatların sayı dəfələrlə az idi. Nəzərə alın ki, temperaturun bir dərəcə dəyişməsi fiziki xəstəliklərin sayını bir neçə dəfə artıra bilər. İnformasiya sayı isə hər ildə iki dəfə artdığı vaxtda psixoloji problemlərin nə qədər artmasını təxmin etmək olar. İl ərzində onlarla dəhşətli faciələrin qeydə alınması da məhz informasiya bolluğunun nəticəsidir. Hər dəfə bu xəbərləri oxuyanda beynimiz mənfi informasiyalarla yüklənir. Psixoloji durumun yaxşı olması üçün müsbət informasiyalar lazımdır. Düzdür, məlumatsız qalmaq mümkün deyil. Lakin gün ərzində onlarla mənfi məlumatın qəbul edilməsi stressə səbəb olur.

- Depressiyaların artdığını dediniz, bunun səbəbi nədir?

- 15-20 il əvvəl insanların depressiya ilə bağlı məlumatı çox az idi. İndi isə hər kəs məlumatlıdır. Depressiyanın artmasının bir səbəbi insanların bu barədə məlumatlı olması və tez-tez mütəxəssislərə müraciət etməsidir. Depressiya bioloji, irsi xəstəliklər və ya kimyəvi maddələr (dərmanlar) qəbul edilməsi nəticəsində olur. Psixoloji faktorlar, əsasən uşaq yaşlarında baş verən konfliktlər, zorakılıqlar sonrakı yaşlarda depressiyaya səbəb olur. Bundan başqa, gərgin iş, stresslər, yaxud da sosial faktorlar depressiyaya meyl yaradır. Hər 100 nəfərdən 10-da hər dəqiqə depressiya başlaya bilər. Beynəlxalq qurumların proqnozlarına görə 2020-ci ildə səhiyyədə ən böyük itkilər depressiya ilə bağlı olacaq.

- Depressiyada olan insan mütləq peşəkar yardım almalıdır, yoxsa, özü özünü müalicə edə bilər?

- Depressiyanın 4 səviyyəsi var. Bu gün müraciət edənlər arasında yüngül səviyyə daha çox müşahidə edilir. Bu insanlar stressə qarşı mübarizə aparıb zərərli vərdişlərdən uzaq olsalar və normal həyat tərzi sürsələr, depressiyadan azad ola bilərlər.

Orta və ağır dərəcəli depressiyada isə professional yardım alınmalıdır. Sahə həkimləri bu insanlara necə kömək etməli olduqlarını bilirlər. Depressiya müalicəyə müqavimət göstərdiyi halda psixiatrlar köməklik göstərir. Depressiya fiziki xəstəliklə yanaşı olanda, intihara meylli və ya şəxsiyyət pozuntusu olanda mütəxəssis məşğul olmalıdır.

Depressiya 100 faiz sağalan xəstəlikdir. Əgər insanda bir dəfə depressiv epizod olubsa, 50 faiz ehtimal var ki, o, yenə təkrar olunacaq. İki dəfə epizod olubsa, 70 faiz ehtimal var ki, 3-cü epizod da olacaq. 3 dəfə depressiv epizoddan sonra yenə bu baş veribsə, 90 faiz ehtimal var ki, bu, gələcəkdə də təkrarlanacaq.

- Mərkəzinizdə “İnam telefonu” deyə bir bölmə var. Bu telefona zənglər əsasən nə ilə bağlı olur?

- Bu telefona zəng edənlərə psixoloji məsləhət veririk. Krizis dövründə müraciət edən olsa, böhrana müdaxilə edirik. Ümumi məlumatlandırma üçün müraciət edənlər də olur. Həmçinin, həyat yoldaşı içki alüdəçisi olan biri kömək üçün zəng edir və biz onun hara müraciət etməli olduğunu deyirik. Gün ərzində bu telefona 5-10 zəng olur.

- Sadaladığınız psixi pozuntulardan qorunmaq üçün oxucularımıza məsləhətləriniz nə olar?

- Emosional gərginliyi olan şəxslərə gün rejimi müəyyən etməyi, aktiv həyat tərzi sürməyi, idmanla məşğul olmağı, stressdən uzaq durmağı tövsiyə edirik.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR