“Ona baxanda adama elə gəlir ki, səni “yeyəcək” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

“Ona baxanda adama elə gəlir ki, səni “yeyəcək” - MÜSAHİBƏ

Parataekvondo üzrə ikiqat dünya, üçqat Avropa çempionu, idman ustası Aynur Məmmədovanın (+58 kq) sonuncu qələbəsindən sonra uzun müddət idi ki, yarışlarda adı çəkilmirdi, gözə dəymirdi. Biz də bunun səbəbini öyrənmək üçün xanım idmançımızla əlaqə saxladıq.

Publika.az-a müsahibə verən idmançı məşqlərə davamiyyətini itirmə səbəbini açıqladı. Həmçinin onunla idmandan kənar mövzuda da söhbət etdik. Məmmədova dəstək olduğu ailələrdən, hər an nəzarətində olan iki uşaqdan da danışdı. Tanınmış idmançımız bəzi ailələrə onu tapıb əlaqə saxlaması üçün çağırış da etdi:

- Dünya çempionatı və dünya oyunlarındakı qələbənizdən sonra nə işlə məşğulsunuz? İstirahət edə bilmisiniz?

- Sonuncu yarışımız 2015-ci ilin sentyabrında oldu. Əvvəlcə Dünya çempionatı, 12 gün sonra Dünya Oyunları... Hər ikisində də qızıl medal qazandıqdan sonra, təbii ki, istirahət lazım idi. Növbəti yarışın 2016-cı ilin sentyabrında Avropa çempionatı olduğunu biləndə istirahəti yekunlaşdırdım. Demək olar, 3 ay məşqlərə davamiyyətimi itirdim. Həftədə 1-2 dəfə məşq etdim. Artıq 1 aydan çoxdur ki, məşqləri intensivləşdirmişəm. Həm zalda komandayla, həm də “trenajor”la məşq edirəm. Martın 1-dən də milli komandayla təlim-məşq toplanışımız başlayır. Bu da 10 gün davam edəcək.

- Bu qədər fasilə idmançı kimi sizi “paslandırmayıb”? Hazırlıq durumunuz nə yerdədir?

- Təbii ki, çəkim artıb. Ağırlaşdığımı hiss edirəm. Bu da normaldır. Peşəkar idmançı 10 gün məşqi buraxanda formadan düşür. Amma buna alışmışam. Tez formadan düşüb, tez də əvvəlki vəziyyətimə qayıda bilirəm. Düzdür, yenidən formaya düşmək heç də asan olmur. 2 həftə əziyyət çəkirəm.

- Ötən yarışda oğlunuza qızıl medalla qayıdacağınızı söz vermişdiniz və sözünüzün üstündə durdunuz. Bu dəfə oğlunuza hansı sözü vermisiniz?

- Oğluma o sözü ona görə vermişdim ki, sentyabrın 17-də Samsunda yarışım idi. Oğlum isə 15 sentyabrda dərsə getməliydi. Onu dərsə yola sala bilmədiyim üçün söz verdim ki, qızıl medalla gələcəyəm. Bu dəfə elə bir söz verməmişəm. Amma növbəti yarış da sentyabrın 16-da keçiriləcək, yenə onu dərsə mən yola sala bilməyəcəyəm. Təbii ki, yenə vətənimə oğlumun yanına qızıl medalla qayıtmalıyam, inşallah.

- Aynur xanım, yaş irəlilədikcə məşqlərin ağırlığı sizin üçün çətinlik yaratmır, ya da yaratmayacaq?

- Növbəti olimpiadaya 4 il var. Düzdür, insan yaşa dolduqca, ağırlaşır. Amma mən hələ ki, bunu özümdə hiss etmirəm. Əgər gücüm çatmasa, özümü məcbur etmərəm. Məndə hələ də güc, həvəs, istək, vətənpərvərlik ruhu yüksəkdir – göz dəyməsin (gülür). Ən güclü rəqibim məndən 10 yaş kiçikdir. Ona baxanda adama elə gəlir ki, səni tatamidə “yeyəcək”. Ancaq yenə də mən onu məğlub edirəm. Əsas ürəkdir, bir də özünə inam...

- Bu yolda ən böyük arzunuz nədir?

- Son hədəfim paralimpiya çempionu olmaqdır.

- Bir uşaq dünyaya gəlmişdi - fiziki məhdudiyyətli. Siz açıqlamanızda ona hər zaman mənəvi dayaq olacağınızı demişdiniz. Həmin ailəyə baş çəkirsiz?

- Vaxtımızın məhdud olmasına baxmayaraq, hər ay gedib Dilək qızımı görürəm.

- Onun da yaxşı idmançı ola biləcəyini deyirdiniz. Ailəsi bu barədə nə düşünür? Övladlarının gələcəyi ilə bağlı ümidləri artıbmı, fikirləri dəyişibmi?

- Əlbəttə... Onlar məni tanıyandan sonra uşağın gələcəyi ilə bağlı olan bütün fikirləri dəyişib. O uşağı böyük ümidlərlə böyüdürlər ki, mənim kimi tanınmış bir idmançı olacaq. Onu da qeyd edim ki, mənim Diləkdən başqa bir oğlum da var. Onun 5 yaşı var, adı Yusifdir... Dekabrın 31-i ad günü idi, 5 yaşı tamam oldu. Elə buna görə də mən yeni ili Yusifgildə keçirdim.

- Bəs bu uşaqla necə tanış oldunuz?

- Bildiyiniz kimi, Diləyi özüm tapmışam. Doğulan gün onun haqda internetdən oxumuşdum və maraqlanıb tapdım. Ancaq Yusifin ailəsi məni efirdə görüb, 1 il idi ki, axtarırlarmış. Nəhayət, Yusifin anası “instagram”da məni tapıb yazmışdı. Yusif haqda danışıb şəkilini atmışdı. Mən də görən kimi dərhal nömrəsini istəyib əlaqə saxladım, anası ilə danışdım. İndi hər iki uşaqla əlaqə saxlayıram, dəstək olmağa çalışıram. Yusif cox kompleksli uşaqdır, onu calışdığım qədər tədbirlərə, uşaqlarla olan yarışlara, konsertlərə aparıram, yenə də sıxılır. Belə uşaqlar çoxdur. Bilirəm ki, bir çox valideynlər utanır, gizlədir. Amma istərdim ki, onlar məni tapsın, söhbət edim onlarla... Bilirəm ki, o ailələrə mənəvi köməyim dəyər...

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm