Dünya və Avropa çempionumuz: “Bəzən ailəm mənə görə ac qalırdı...” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Dünya və Avropa çempionumuz: “Bəzən ailəm mənə görə ac qalırdı...” - MÜSAHİBƏ

Niyaməddin Paşayev 1980-ci il mayın 1-də Qubadlıda anadan olub. 2000-ci ildə Avropa çempionatının bürünc medalına layiq görülüb. 2001-ci ildə Koreyanın Cecu şəhərində keçirilən dünya çempionatının və 2004-cü ilin mayında Norveçin Lilihammer şəhərində baş tutan Avropa çempionatının qalibidir. 2003-cü il Dünya kuboku yarışlarının və hərbçilərin dünya birinciliyinin gümüş medallarını qazanıb. 2004-cü ildə Bakıda keçirilən Olimpiya lisenziyalı beynəlxalq turnirdə Afina olimpiadasına lisenziya qazanıb.

Taekvondo üzrə əməkdar idman ustasıdır. N.Paşayev hazırda Azərbaycan Taekvondo Federasiyasının milli komandalara nəzarət üzrə vitse-prezidenti kimi fəaliyyət göstərir.

Dünya və Avropa çempionu ilə söhbətimiz keçdiyi yol və tutduğu vəzifəsi haqda oldu.

Publika.az-a müsahibə verən keçmiş idmançı uğurları üçün borclu olduğu şəxslərin də adlarını çəkdi.

- Dünya və Avropa çempionu, yoxsa vəzifə başında (vitse-prezident) əyləşən Niyaməddin Paşayev?

- İdmançı olduğun dövrlərdə ancaq özün üçün məsuliyyət daşıyırsan. Özün döyüşürdün, özün hazırlaşırdın. Bu gün isə mənim məsuliyyətim daha fərqlidir - həm gənclərin, həm də yeniyetmələrin yığmaları. İdmançı olduğun vaxt hansı formada olduğunu özün daha yaxşı anlayırsan. Komanda ilə işləmək isə tamam fərqlidir. Çünki hər gün onlarla məşq edirsən, hansının hansı formada olduğuna diqqət eləməlisən, kimin gücü nə yerdədir bilməlisən. O ki, qaldı rahat olmağıma, deyərdim ki, idmançı kimi daha rahat idim.

- Yenidən peşəkar idmana qayıtmaq istəsəniz, bunun üçün sizə nə qədər vaxt lazımdır?

- Mənim üçün peşəkar idmana qayıtmaq artıq çox gecdir. Həm aradan çox illər keçib, həm də yaş artıq özünü göstərir. Çünki doğrudan da 35 yaşda peşəkar idman çox çətindir. Düzdür, davamlı məşq etsəm, uzaqlaşmasam idmanla məşğul olardım. Amma indi çox çətindir.

- Taekvondoçularla münasibətləriniz necədir? Onlar problemlərini rahat şəkildə çatdıra bilirmi?

- Mən də bu posta gəlməmişdən öncə onlar kimi yığmanın bir üzvü idim. Təbii ki, problemlər olur. Biz də əlimizdən gələn köməkliyi edirik.

- Boş vaxtınız olanda döyüşə çıxırsız?

- Həftədə 3 dəfə yığma komandayla məşqlərə qatılıram. Təbii ki, bu məşq sağlamlıq üçündür. Onlarla indi döyüşə bilmərəm, mənim üçün çox çətindir. Çünki onlar peşəkara səviyyədə hazırlaşır, məşq edirlər.

- Zədə olmasa, davam edərdizmi?

- Elə idmandan getməyimə əsas səbəb zədəm idi. Elə oldu ki, idman şanssızlığı yaşadım, dizimdən 3 dəfə əməliyyat olundum. Bu da lisenziya almağıma mane oldu. Zədələr üst-üstə gəldi və davam etməyim mümkün olmadı.

- Taekvondo sizin üçün nə məna kəsb edir?

- Bilirsiniz ki, həyatda hər kəs yaşaya bilməsi üçün bir sahədən, bir yerdən tutur, o sahənin arxasınca gedir. Hamıya da məlumdur ki, idmançılar da bir yolu seçir – ya təhsil, ya idman. Mən də 13 yaşımdan bu idman növü ilə məşğulam. İlk idman növüm də taekvondodur. Bu idman növünü sevmişəm.

Deyərdim ki, mən yasamımı, həyatımı bu idman yolunda qurmuşam. Bu gün də qazandığı nailiyyətlər, yaşadığım həyat, demək olar ki, hər şeyi taekvondo sayəsində əldə etmişəm.

- Belə bir fikir formalaşıb, “Peşəkar idmana maddi durumu zəif ailələrin uşaqları gəlir, onunla şəraitini qurur” – Bu fikirlə razısız?

- Bu həqiqətdir. Bunu öz təcrübələrimizdə də görürük. İmkanlı ailələr uşaqlarına bu əziyyəti çəkməyə imkan vermir. Ancaq kasıb təbəqənin uşaqları bu əziyyəti çəkirlər. Çəkdikləri əziyyətlərin bəhrəsini də görürlər. İmkanlı ailələrin uşaqları rahat şəkildə evdən çıxırlar, ya əyləncə mərkəzlərində olurlar, səliqəli geyinib tədbirlərə getməyə can atırlar. Seçsələr də, əziyyətli idman növünü seçmirlər. İmkansız uşaqlar isə əksinə...

- Dünya və Avropa çempionu Niyaməddin Paşayev hansı ölkələrdə daha çox tanınır?

- Bu gün federasiya adına bir çox beynəlxalq turnirlərdə iştirak edirik. Getdiyimiz bir çox ölkələrdə məni dünya və Avropa çempionu Niyaməddin Paşayev kimi xatırlayırlar. Həmçinin federasiya nümayəndəsi kimi yaxşı tanıyırlar. Amma konkret ad çəkə bilməyəcəm.

- Taekvondoda boy önəm kəsb edir?

- Əvvəllər bir o qədər önəmli deyildi. Amma son vaxtlar- elektron jilet və kaskalara görə önəm kəsb edir. Əvvəl güc sayəsində xal alırdıq, indi isə düzgün taktika sayəsində.

- Bəs siz özünüzdən hündür rəqibə qarşı necə taktika işlədirdiniz?

- Mən döyüşən vaxtlarda bizdən hündür rəqib düşəndə daha asan olurdu. Bəstəboylar daha cəld olur, onlarla döyüş çətin olurdu.

- Hiylə, risk – bunlar idmanda nə qədər uğura apara bilər?

- Hər bir idmançı risk etməlidir, rəqibi “tələ”yə salmalıdır. Bunu edə bilməsə, istədiyi nəticəyə çata bilməz.

- Siz bunları etmisiniz?

- Bəli, vaxtilə mən də öz təcrübəmdən istifadə edərək, riskə də getmişəm, rəqibi “tələ”yə də salmışam.

- Qubadlını necə xatırlayırsınız?

- 1994-cü il avqustun 31-nə qədər Qubadlıda olmuşam. Orada gördüklərimin hamısı yadımdadır – havası, suyu, təbiəti. Ən çox da yay tətili maraqlı keçirdi.

- Uşaqlıqda harada daha çox olurdunuz?

- Yayda ən çox getdiyimiz, dincəldiyimiz yer Həkəri çayı idi. Orada toplaşırdıq, yayda vaxtımız orada çox gözəl keçirdi. Çayda üzürdük. Şəhərdən gələn qonaqların uşaqları ilə dostluqlar qururduq. İnanıram ki, bu hissləri yaşadığımız o günlərə yenidən qayıdacağıq.

- Orada çəkilmiş şəkilləriniz qalıbmı?

- Şəkillərim var, amma təəssüf ki, çox azdır. O vaxtlar fotoaparatlar bir o qədər yox idi, şəkil çəkdirmək şansımız çox deyildi.

- Aksesuarlarla aranız necədir? Deyəsən, saat həvəskarısınız?

- Aksesuar həvəskarı deyiləm. Amma bilmirəm bəlkə də vərdişdir, qolumda saat olmayanda dayana bilmirəm. Ümumilikdə 7 saatım var, onlardan ancaq birini mən almışam, qalanları hədiyyədir.

- Bəs maşın?

- Düzdür, hər kəs istəyir ki, yaxşı maşını olsun. Mən də... Amma mənim üçün maşın ən çox işimə yaraması üçün nəqliyyat vasitəsidir. İş üçün, digər işlərim üçün. Sürətlə qəti aram yoxdur.

- İdmançını nə poza bilər?

- Peşəkar bir idmançını düşdüyü mühit və dostlar poza bilər. İdmançının ətrafında yaxşı dostları olarsa, o idmançı istədiyi zirvəni fəth edə bilər. Çünki tək idmanla olmur, bu da vacib amildir. İdmançı da insandır, onun da həyatda başqa işləri ola bilər. Başqa problemlərlə qarşılaşa bilər. Yaxşı dostlar problemlərin böyüməsinə imkan vermir, həllinə çalışırlar.

- Deyəsən siz öz dostlarınızdan çox razısınız?

- Əlbəttə. Mən dostlarımın, məşqçimin, ailəmin, ətrafımın sayəsində bu uğurları qazanmışam. Təbii ki, bu uğurları təkbaşına əldə etməmişəm.

Ailəm də uğurum üçün mənimlə birlikdə əziyyət çəkiblər. Elə olub ki, çəki salanda mənə görə yemək bişirməyiblər, evdə yeməyiblər, ac qalıblar. Mənə aid yeməklər hazırlanıb. Eyni zamanda dostlarım... Bu nailiyyətlər üçün hər birinə borcluyam.

Aygün İlqarqızı

FOTOLAR: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm