Tarix "təkrarlanır": Supergüclər buna nə deyəcək? – Yunanıstan Türkiyəyə qarşı hərəkətə keçdi
Bizi izləyin

Müsahibə

Tarix "təkrarlanır": Supergüclər buna nə deyəcək? – Yunanıstan Türkiyəyə qarşı hərəkətə keçdi

Xəbər verdiyimiz kimi, Türkiyənin son vaxtlar Krit, Rodos və Kipr adalarının cənubunda neft və təbii qaz axtarışları üçün rəsmi sənəd almaq istəyi, buna görə aidiyyəti qurumlara müraciət ünvanlaması Yunanıstanı bərk narahat edib. Yunanıstan Türkiyənin Aralıq dənizində mövqeyini gücləndirməsindən təşvişə düşdüyünü dolayı yolla olsa da, büruzə verib. Bir neçə gün öncə Yunanıstanın Müdafiə naziri Nikos Panaqiotopoulos Türkiyə ilə qarşıdurmaya hazır olduqlarını dilə gətirib, Türkiyəni təxribat törətməkdə günahlandırdı. Türkiyə tərəfinin cavabı isə gecikmədi. Qardaş ölkənin Müdafiə naziri Hulusi Akar ordunun bütün vəzifələrə hazır olduğunu bəyan etdi. Nazir bunun kimisə təhdid etmək, yaxud kiməsə qarşı təxribat olmadığını dedi.

Məsələ ilə bağlı Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi Vüqar Zifəroğlunun mövqeyini öyrəndik.

Ekspert Publika.az-a müsahibəsində bildirdi ki, Yunanıstanın özünün real potensialını gözardı edərək Türkiyəyə müharibə elan etməsi sadəcə gülüncdür.

Müsahibəni təqdim edirik:

- Yunanıstan Türkiyəni təxribatçı adlandırmaqda nə dərəcə haqlıdır?

- Ümumiyyətlə, istər Aralıq dənizi, istərsə də Kipr adaları ilə bağlı Türkiyə və Yunanıstan arasında təxminən son 30 ildə həm diplomatik polemikaların, həm də lokal xarakterli qarşıdurmaların şahidi oluruq. Əslində yunan tərəfinin Türkiyəni hər hansı təxribatda günahlandırması gülüncdür. Çünki Türkiyənin özünün beynəlxalq hüquq müstəvisi baxımından məlum dəniz və adalar üzərində haqqı var. Türkiyə haqlı olaraq suveren və müstəqil ölkə kimi öz hüquqlarından istifadə etməyə çalışır.

- Bu haqq və hüquqlardan istifadə Yunanıstanın maraqları ilə nə qədər ziddiyət təşkil edir?

- Bu məqamda təbii ki, Yunanıstanın maraqlarına cavab vermir. Öncə bölgədə baş verən proseslərə nəzər yetirməliyik. Ələxsus da Liviyanı vurğulamaq istəyirəm. Çünki Liviya Aralıq dənizinə böyük bir çıxış deməkdir. Dənizdə olan təbii sərvətlərin istismarı ilə bağlı Türkiyənin Sərrac hökuməti ilə razılaşması var. Həmçinin sərhədlərin müəyyən bölgüsü ilə bağlı məsələlər də bura aiddir. Məhz bu müqavilədən sonra Yunanıstan və Türkiyə arasında ciddi gərginliyin yaşandığının şahidi olduq. Son 1 ayda Sərrac hökumətinin mövqelərini gücləndirməsi paralel olaraq Türkiyənin Liviyada mövqelərini gücləndirməsinə şərait yaratdı.

- Yunanıstanın son proseslərdəki iddialı açıqlamaları nə ilə bağlıdır?

- Yunanıstanın dəstək verdiyi Xəlifə Haftarın öz mövqelərindən ciddi şəkildə geri çəkilməsi onu yeni ssenarilər üzərində işləməyə məcbur edib. Liviyada baş verən proseslərin Yunanıstanın dənizlə bağlı verdiyi son bəyanatlarla birbaşa bağlılığı var.

- Tərəflər arasında müharibə ehtimalı varmı?

- Əslində biz ötən əsrdə Kipr adası uğrunda müharibənin şahidi olmuşuq. Artıq zaman dəyişib. 21-ci əsrdə yaşayırıq və Türkiyənin mövqeləri daha da güclənib. Yunanıstanın son dərəcə ciddi iqtisadi sıxıntıları meydana gəlib, iqtisadiyyatı demək olar ki, çökmüş vəziyyətdədir. Avropa İttifaqı səviyyəsində də bu, dəfələrlə müzakirə predmetinə çevrilib. Belə bir durumda və vəziyyətdə Yunanıstanın Türkiyəni hər hansı müharibə ilə təhdid etməsi gülüncdür. Yunanıstanın Türkiyəyə müharibə elan edəcək potensialı yoxdur. Nə iqtisadi, nə də hərbi nöqteyi-nəzərdən bu standartlara cavab vermir.

- Yunanıstanla Türkiyənin müharibə etməsi regiondakı supergüclərin marağındadırmı?

- Yunanıstanla Türkiyənin müharibə etməsi variantının özü bölgədə maraqlı olan süpergüclərin hədəfində deyil. Hər ikisi NATO ölkəsidir. Türkiyə son vaxtlar Yaxın Şərq səhnəsində aktiv rol oynayır və ciddi funksiyası var. Həmçinin Qərb ailəsinin üzvüdür. Bu baxımdan Türkiyə ilə Avropa ölkələri və ya ABŞ-ın münasibətləri zaman-zaman gərginləşsə belə, Türkiyə hər zaman Yaxın Şərqdə mövqeləri güclənən Rusiya və İrana qarşı ən ideal alternativ olaraq qiymətləndirilir. Belə bir məqamda Türkiyə və Yunanıstan qarşıdurmasının yaşanması təkcə Aralıq hövzəsinə deyil, həm də Yaxın Şərqə ciddi təsirlərini göstərə bilər ki, Qərb də bu riski gözə almaz. Zənnimcə, müharibə istisnadır və reallığı çox aşağıdır. Ancaq dəniz üzərindən müəyyən kiçik konfliktlərin, diplomatik atışmaların, lokal toqquşmaların yaşanmasına şahid ola bilərik. Son 20-30 il ərzində Yunanıstan və Türkiyə gəmiləri arasında bu qarşıdurmaların onsuz da şahidi olmuşuq. Ancaq bu, hər hansı irihəcmli hərbi əməliyyatların başlanmasına əsas verməyəcək.



Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm