Almaniya Fransadan dərs götürəcək - Vüqar İskəndərov
Bizi izləyin

Müsahibə

Almaniya Fransadan dərs götürəcək - Vüqar İskəndərov

Son günlər Almaniyada ölkəmizə qarşı qarayaxma kampaniyalarına start verilib. Özü də bu proseslər 44 günlük müharibədə Azərbaycanın qələbəsindən sonra daha da aktuallaşdı. Üstəlik, Almaniyanın Bakıdakı səfiri də şanlı qələbəmizi isti qarşılamadı.

Görünən odur ki, bu ölkədəki bəzi qüvvələr ya öz maraqlarını rəsmi Bakıya diktə etməyə çalışır, ya da Almaniyadakı erməni lobbisinin təsiri altında hərəkət edirlər. Son həftələrdə özünü “demokratiya carçısı” kimi qələmə verən, “süddən çıxmış ağ qaşıq” kimi təqdim edən Almaniyanın hədəfi təkcə Azərbaycan deyil. Berlinin “qarayaxmaçıları” qardaş ölkə Türkiyəni də özlərinin “hədəf taxtası”na qoyub.

Millət vəkili Vüqar İskəndərov Publika.az-a müsahibəsində Almaniyada ölkəmizə qarşı aparılan şər və ləkələmə kampaniyasından danışıb. Müsahibəni təqdim edirik:

- Vüqar müəllim, 44 günlük müharibədəki qələbəmizdən sonra Almaniyada Azərbaycana qarşı baş verənləri necə qiymətləndirirsiniz?

- Əvvəla onu qeyd edim ki, Almaniya 44 günlük müharibə dövründə də özünü qeyri-adekvat aparırdı. Əslinə qalsa, Vətən müharibəsindən əvvəlki dövrdə Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirdi. Ermənistan tərəfindən işğal edilmiş torpaqların Azərbaycana məxsus olduğunu bildirirdi. Bu, rəsmi Berlinin mövqeyi idi. Biz gözləyirdik ki, 44 günlük müharibənin gedişi dövründə Almaniya yenə də həmin mövqeyində qalacaq. Beynəlxalq təşkilatların aparıcı üzvü kimi beynəlxalq hüquq çərçivəsində bizim mövqeyimizi müdafiə edəcəyini düşünürdük. Amma biz müharibə dövründə bunu görmədik. Əksinə, Almaniyanın buradakı səfirinin mövqeyi, eləcə də bu ölkənin Xarici İşlər nazirinin anlaşılmaz fikirləri və yanaşması bizdə çox təəssüf doğurur.

- Almaniya deyəsən təkcə Azərbaycanı hədəf almayıb...

- Son dövrlər biz görürük ki, Almaniyada Azərbaycana, eləcə də Türkiyəyə qarşı qara kampaniyaya start verilib. Bu, daha çox təşkil olunmuş bir kampaniyaya bənzəyir. Mən əminəm ki, belədir. Bu, kənar və bizi istəməyən qüvvələr tərəfindən idarə olunan bir məsələdir. Çox təəssüf ki, biz gözlədiyimiz alman dəqiqliyinin və dürüstlüyünün şahidi olmuruq. Təəssüflə qeyd etmək lazımdır ki, indiki Almaniyanın özündə demokratiya, insan və söz azadlıqları ilə bağlı ciddi problemlər var.

- Avropanın aparıcı ölkəsində bu istiqamətdə nə kimi problemlər var? Burada müəyyən fobiya əlamətləri də ola bilərmi?

- Bu gün “Amnesty International” təşkilatının Almaniya üzrə hesabatında qeyd olunur ki, ən çox məhkəmə şikayətləri Avropa üzrə Almaniyadan gedir. Burada əsas nüanslar insan hüquq və azadlıqlarının tapdanmasıdır. Həmin sənədlərdə qeyd olunur ki, alman polisi insanlara qarşı özünü çox aqressiv aparır. Almaniyada digər dinlərə dözümsüzlük mövcuddur. Burada əsasən islamofobiya və türkofobiya əlamətləri görünür. Bu, artan sürətlə gedir. Əlbəttə, bu, demokratiyadan dəm vuran bir ölkə üçün heç də arzuolunan deyil. Almaniya Fransa ilə birgə Avropanın lider ölkəsidir. Bu iki coğrafi qonşu Azərbaycana qarşı münasibətdə eyni xətdə olduğunu göstərir. Bu da təəssüf doğurur. Azərbaycan cəmiyyəti də bu kimi hallara təəssüflənir.

- Almaniya faşist ideologiyasının yolunu tutan İrəvanı dəstəkləməklə bəlkə babalarının ənənəsini qorumağa cəhd edir?

- Biz indiki Almaniyanın o zamankı babalarının miraslarına qayıtmasını arzulamırıq. O mənada ki, Ermənistan kimi faşizm ideologiyasına dəstək verən, bu ideologiyanı özündə hər mənada ehtiva edən bir ölkəni dəstəkləsinlər. Bu, Almaniyanın özü üçün də çox biabırçı bir vəziyyət ola bilər. Biz bunu qəti şəkildə arzulamırıq və arzuolunan da deyil. Fransa da bir zamanlar başlayan qara kampaniyalara, hay-küyə ara verdi. Parlamentin biabırçı qərarları Xarici İşlər Nazirliyi, yəni dövlət səviyyəsində inkar olundu. Bunun Fransa dövlətinin rəsmi mövqeyi olmadığını bildirdilər. Bu gün Fransa Azərbaycanla əməkdaşlıqdan dəm vurur. Azərbaycan və Türkiyəni strateji əlaqələrdə partnyor, tərəfdaş adlandırır. Mən əminəm ki, Almaniya da bu xətti tutacaq. Vaxtında səhv yolda olduğunu anlayacaq. Çünki Azərbaycanın yolu haqq yoludur.

- Almaniya mediasında bir sıra hallarda 44 günlük müharibədən bəhs olunarkən Ermənistana təəssübkeşlik elementləri də sezilir. Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə hansı qanunlara zidd addım atıb ki?

- Azərbaycan beynəlxalq hüquqa, onun prinsiplərinə sadiq ölkədir. Heç vaxt da bunu pozmayıb. Əksinə, bu gün Azərbaycan regionda, bölgədə beynəlxalq hüququn aliliyini bərpa edib. İllər boyu demək olar ki, dünyanın bütün ölkələri, aparıcı beynəlxalq təşkilatları tərəfindən qəbul olunmuş qaydalarda, qanunlarda, sənədlərdə Azərbaycanın ərazi bütövlüyü hər zaman dəstəklənib. Dünyanın aparıcı çoxluğu tərəfindən işğal olunmuş ərazilər Azərbaycanın tərkib hissəsi kimi göstərilib. İndi bizim işğaldan azad etdiyimiz şəhər və rayonlar qəbul olunmuş beynəlxalq sənədlərdə Azərbaycan əraziləri kimi göstərilib. Ermənistan ordusunun həmin ərazilərdən dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edib. 27 il gözlədikdən sonra Azərbaycan özü bu ədaləti bərpa edib və ölkəmizin işğal olunan ərazilər üzərində suverenliyi təmin olunub. Biz gözləyirik ki, bu məsələdə Almaniya hökuməti, Almaniya mediası, qarayaxma kampaniyasını sifariş verənlər öz əməllərindən geri çəkiləcək. Avropanın bir neçə ölkəsi var ki, Azərbaycanın haqq səsini dəstəkləyib və dəstəkləyir. Gözləyirik ki, Almaniya da onların sırasında olacaq.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm