İran və ABŞ arasında əlaqə belə yaradılır: Əsas hədəf Xameneini qorumaqdır
Bizi izləyin

Yaxın Şərq

İran və ABŞ arasında əlaqə belə yaradılır: Əsas hədəf Xameneini qorumaqdır

İran və ABŞ arasında əlaqə belə yaradılır: Əsas hədəf Xameneini qorumaqdır

ABŞ və İran arasında davam edən təmaslar mürəkkəb diplomatik kanallar vasitəsilə həyata keçirilir.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi ABŞ rəsmiləri, analitiklər və məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Vaşinqton və Tehran arasında mesaj mübadiləsi İranın ali lideri Müctəba Xameneinin yerləşdiyi məkanın məxfi saxlanılması məqsədilə əsasən kuryerlər vasitəsilə həyata keçirilir.

Mənbələrin sözlərinə görə, tərəflər arasındakı ünsiyyət klassik danışıqlardan daha çox vaxt aparan və çətin koordinasiya tələb edən prosesə bənzəyir. Belə ki, bir mesajın qarşı tərəfə çatdırılması bəzən bir neçə gün çəkir.

Qeyd olunur ki, müharibə şəraitində İranda internet bağlantısının qeyri-sabit olması vəziyyəti daha da çətinləşdirib. Hətta bəzi hallarda "WhatsApp" vasitəsilə göndərilən mesajların ünvanına çatması 48 saata qədər vaxt alıb.

Məlumata görə, ABŞ-dan göndərilən mesajlar əvvəlcə Pakistan rəsmilərinə çatdırılır, daha sonra isə onlar telefon danışıqları və şəxsi görüşlər vasitəsilə məlumatları Tehrana ötürürlər.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksəkvəzifəli nümayəndələrindən biri bildirib ki, Vaşinqton İranın bütün tələblərini qəbul etsə belə, yekun sazişin imzalanması üçün ən azı beş gün lazım olacaq.

Mənbələr həmçinin qeyd ediblər ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff İranın xarici işlər naziri Abbas Əraqçi ilə birbaşa əlaqə kanalını qoruyub saxlayır və Vaşinqton bu kanaldan tez-tez istifadə edir.

"Bloomberg"in məlumatına görə, danışıqların ləng getməsindən narazı olan BƏƏ də müharibənin başlanmasından sonra ilk dəfə İran nümayəndələri ilə birbaşa görüş keçirmək qərarına gəlib. Bildirilir ki, bu həftə BƏƏ və İranın milli təhlükəsizlik qurumlarının rəsmiləri gərginliyin azaldılması məqsədilə üzbəüz görüş keçiriblər.

Xatırladaq ki, ABŞ və İsrailin hücumlarından, eləcə də ölkə rəhbərliyinə qarşı həyata keçirilən diversiyalardan sonra İran hakimiyyəti təhlükəsizlik səbəbilə xarici saytlar və messencerlərə çıxışı məhdudlaşdırıb. Bununla belə, agentliyin məlumatına əsasən, çərşənbə axşamı Tehranda beynəlxalq internetə çıxış qismən bərpa olunub.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm