Metro saat 2-yə kimi işləyəcək - FOTO
Bizi izləyin

Nəqliyyat

Metro saat 2-yə kimi işləyəcək - FOTO

Metro saat 2-yə kimi işləyəcək - FOTO

Bu gün “Bakı Metropoliteni” gecə saat 2-yə kimi işləyəcək.

Bu barədə Publika.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, Bakı Metropoliteni İslam Oyunları müddətində gücləndirilmiş iş rejimində çalışacaq.

“ Metropoliten açılış və bağlanış mərasimlərinin keçiriləcəyi günlər gecə saat 2-yə, qalan günlər isə saat 1-ə qədər sərnişinləri mənzil başına çatdıracaq. Sərnişin axınından asılı olaraq, bu qrafik uzadıla da bilər.Bakı Olimpiya Stadionunda təşkil olunacaq açılış və bağlanış mərasimləri, həmçinin yarış günlərində sərnişin axınının mümkün istiqamətləri təhlil edilərək, qatarların metropolitendə xüsusi hərəkət qrafiki hazırlanıb.
Açılış və bağlanış mərasimləri müddətində sərnişin rahatlığı və təhlükəsizliyi ilə bağlı xüsusi addımlar atılıb. Hər iki mərasim başa çatdıqdan sonra qatarların hərəkət cədvəli metropolitendə gur saatlarda tətbiq edilən hərəkət qrafikinə uyğun olacaq. Qrafikə uyğun olaraq, stansiyada qatarların hərəkət intervalı 2 dəqiqəyə bərabər olacaq. Lakin zərurət yaranarsa, ehtiyat qatarların da xəttə buraxılması nəzərdə tutulub. Bu isə qatarların sayının artırılaraq, intervalın bir qədər də azaldılmasına və sərnişinlərin daşınma rahatlığının və təhlükəsizliyinin optimal həddə çatdırılmasına imkan verəcək. Hər iki mərasimin başa çatdığı vaxt metropolitendə sərnişin axınının miqyası, qatarların sərnişin tutumu imkanları, xüsusi gücləndirilmiş iş rejimi şəraitində stansiyanın sərnişin-buraxıcılıq qabiliiyyəti nəzərə alınmaqla, metropolitenin bu işin öhdəsindən layiqincə gələcəyi şübhə doğurmur”.

N.Paşayev onu da bildirib ki, müvafiq dövlət strukturları, eləcə də "Bakı-2017" İslam Oyunlarının Əməliyyat Komitəsi ilə razılaşdırılmış qaydada, açılış və bağlanış mərasimlərindən sonra sərnişinlərin Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən "Koroğlu" stansiyasına giriş-çıxışın tənzimlənməsində də yenilik var.

“Mərasimlərdən sonra sərnişinlərin stansiyaya "Alov" parkı istiqamətindən daxil olacağını nəzərə alaraq, burada birtərəfli gediş təşkil ediləcək və bu səmtə doğru sərnişin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Bu, «Alov» parkına doğru keçiddən istifadə etmək istəyən sərnişinlərin təhlükəsizliyi məqsədilə atılmış addımdır. "Alov" parkına doğru keçmək istəyən sərnişinlər stansiya yaxınlığında yerləşən "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzindən şəhər istiqamətində hərəkət edən avtobusların xidmətindən istifadə edib əks tərəfə keçə biləcəklər. Qalan bütün istiqamətlərdə sərnişinlərin stansiyaya giriş-çıxışı, həmçinin keçidlərdən istifadəsinə heç bir məhdudiyyət qoyulmayacaq.
Onu da əlavə edək ki, açılış və bağlanış günlərində bileti olan sərnişinlərin, həmçinin akkreditə olunmuş şəxslərin stansiyadan pulsuz istifadə etməsində, sərnişinlərin mərasimlərdən sonra stansiyaya daxil olmasında hər hansı problem müşahidə olunmayacaq”.

N.Paşayevin sözlərinə görə, tədbirlər planına uyğun olaraq, "Koroğlu" stansiyasında operativ qərargah fəaliyyət göstərməyə başlayıb. Buradan əməliyyat-qrafik üzrə tədbirlərin yerinə yetirilməsi, hərəkətin tənzimlənməsi və digər vacib qərarların verilməsinin təmin edilməsi üçün müvafiq şərait yaradılıb. Stansiyada tibb məntəqəsinin və digər müvafiq strukturların fəaliyyəti üçün lazımi imkanlar yaradılıb.
Həmçinin digər stansiyalarda da gücləndirilmiş iş rejimi qaydasında metropolitenin müvafiq rəhbər, mütəxəssis və işçi heyətindən ibarət operativ mərkəzlər fəaliyyət göstərəcək və onların fəaliyyəti əsas qərargahdan idarə olunacaq. "Koroğlu" stansiyası ilə yanaşı, Bakı Olimpiya Stadionundan hərəkət edəcək yerüstü ictimai nəqliyyatın mübadilə mərkəzləri kimi seçilmiş "Qara Qarayev", "Gənclik" və "Sahil" stansiyalarında hərəkətin təşkil edilməsi üzrə təcrübəli mütəxəssislər də daxil olmaqla, xüsusi mərkəzlər fəaliyyətdə olacaq. Çünki həmin istiqamətlərdə də hərəkət edən sərnişinlərin böyük əksəriyyəti potensial olaraq, yenidən metropolitenin xidmətindən istifadə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm