Nəqliyyat
Pandemiyanın ön cəbhəsindəki nəqliyyat - Bakının yükünü daşıyanlar - ARAŞDIRMA
Artıq dünyanı bürüyən COVİD-19 pandemiyasının 5-ci ayını yaşayırıq. Şübhəsiz ki, pandemiya ölkəmizdə də həyatın axarına ciddi təsir göstərməkdədir və yaranmış vəziyyətdən ən çox təsirlənən sahələrdən biri də nəqliyyat sektoru, xüsusilə ictimai nəqliyyatdır.
COVİD-19-un yayıldığı ilk gündən virusla mübarizənin mərkəzində olan ictimai nəqliyyat – avtobusla sərnişindaşıma sahəsi hazırda ölkəmizdə koronavirusun ən çox yayıldığı ərazi olan Bakı şəhərində əhaliyə xidmətini davam etdirməkdədir. Bakı Nəqliyyat Agenliyinin təşkilatçılığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi norma və qaydalar çərçivəsində həyata keçirilən sərnişindaşıma fəaliyyəti bu sahədə çalışanların yoluxma riskinə və daşınan sərnişinlərin sayının azalması səbəbindən rentabelsizliyin yaranmasına baxmayaraq fəaliyyətini davam etdirir.
Spirt qabları, şəffaf arakəsmələr, səsli elanlar
Koronavirus pandemiyasının dünyanı qəfil yaxalaması virusa yoluxanlarının sayının sürətlə artmaması üçün operativ həll yollarının tapılmasını, qabaqlayıcı tədbirləri görülməsini vacib edirdi. Bu baxımdan insanların sıx cəmləşdiyi ictimai nəqliyyatla bağlı vaxt itirmədən yeniliklərin tətbiqi qaçılmaz idi. Doğrudur, ölkədə İctimai nəqliyyatda koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib təqdim edilməsi may ayının 2-də baş tutsa da, artıq mart ayından ictimai nəqliyyatda bir sıra vacib yeniliklər tətbiq edilməyə başlamışdı.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, COVID-19 infeksiyasının insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə toxunduqdan sonra əlləri ağız boşluğu, gözlərə, buruna və s. toxunduqda ötürülməsi səbəbindən mart ayından etibarən Bakıda müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün daşıyıcılar qarşısında tələblər qoyulub. Belə ki, txminən 2000 ədəd avtobusda spirt qabları quraşdırılıb. Minimum 70 faiz etil spirti tərkibli məhlulun olduğu qablar avtobuslarda sərnişinlərin rahat istifadə edə biləcəyi yerlərə quraşdırılıb. Həmçinin 1400-ə qədər avtobusda (digərlərində zavod istehsalı arakəsmə mövcuddur) sərnişin – sürücü təmasını minimuma endirmək məqsədilə şəffaf arakəsmələr quraşdırılıb. Sürücü kabinası formasında quraşdırılmış arakəsmə hər gün yüzlərlə insanla ünsiyyətdə olan sürücülərin təhlükəsizliyinin təmin edilməsi və onların yoluxdurma ehtimalının minimuma endirilməsi baxımından əhəmiyyətlidir.
Bundan başqa hər reysin tamamında avtobusun salonunun havasının dəyişdirilməsi, tutacaq və salon turbalarının dezinfeksiya edilməsi də BNA-nın nəzarəti altında təmin edilir. Eyni zamanda əvvəlcədən tərtib edilmiş qrafikə əsasən avtobusların qaraj şəraitində mütəmadi olaraq tam dezinfeksiya edilməsi, avtobusların həm salonunda, həm də xarici səthində məlumatlandırıcı lövhələrin yapışdırılması həyata keçirilib. Müasir standartlara cavab verən iritutumlu avtobuslarda (Bakubus MMC və Xaliq Faiqoğlu MMC) daimi səsli elanların verilməsini də qeyd etmək olar. İyunun 1-dən etibarən marşrut avtobuslarına maskasız sərnişinlərin buraxılmaması da insanların nisbətən sıx olduğu avtobuslarda yoluxmanın minimallaşması istiqamətində atılmış növbəti addım oldu.
Metro əvəzinə avtobus
Nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirir ki, bu günədək sərnişinlərə lazım olan bütün çağırışlar edilib və indi əsas məsuliyyət vətəndaşların və sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlərin və bu sahəyə nəzarət edən dövlət qurumlarının üzərinə düşür: "Virusdan qorunmağın ən doğru yollarından biri insanlar arasında məsafə saxlanılması, vətəndaşların bir yerdə cəm olunmasının, bir-biri ilə təmas imkanlarının maksimum azaldılmasıdır. Respirator virusların, eləcə də koronavirusun əsas yayıldığı yerlərdən biri də ictimai nəqliyyatdır. Buna görə də tunel şəraitində fəaliyyət göstərən, havalandırma sistemi öz spesifik xüsusiyyətləri ilə fərqlənən metronun bağlanmasını çox təqdirəlayiq hal kimi qəbul etmək olar. Bəzi xarici ölkələrdə də pandemiyanın daha da vüsət almaması üçün dərhal metronun işinə fasilə verildi. Bir çox şəxslər koronavirus dövründə əmək və ictimai fəaliyyətlərinin davam etdirmək məcburiyyətindədir və onların əksəriyyətinin şəxsi avtomobili yoxdur. Onlar işə və digər yerlərə gedərkən avtobuslardan istifadə edirlər. Bu insanların da təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtobuslarda bir sıra tədbirlər həyata keçirilib. Bəzi marşrutlarda əhalinin nəzarətedici şəxslər tərəfindən yoxlanılması hallarını müşahidə etmişəm. Avtobuslarda insanların yanaşı oturması ilə bağlı normativlər gözlənilməlidir. Bəzi hallarda buna riayət edilmir. Amma nəzarətedici orqanlar yenə də sürücülərə bununla bağlı tövsiyələrini verirlər”.
Azərbaycanda koronavirusun yayılmağa başladığı ilk vaxtlar tətbiq edilən əsas məhdudlaşdırıcı tədbirlərdən biri də Bakı Metropoliteninin fəaliyyətini dayandırması oldu. Bununla bağlı şəhərdə sərnişinlər arasında xaosun yaşanmaması məqsədilə ekspress marşrut xətləri təşkil edildi. M1, M2, M3, M4, M5, M6 və M7 saylı bu marşrut xətləri üzrə təxminən 120 ədəd avtobus metro stansiyaları arasında səhər saatlarından gecəyədək hərəkət etməklə insanları daşımağı öz öhdəsinə götürdü. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq insanların gediş kartlarına rahat pul yükləməsini təmin etmək məqsədilə daha sonra “Bakı Nəqliyyat Agentliyi, Bakı Metropoliteni QSC, “BakıKart” və MilliÖn şirkətlərinin rəhbər şəxsləri arasında video-konfrans formatında görüş keçirilib. Müzakirlərin yekunu olaraq sərnişin tələbatı çox olan metrostansiyalarının vestibüllərinin yalnız ödəmə terminallarından istifadə üçün açılmasına qərar verilib.
Qərara alınıb ki, iyulun 15-dən etibarən səhər və axşam pik saatlarında daha çox sərnişin tələbatı olan istiqamətlərdə metronun bəzi stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açılıb.
Qrafikə əsasən saat 06:30-dan 12:00-a qədər “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, “Azadlıq”, “20 Yanvar” stansiyalarının metroları, saat 16:00-dan 20:30-a qədər isə “20 Yanvar”, “Nizami”, “Gənclik”, “N.Nərimanov” stansiyalarının vestibülləri yalnız ödəmə terminallarında istifadə üçün açılır.
Gəlir də yoxdur, işini itirən də
Apardığımız araşdırma zamanı o da məlum oldu ki, karantin dövründə ictimai nəqliyyat sahəsində çalışanlar işlərini itirməyiblər. Doğrudur, mart ayından etibarən bütün daşıyıcı şirkətlərin yığımları kəskin azalıb, lakin bununla belə şirkətlərdə ixtisar qeydə alınmayıb. Dövlət tərəfindən bu sahənin zərərçəkmiş sahələrin siyahısına salınması və onların kredit borclarnın bir hissəsinin subsidiyalaşdırılması, həmçinin güzəştli kredit götürmək imkanının yaradılması özəl şirkətlərin də işini rahat təşkil etməsinə zəmin yaradıb.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirir ki, “BakuBus” MMC-də heç bir sürücünün işdən çıxarılması və ya əmək haqqının azaldılması baş verməyib: “Digər daşıyıcı şirkətlərə də keçirilən videokonfranslar zamanı işçiləri ixtisar etməmək və əmək haqqını azaltmamaqla bağlı tövsiyələr vermişik. Sürücülər tərəfindən də bizə işdən azad edilmə və ya əmək haqqının azaldılması ilə bağlı şikayət daxil olmayıb”.
Bakı şəhərində sərnişindaşıma sahəsində böyük təcrübəsi olan və 14 marşrut xətti üzrə 250-yə yaxın avtobusu ilə hər gün 300 minə qədər sərnişinə xidmət göstərən “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov mövzu ilə bağlı bildirib ki, rəhbəri olduğu şirkətdə də, işçilərin ixtisarı məsələsi gündəmə gəlməyib: “Bu ilin mart ayından etibarən vüsət alan koronavirus pandemiyası bir çox həyati əhəmiyyətli sahələr kimi bizim qarşımızda da kifayət qədər ağır və məsuliyyətli vəzifələr qoydu. Elə həmin vaxtdan Bakı Nəqliyyat Agentliyinin (BNA) müvafiq struktur bölmələrinin nəzarəti altında ictimai nəqliyyatın tənzimənməsi istiqamətində fasiləsiz fəaliyyət göstəririk. Bakı Nəqliyyat Agentliyi tərəfindən pandemiya dövründə ictimai nəqliyyatın işinin mövcud çağırışlara uyğun qurulması, tibb işçilərinin təhlükəsiz daşınması, ekspress xətlərin nəqliyyat vasitələri ilə təmin edilməsi istiqamətində verilən tapşırıqlar yüksək səviyyədə icra edilir. Həmçinin ictimai nəqliyyat dövlət tərəfindən pandemiyadan zərər çəkən sahələrin siyahısına salınıb. Bunun bariz nümunəsi kimi pandemiya dövründə gün ərzində daşınan sərnişin sayının kəskin azalmasını göstərə bilərəm. Məsələn, statistik olaraq bu azalma 70 faiz civarındadır. Bununla belə “Xaliq Faiqoğlu” şirkəti tənzimləyici orqan olan Bakı Nəqliyyat Agentliyinin təlimatları və müəyyənləşdirdiyi qaydalar çərçivəsində fəaliyyətini daha da gücləndirib. Onu qeyd etmək kifayət edər ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı Metropoliteninin fəaliyyətinin dayandırıldığı dövrlərdə təşkil edilən tədbirlərə, eləcə də ekspress xəttlərə, hər gün tibbi heyətlərin daşınmasına və ehtiyat nəqliyyat vasitələrinin formalaşdırılmasına tərəfimizdən 4 ay ərzində 1837 avtobus ayırılıb və şirkət tərəfindən bu dəstək hal-hazırda da davam etdirilir”.
Sürücü: İnsanlar məsuliyyətlərini dərk etməyə başlayıb
20 ilə yaxındır 65 saylı marşrut xəttində sürücü işləyən, 2 hərbçi atası Əlibaba Qarayev isə bildirir ki, son vaxtlar sərnişinlər arasında virusdan qorunmaqla bağlı davranışlarda inkişaf müşahidə edilir: “Son bir ayda insanların koronavirusa yanaşması fərqlənir. Görününr yoluxmanın artması səbəbindən və çağırışlardan sonar bunu daha ciddi qəbul etməyə başlayıblar və insanlar məsuliyyətlərini dərk etməyə başlayıb. Bəzən elə olur ki, sərnişinlərdən biri avtobusda kaskasını çıxaranda digər sərnişinlər ona irad bildirir. Bu bizim işimizi müəyyən qədər asanlaşdırır”.
Sürücünün bildirdiyinə görə, bütün sürücü heyəti koronavirus testi verib: “Bir sürücünün yoluxması digər şəxslərdən fərqli olaraq onun daha çox insana virus ötürməsinə səbəb ola bilər. Buna görə də bizi test etdilər və çox şükür ki, nəticəsi pozitiv olan sürücü olmadı. Bu işi təşkil edən, sürücülərin səhhətini nəzarətdə saxlayan bütün qurumlara təşəkkür edirəm”.
Pandemiya dövründə alışmadığımız iş normaları, yaranmış qeyri-adekvat vəziyyətin idarə edilməsi əlbəttə asan deyil. Bu baxımdan tənzimləyici orqanların prosesləri insanların rahatlığının və təhlükəsizliyinin təmin edilməklə idarə etməsi çox vacibdir. Bir sıra özəl şirkətlərin dövlətə dəstək verməsi də pandemiya şəraitində əhəmiyyətini göstərdi. Belə ki, bir sıra özəl daşıyıcılar ilk dövrlərdən hava limanlarına xaricdən gətirilən hmvətənlərimizin xüsusi ayrılmış yerlərə və ölkəmizin rayonlarındakı otel və xəstəxanalara daşınmasına verdiyi nəqliyyat dəstəyi də əvəzsizdir. Belə ki, məhz hava limanlarından və ölkəmizin rayonlarına karantinaə alınan insanların daşınması, həmçinin Bakı şəhərindəki müxtəlif xəstəxanaların tibbi heyətinin gündəlik olaraq daşınması dövlət sektoru ilə yanaşı özəl sahibkarlıq subyektlərinin də sosial məsuliyyətidir. Bu baxımdan özəl sestor – dövlət işbirliyi mövcud pandemiya şəraitində özünü ən yüksək səviyyədə göstərərək qarşılqlı inamı sübut etdi.
Qarşıdakı dövrdə də virusa yoluxma hallarının başa çatması istiqamətində aparılan tədbirlərin yekununda məhz bu özəl sektor-dövlət işbirliyinin qalib gəlməsini ümid edirik.
Nizam Rza
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI