Onlar Prezidentin bu mesajlarından nəticə çıxarmasa... - Nəsirov
Bizi izləyin

Nida.az

Onlar Prezidentin bu mesajlarından nəticə çıxarmasa... - Nəsirov

“Ölkə başçısı İlham Əliyev Azərbaycanda fəaliyyət göstərən bir sıra yerli telekanala geniş, əhatəli bir müsahibə verib. Həmin müsahibədə Prezidentin diqqət mərkəzində saxladığı məsələlərdən biri də ölkəmizdə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə prosesi, onun nəticələri, perspektivləri ilə bağlıdır. Dövlət başçısı xüsusi olaraq vurğuladı ki, ölkəmizdə rüşvətxorluq və korrupsiya ilə mübarizə ardıcıl şəkildə həyata keçirilməkdədir. Cənab Prezident xüsusilə məmurları vəzifələrə təyin edərkən onlarla görüşlər zamanı əsas xəbərdarlığı bu kimi neqativ məsələlərlə bağlı olur. Yəni, məmurlar işlədiyi yerlərdə rüşvətə və korrupsiyaya qarşı amansız mövqedə dayansınlar. Ona qarşı çox kəskin və ciddi mübarizə aparsınlar. Ölkə Prezidenti onu da vurğuladı ki, bizim sözümüzlə əməlimiz üst-üstə düşür. Yəni, biz bunları söyləyirik və xəbərdarlıq edirik, kimlər nəticə çıxarmırsa, onlar cəzalanırlar”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Millət vəkili bildirib ki, bu gün dövlət məmurlarının rüşvət və korrupsiya hallarına görə həbs edildiyi, onların qanun qarşısında cavab verdiyi, mühakimə olunduqları hər kəsə bəllidir:

“Digər məmurlar da bundan nəticə çıxarmalıdır. Prezident kadr seçimi məsələlərinə də xüsusi diqqət yetirilməli olduğunu vurğuladı. Ölkəmizdə kadr islahatları aparılan islahatların mühüm tərkib hissəsi kimi reallaşdırılmaqdadır. Bütün sferalarda, xüsusilə Prezident Administrasiyasında, Milli Məclisdə, nazirliklərdə, yerli icra hakimiyyəti orqanlarında ciddi kadr islahatları həyata keçirilir. Yeni insanlar vəzifələrə təyin olunur. Cənab Prezident bununla bağlı çox incə bir məqama diqqət çəkdi. O qeyd etdi ki, yeni kadrların içərisində bəzən elə hallara rast gəlinir ki, onlar bir müddət verilən tapşırıqları lazımi səviyyədə yerinə yetirirlər. Rüşvətdən, korrupsiyadan uzaq olurlar. Amma müəyyən zaman keçdikdən sonra köhnə, klassik üsluba qayıdırlar. Bu, yolverilməzdir. Prezident bu kontekstdə ictimai nəzarətin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etdi. İnsanlar bu cür neqativ hallara biganə qalmamalıdırlar”.

Deputatın fikrincə, bu baxımdan ictimai nəzarətin institusionallaşmasına da böyük ehtiyac var:

“Ölkəmizin rəhbəri xüsusən bu məsələdə medianın üzərinə böyük məsuliyyət düşdüyünü vurğuladı. Prezident onu da qeyd etdi ki, bir sıra hallarda korrupsiya halları ilə bağlı məlumatları mediadan alır. Bu informasiyalar alındıqdan sonra lazımi ölçülər götürülür. Həmin şəxslər qanun qarşısında məsuliyyət daşıyırlar. Bu baxımdan cənab Prezident həm ictimai nəzarətin, həm də medianın gücləndirilməsinin vacibliyini önə çəkdi. Ölkə başçısı vurğuladı ki, bu baxımdan hər sahədə ASAN xidmət modelinin tətbiqinə ehtiyac var. Yəni, elə etmək lazımdır ki, vətəndaş-məmur təmasları minimuma enmiş olsun. Bütün sferalarda bu modelin tətbiqi bizim üçün önəmlidir. Hesab etmək olar ki, Prezident İlham Əliyevin Azərbaycanın televiziya kanallarına verdiyi müsahibəsi ölkəmizdə rüşvətxorluq və korrupsiyaya qarşı mübarizənin bundan sonra daha da gücləndiriləcəyi ilə bağlı mesajıdır. Eyni zamanda, yeni təyin edilmiş məmurların məsuliyyətli olmaları üçün çağırışdır ki, onlar özlərini yığışdırsınlar. Yəni, onlar sələfləri kimi davranmasınlar. Çünki onlar dəmir barmaqlıqlar arasında qala bilərlər. Prezident məmurlara bu qədər aydın mesajlar ünvanladı. Yəni, xalqa ləyaqətlə xidmət etsinlər. Belə olan təqdirdə onları öz karyeralarında daha böyük yüksəliş gözləyir. Vaxtilə dövlətə və dövlətçiliyə xidmət göstərənlər də düşünməsinlər ki, onlar toxunulmazdır. Heç kəs köhnə xidmətlərinə görə cəzadan kənarda qalmayacaq. Bunu məmurlarımız bilsinlər və eşitsinlər. Cənab Prezident bu qədər açıq şəkildə öz prinsipial və qətiyyətli mövqeyini ifadə etdi. Hesab edirəm ki, perspektivdə rüşvətxorluq və korrupsiyaya qarşı mübarizədə yeni müstəviyə keçiləcək. Bu istiqamətdə fəaliyyət daha da dərinləşəcək”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm