Bu, düşünülmüş strateji addımdır - Rəy
Bizi izləyin

Nida.az

Bu, düşünülmüş strateji addımdır - Rəy

“Gəncə terroru qurbanlarının xatirəsinin əbədiləşdirilməsi ilə bağlı memorial kompleksin təməlinin cənab Prezident tərəfindən atılması olduqca əhəmiyyətli bir hadisədir. Bu, həm bu günümüz, həm də gələcəyimiz üçün çox vacibdir. Gəncə Memorial Kompleksinin siyasi əhəmiyyəti olduqca böyükdür”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkili bildirib ki, 44 günlük müharibədə ağır məğlubiyyətə uğramasına baxmayaraq, dünya erməniliyi öz mənfur əməllərindən hələ də əl çəkmədiklərini ortaya qoyur: “Onlar bir gün də olsa Azərbaycana, türk dünyasına qarşı informasiya müharibəsini dayandırmadılar. Öz çirkin əməllərini həyata keçirmək məqsədi ilə saxta tarixi yaratmaqda davam edirlər. 44 günlük müharibə göstərdi ki, ermənilərdən fərqli olaraq Azərbaycan Ordusu bir dəfə də mülki, sivil erməni vətəndaşlarına atəş açmadı, şəhərləri bombalamadı. Savaş ərəfəsində bütün dünya gördü ki, ermənilər müharibə meydanlarından 100 kilometrlərlə uzaqda olan Azərbaycan şəhərlərini bombalayır. Gəncəni, Goranboyu, Tərtəri, Naftalanı, hətta Siyəzəni və Abşeron yarımadasını, eyni zamanda Azərbaycan, region üçün böyük ekoloji fəlakətə çevrilə biləcək Mingəçevir su anbarını raket atəşinə tutdular”.

Deputatın fikrincə, bu, erməni vandalizminin ən yüksək nümunəsidir:

“Xüsusilə qeyd etmək lazımdır ki, beynəlxalq hüququn bütün humanitar norma və prinsiplərinə zidd olaraq Haaqa və Cenevrə konvensiyalarında təsbit edilmiş beynəlxalq hüququn bütün müddəalarını tapdalayaraq gecə vaxtı sivil vətəndaşları raketlərlə, kasetli, fosforlu bombalarla atəşə tutdular. Bu, təkcə Azərbaycan xalqına qarşı törədilmiş cinayət deyil, eyni zamanda insanlıq, bəşəriyyət əleyhinə cinayət sayılır. Nə qədər ki, Ermənistanda erməni millətçiləri siyasi toplum şəklində fəaliyyət göstərirlər, Ermənistan siyasi hakimiyyəti və müxalifət partiyaları vahid birlik halında qonşularına qarşı ərazi iddiaları, onlara qarşı nifrət dolu ideologiya ilə çıxış edirlər, Gəncədə törətdikləri hadisələrin, Naftalanda bir ailənin bütövlükdə həlak olmasının, digər şəhər və rayonlarımızda, eyni zamanda yaxın tariximizdə baş vermiş erməni vəhşiliklərinin, 1992-ci ilin Xocalı soyqırımının, 1918-ci ilin 31 mart hadisələrinin sənədləşdirilməsi və dünya ictimaiyyətinə çatdırılması olduqca əhəmiyyətlidir. Bu baxımdan Gəncə Memorial Kompleksi bir vasitə kimi ölkəmizə gələn milyonlarla turistlərin, xarici vətəndaşların, o cümlədən gələcək nəsillərimizin erməni vəhşiliklərindən xəbərdar olması baxımından, erməni vəhşilikləri ilə yerindəcə tanış olması üçün böyük əhəmiyyətə malikdir”.

Millət vəkili hesab edir ki, tarix olduğu kimi yazılmalıdır:

“Tarix həm daxildəki insanlara, həm də xaricdəki beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırılmalıdır. Bu, faktdır ki, ermənilər heç bir tarixi, hüquqi əsası olmadan yalançı, saxta erməni “soyqırımı”nı dünyada yayırlar. Faktiki olaraq siyasi, ideoloji təbliğat aparılır. Bu, bir çox qlobal güclərin əllərinə oynayan “kozr” kimi dəstəklənir. Ancaq ermənilər bu “soyqırımı” təsdiq edəcək kütləvi məzarlıqlar göstərə bilmirlər. Faktlar onların əleyhinə işləyir. Bəs biz niyə ən yaxın tariximizdə olan real faktları sənədləşdirməyək, sivil qurbanların xatirəsini əbədiləşdirməyək!? O baxımdan da hesab edirəm ki, Gəncə Memorial Kompleksinin təməllərinin atılması hərtərəfli, düşünülmüş strateji addımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm