Ordumuz bu istiqamətdə irəlilədi, yaxın həftələrdə... - Polkovnik DETALLARI AÇDI
Bizi izləyin

Nida.az

Ordumuz bu istiqamətdə irəlilədi, yaxın həftələrdə... - Polkovnik DETALLARI AÇDI

Ötən gün “Kaliber.az” saytında Azərbaycan Ordusunun Ağdərə istiqamətində irəliləməsi ilə bağlı məlumatlar yer aldı. Məlumatlarda qeyd olunur ki, ötən ilin aprelindən bu günə kimi Azərbaycan Ordusu Ağdərə istiqamətində separatçıların qurduğu 13 postu bir güllə atmadan götürüb. Orada hazırda Azərbaycan bayrağı dalğalanır.

Bəs Fərrux və Pirlər kəndi istiqamətində Azərbaycan Ordusunun bir güllə atmadan strateji yüksəklikləri götürməsindən sonra Ağdərə istiqamətində irəliləməyimiz nədən xəbər verir? Gələcəkdə hansı addımlar atıla bilər? Müdafiə naziri Zakir Həsənovun Kəlbəcərə səfərinin arxasında hansı amillər dayanır?

Suallarımızı Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Üzeyir Cəfərova ünvanladıq.

Polkovnik Publika.az-a müsahibəsində bildirdi ki, yaxın həftələrdə başqa xoş xəbərləri də eşidəcəyik.

- Cənab polkovnik, ön xətdə, xüsusən də Ağdərə istiqamətində nələr baş verir?

- Azərbaycan Respublikasının Müdafiə Nazirliyi şəxsi heyət qarşısında konkret tapşırıqlar qoyub. Həmin tapşırıqlar ondan ibarətdir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində biz müəyyən işləri başa çatdırmalıyıq. Demək ki, rusiyalı sülhməramlılar öz üzərinə düşən işləri görmürlər. 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatdan sonra onlar hələ də orada qalaraq Qarabağ ərazisindəki separatçıların bəslənməsinə şərait yaradırlar. Ona görə də bu istiqamətdə Azərbaycanın Müdafiə Nazirliyi konkret tapşırıqlar verib. Bizim əsgər və zabitlərimiz də həmin tapşırıqların icrası ilə məşğuldurlar. Bunun neçə gün, neçə həftə davam edəcəyini deməyə bir qədər çətinlik çəkirəm. Azərbaycan Ordusu bu məqsədlə Ağdərədəki yüksəklikləri nəzarətə götürüb. Daha sonra Ağdərə ilə bağlı digər məsələlər həll olunmalıdır. Siz özünüz də bilirsiniz ki, Azərbaycan Ordusunun xüsusi texniki təbliğat vasitələri ilə onlara bəzi məlumatlar çatdırılıb. Üstəlik, musiqi də səsləndirilir. Qarabağdakı erməni separatçılar “Koroğlu” uvertürasını və digər musiqilərimizi dinləyirlər. Bunun özü oradakı həm silahlı şəxslərə, həm də vətəndaşlara bir xəbərdarlıqdır.

- Necə bir xəbərdarlıqdan söhbət gedir?

-Yəni bu yerlərin yiyəsi öz ev-eşiklərinə qayıtmalıdır. Keçmiş məcburi köçkünlərimizin 30 ildir tapdanan hüquqları bərpa olunmalıdır. Elə şeylər var ki, biz onları yazmırıq, demirik. Özünüz də görürsünüz ki, Qarabağa müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlılar necə bir tərbiyəsizliklə məşğuldurlar. Fərrux kəndi istiqamətində də biz bunu bir daha gördük.

- Üzeyir bəy, deyəsən, orada bayraqla bağlı xüsusi nüans da var idi...

- Bəli. Həmin nüansı xüsusi qeyd etmək lazımdır. Məhz həmin bayraq məsələsinə görə rusiyalı sülhməramlılar Azərbaycandan üzr istəməlidirlər. Sülhməramlıların komandanının göstərişi ilə əsgərlər Rusiyanın bayrağını sancmışdılar. Bunun özü nonsensdir. Üstəlik, heç bir halda qəbul olunmayacaq bir məqamdır. Bu hadisənin özü çox böyük diplomatik skandaldır. Bir sözlə, Azərbaycan Ordusu yaxın həftələrdə xeyli işləri yerinə yetirməlidir. İşğaldan azad edilən ərazilərin qorunması və işğalda qalan ərazilərin geri qaytarılması üçün müəyyən işlər aparılır. Düşünürəm ki, yaxın vaxtlarda Azərbaycan Ordusu müəyyən məlumatları verəcək.

- Müdafiə nazirinin Kəlbəcərə səfərinin arxasında nələr dayanır?

- Aprelin 7-də müdafiə nazirinin Kəlbəcərə getməsi də elə-belə səfər deyil. Nazir oradakı təlim mərkəzində görüş keçirdi. Müəyyən tapşırıqlarını verdi. Bunların hamısı bir çox məsələləri özündə əhatələyən işlərdir. Ona görə də biz hər şeyi yazmırıq, hər şeyi demirik. Burada söhbət Azərbaycanın öz ərazilərindən gedir. Ağdərə istiqamətində ermənilər 15-dən çox post qurmuşdular. Onların hamısı ləğv edilib. Bütün bunlar son 1 ildə edilib. Erməni separatçıları orada xeyli postlar qurmuşdular. Həmin postlar artıq ləğv olunub. Son bir il dörd ay ərzində ermənilər orada möhkəmləndirmə işləri aparmağa cəhd göstərirdilər. Postlar qurmuşdular. Onlar həmin ərazilərdə qalmağın perspektivinin olmadığını görüb geri çəkildilər. Qarabağdakı separatçıları qızışdıran rusiyalı sülhməramlılardır. Ona görə də yaramazlıqlarla məşğuldurlar. Amma Azərbaycan Ordusu da bildiyini edir. Oradan bir addım da geri çəkilmək mümkün deyil. Heç bir halda geri çəkilməməliyik.

- Daşbaşı yüksəkliyini götürməklə hədəflərimiz nə idi?

- Daşbaşını götürməklə bizim birinci hədəfimiz sırf Ağdərə ilə bağlıdır. İki həftə əvvəl biz Fərrux kəndini və oradakı yüksəkliyi nəzarətimizə götürmüşdük. Buna qədər də xeyli hazırlıq işləri görülmüşdü. Rusiyalı sülhməramlıların komandanlığına da xəbərdarlıq edilmişdi. Yəqin ki, zabitlərimizin məşhur videosu hər kəsin yadındadır. Zabitlərimiz rusiyalı sülhməramlıların komandanlığına başa salırdı ki, bizim hərəkətlərimiz 10 noyabr 2020-ci ildə üç ölkənin rəhbərinin imzaladığı bəyanatla əlaqədardır. Ağdərə istiqamətində irəliləmək o deməkdir ki, bundan sonra da müəyyən addımlar atılacaq. İş gedir. Bizim bir balaca səbr etməyimiz lazımdır. Başa düşürəm ki, bizim hamımız xoş xəbər gözləyirik. Amma onu da unutmaq lazım deyil ki, bəzən bizim mətbuatda yayılan xəbərləri qarşı tərəf əleyhimizə istifadə edir. Erməni mətbuatının bir çox şeydən xəbəri olmasa da, başlayırlar ki, Azərbaycan mətbuatında Azərbaycan Ordusunun müxtəlif yerlərə bayraq sancdığı məlumatlar yer alır. Ona görə də biz bu məsələdə son dərəcə ehtiyatlı və diqqətli olmalıyıq. “Kaliber”in dünən yaydığı xəbəri də Azərbaycan Müdafiə Nazirliyi təkzib etmədi. Adətən belə bir şey olanda dərhal təkzib edilirdi. Çalışmalıyıq ki, göstərilməsi lazım olan şeyləri göstərək və ya deyək. İşlər gedir, amma bir az ləng gedir. Ləng getməsinin əsas səbəblərindən və səbəbkarlarından danışdım. Rusiyalı sülhməramlıların komandanı özünü çox tərbiyəsiz aparır. Deyəsən, general Volkovun soyadının mənası onu çaşdırıb. Azərbaycan Ordusu tapşırıq alıb, həmin tapşırığı da onlar nəyin bahasına olursa olsun, yerinə yetirməlidirlər. Heç bir narahatlıq yoxdur. Həmin tapşırıqlar plan üzrə yerinə yetirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm