Tiflisdən Bakıya axan pullar və Azərbaycana qarşı xain şəbəkənin ifşası - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Tiflisdən Bakıya axan pullar və Azərbaycana qarşı xain şəbəkənin ifşası - TƏHLİL

“Prometey” əməliyyatı...

Ötən əsrin 30-cı illərində Qərb “qırmızı imperiyanı” içəridən dağıtmağa hesablanan “Prometey” əməliyyatı üçün Polşanı məkan olaraq seçmişdi. 40 il sonra SSRİ-ni dağıtdılar, lakin sonrakı dövr üçün milli respublikalarda çevriliş cəhdləri kimi xaos planlarının həyata keçirilməsində paylayıcı məkan təcrübəsi qazanıldı. Belarus prezidenti Aleksandr Lukaşenkonun mart ayında Minskdə “müftəxorların aksiyası” haqda dedikləri sözlər tarix rəfinə qaldırılmış “Prometey” əməliyyatı fonunda diqqət çəkir.

Düşərgələr Polşa, Litva və Ukraynadadır. Pul Polşa və Litva vasitəsilə ötürülür”, - deyə Lukaşenko ölkədə inqilab çıraqları yandırmaq istəyən Qərb dairələrinin seçdikləri yollara və vasitələrə işarə edirdi. “Müftəxor”lar qalib gəlmədi, lakin Azərbaycanın radikal müxalifətinin Gürcüstan macəraları fonunda “Prometey” əməliyyatından başlamış, bugünkü xaos nəzəriyyəçilərinin vasitələri və yolları yada düşür.

Bütün proseslərin – demokratiya bayrağına bürünmüş inqilablardan başlamış, qanlı çevriliş aksiyalarına qədər bütün siyasi kataklizmlərin əsas mayası puldur. Şübhəsiz ki, bu kataklizmlərdə aktyorlar olmağa razı olan siyasi qüvvələrin hədəfində hakimiyyət sevdası ilə paralel, var-dövlət həsirliyi, pul qazanmaq ehtirası də var.


Qərb Ukraynada ölkəni bölən Maydana və buna qədər hazırlanan proseslərə 5 milyard pul xərcləmişdi. Gürcüstanın başına “qızılgül” çələngi taxmaq üçün də milyardlarla vəsait dövriyyədə idi. Və Azərbaycan...

Azərbaycanda “rəngli inqilab” cəhdlərinin olduğu yaxın tarixin səhifələrindən boylanır. 2003-cü ildən bu yana bu cəhdləri bir-bir sadalamaq olar, lakin radikal müxalifətin Gürcüstan macəraları fonunda prosesin “azadlıq uğrunda mübarizə” ilə ört-basdır edilmiş digər tərəfi – pulun oynadığı rol ön plana çıxır.

AXCP sədrinin müavini Gözəl Bayramlı Gürcüstandan Azərbaycana 12 min dollar valyutanı gizli şəkildə keçirmək istəyərkən həbs olundu. Ardınca gizli pul axınının əsas fiqurlarından olan Əfqan Muxtarlı da ədalətin qarşısına çıxarıldı. Məsələnin praqmatik analizi aysberqin görünən tərəfi olan bu iki şəxsin fəaliyyətinin əsl hədəfinin nə olduğunu, eləcə də onların ədalət qarşısına çıxarılması ilə anti-Azərbaycan planlarına zərbə vurulduğunu deməyə əsas verir. Lakin prosesin mahiyyətini təhrif etmək istəyənlərin iddiaları fonunda baş verənlərin əsl mahiyyətinə aydınlıq gətirmək ehtiyacı var.



Qərbin donor təşkilatları Azərbaycanda “demokratiyanın inkişafına” milyonlarla qrant ayırırdı. 2012-ci il “facebook inqilabı” cəhdinə qədər qrantların ayrılmasında informasiyalar müəyyən qədər açıq idi. Lakin sonrakı dövrdən başlayaraq, gizlilik prinsipinə keçildi. Belə ki, layihələrin adları və onlara ayrılan konkret məbləğlər aydın göstərilir, lakin bir çox hallarda qrantların ayrıldığı təşkilatların adları açıqlanmırdı. Misal üçün, ötən il ABŞ-ın Milli Demokratiya Fondu (NED) (bu təşkilatın Vaşinqtonun rəsmi siyasətini deyil, müəyyən dairələrin tapşırıqlarını yerinə yetirməsi haqda faktlar var) Azərbaycana 1 milyon dollarda artıq qrant ayırıb. Qrantların konkret istiqamətləri – insan haqlarını inkişafı, media azadlığı, demokratiya, siyasi qurumların möhkəmləndirilməsi və s. göstərilir, həmçinin, ayrılan məbləğlər qeyd olunur. Amma bu layihələrin hansı təşkilatlar tərəfindən irəli sürüldüyü və pulların hansı təşkilatlara ayrıldığı gizli saxlanılır. (http://www.ned.org/region/eurasia/azerbaijan-2016/).

Azərbaycandan fərqli olaraq, Gürcüstan və Ermənistana ayrılan qrantlarda heç bir gizlilik yoxdur. (http://www.ned.org/region/eurasia/georgia-2016./). (http://www.ned.org/region/eurasia/armenia-2016/).

Burada CASCFEN sədri Azər Həsrətin dedikləri diqqət çəkir.

“NED-lə illər əvvəl işbirliyi etməyə nə qədər çalışsam da alınmamışdı. Dünən ortaya çıxanların heç nə ifadə etməyən layihələrini maliyyələşdirirdilər, amma mənə çatanda pulları olmurdu. Sonrakı illərdə anladım ki, bunların əsl dərdi demokratiya deyil. Bunların məqsədi sadəcə özlərinə uyğun əlaltı dəstəsi yaratmaqdır ki, mən də o rola uyğun gəlmirəm”, - deyə A.Həsrət vurğulayır.

Əlaltı dəstələr: Gözəl Bayramlının çantasındakı 12 min dollar və vaxtilə “Azadlıq” qəzetində müxtəlif vəzifələrdə çalışmış Əfqan Muxtarlının Gürcüstanda qurduğu şəbəkənin ifşası əlaltı dəstələrin kimlər olduğunu və onlara verilən pulların kimlərə ayrıldığını ortaya çıxarır: AXCP sədri Əli Kərimli. İndiyə qədər Əli Kərimlinin yaxın ətrafının siyasi fəaliyyətlə yanaşı, QHT işi ilə də məşğul olduğu dəfələrlə gündəmə gəlib. Təkcə bu fakt göstərir ki, Qərb fondları Azərbaycanda radikal müxalifətə pulları məhz bu üsulla – qrantlar yolu ilə ötürürmüş. Bu proseslər tam aydınlaşandan sonra Azərbaycanda qanunvericilik sərtləşdirildi və anti-milli məqsədlərə xidmət edən qrant axınında şəffaflıq faktoru önə çıxdı. Məhz şəffaflıq amili radikal müxalifətə pul axınının qarşısını aldı.


Gürcüstan macəraları: Azərbaycanda təşkilatlara ayrılan qrantlarda şəffaflıq prinsipi ön plana çıxandan sonra Gürcüstan radikal müxalifətə pul axınının davamı üçün məkan olaraq seçildi. Lakin təkcə radikal müxalifətə yox, radikal mövqedə olan və Qərbdən maliyyələşdiyi gizlədilməyən media qurumlarına da maliyyə məhz Tiflisdən ötürülürdü. Misal üçün, “Meydan Tv”-nin əməkdaşları hər ay sərhədi keçərək, turist kimi Tiflisə gedir və aylıq əmək haqlarını orada alırdılar. Gözəl Bayramlının son iki ildə Gürcüstana 41 dəfə getməsi də sübut edir ki, radikal müxalifətə ayrılan dollarlar eyni üsulla çatdırılırmış. Deməli, Gözəl Bayramlı 2015-ci ilin yanvarın ayından etibarən ayda təxminən iki dəfə Tiflisə gedir və pulu kiçik məbləğlərlə gətirirmiş. Burada Əfqan Muxtarlının oynadığı rol da diqqətdən yayınmır. Jurnalist olaraq tanınan, lakin daha çox Xədicə İsmayılın “mühafizəçisi” kimi işləyən Muxtarlı Tiflisə 2014-cü ildə gedib. Jurnalist cameəsində dolaşan informasiyalara görə, Muxtarlı və onun kimi bir neçə azərbaycanlı “fəal” Tiflisə gedərək, oradan Avropa ölkələrinin birində sığınacaq almaq istəyirmiş. Hətta bir neçə “fəal” buna nail olub da. Lakin sığınacaq almaq imkanı digərlərindən daha yüksək olan Muxtarlı Tiflisdə məskunlaşır. Bu nə dərəcədə təsadüf ola bilərdi? Gürcüstanda anti-Azərbaycan şəbəkəsinin ifşası da sübut edir ki, Muxtarlı məhz radikal müxalifətə pul axınını təmin etməkdə vasitəçi missiyasını daşıdığına görə Tiflisdə məskunlaşıb.

Hədəf nədir? - Muxtarlı kimi şəxslərin vasitəçi olduğu prosesin əsas hədəfi radikal müxalifəti maliyyə mənbəyindən məhrum etməməkdir. Lakin Azərbaycanda radikal müxalifətin hazırda hakimiyyətə gəlmək potensialının olmamasına baxmayaraq, onların maliyyə ilə təmin edilməsində cari və uzaq hədəflər var: cari hədəf radikal müxalifətin daim qalması və ölkədə dağıdıcı prosesi davam etdirməsidir; uzaq hədəf isə siyasi kataklizmlərin yaradılması üçün Azərbaycanın daxilində “hər an partlamağa hazır minaların” hazırlanmasıdır.

Anti-Azərbaycan şəbəkəsinin ifşası ilə bu planların baş tutmadığının deyə bilərik. Hərçənd, arxadan zərbə vurmaqdan başqa heç nəyi bacarmayan qorxaqların və bu qorxaqları əllərində oyuncağa çevirənlərin çirkin niyyətlərinin bitdiyini söyləmək də çətindir.

Əfqan Muxtarlının müdafiəsinə qalxanların kimliyi də bu çirkli niyyətləri göstərir.

Ermənistanın “lragir” saytında Naira Ayrumyan Əfqan Muxtarlının ədalət qarşısına çıxarılmasını və anti-Azərbaycan şəbəkəsinin çökdürülməsini sərt şəkildə tənqid edir və belə yazır: “Azərbaycan sürətlə sanksiyalara yaxınlaşır”.

“Epress.am” saytı Əfqan Muxtarlının haqlarının müdafiəsinə qalxır və beynəlxalq təşkilatları Azərbaycana qarşı hərəkətə keçməyə səsləyir.

Ümumilikdə Ermənistan mediasını analiz etdikdə ermənilərin Gürcüstanda anti-Azərbaycan şəbəkəsinin ifşasından ciddi narahatlıq keçirdiyi görünür. Bu, düşündürücü amildir.

Ən təhlükəli məqamlardan biri isə ermənilərin baş verənlərdən istifadə edərək, Azərbaycan və Gürcüstan münasibətlərini pozulmağa çalışmasıdır. Misal üçün, erməni siyasi şərhçi Akop Badalyan “Azərbaycan Gürcüstana hücum etdi” deyə təxribatçı çıxışlar edir.

Ermənistanın bu prosesdə canfəşanlığı heç də təəccüblü deyil:

Birincisi, radikal müxalifətə dəstək verən Qərbdəki anti-Azərbaycan dairələrin tərəflərindən birinin erməni lobbisi olduğunu əminliklə deyə bilərik. Ötən ilin 15 sentyabrda ABŞ Konqresində Azərbaycanla bağlı keçirilən dinləmələrdə AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlinin Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan qondarma “DQR” rejiminin “prezidenti” Boko Saakyanın oğlu Armen Saakyanla birlikdə anti-Azərbaycan çıxışları etməsi buna əyani sübutdur.

İkincisi, Ermənistan və erməni lobbisinin bu prosesdən istifadə edərək, Bakı-Tiflis münasibətlərinə kölgə salmasının regional məqsədləri var.

a) Bakı-Tiflis münasibətlərinin pisləşməsi Azərbaycanın Qərb bazarına çıxışına maneələr yarada bilər.
b) Bu, Türkiyə-Azərbaycan-Gürcüstan formatına ziyandır. Hansı ki, işğalçı Ermənistanın blokada da saxlanılmasında, həmçinin, Bakının regionda əlinin güclənməsində bun formatın rolu var.
c) İrəvan düşünür ki, Bakı-Tiflis münasibətlərinə xələl gələrsə, bu, Ermənistanın blokadadan çıxmasına ümidlər yaradacaq.

Göründüyü kimi, Azərbaycanın radikal müxalifəti və Ermənistanı dolayısı ilə birləşdirən bu prosesin hədəfi birbaşa milli maraqlarımıza vurulan zərbədir. Lakin Gürcüstan hakimiyyəti və bu ölkənin ictimaiyyəti baş verənlərin Azərbaycana qarşı növbəti təxribat oyunu olduğunu görür. Məhz buna görə də və bu oyuna vasitə olmaqdan imtina etdi.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm