Nida Təhlil
“Freedom House”un “üç meymun” oyunu: Jurnalisti Paşinyan öldürdü, günahkar Azərbaycandır
Azərbaycana qarşı qisasçı yanaşması ilə məşhur olan
“Freedom House” təşkilatı “Dünyada Azadlıq – 2019” (Freedom in the
World 2019) hesabatını açıqlayıb. Hesabatda Azərbaycan 11 xalla
azad olmayan ölkələr siyahısına daxil edilib. Bu təşkilatın
fəaliyyət tarixində Azərbaycana qarşı siyasi rıçaq olaraq istifadə
edilməsi təcrübəsi fonunda onun bu qiymətləndirməsi o qədər də
təəccüblü deyil.
Hesabatda diqqət çəkən əsas məqam Ermənistanın 51 xalla
qiymətləndirilməsi və “qismən azad” ölkələr sırasında yer
almasıdır. Təşkilat bu qiymətləndirməsini Ermənistanda Nikol
Paşinyanın “inqilab”la hakimiyyətə gəlişini və baş nazir seçilməsi
ilə əlaqələndirir. Doğrudanmı Ermənistan “Freedom House”nin
qiymətləndirdiyi kimi “qismən azad” ölkədir? Bu hesabatı
hazırlayanların Ermənistanda seçkidən öncə və sonra baş verənlərdən
xəbərləri yoxdurmu? Siyasi mövqeyinə, tənqidi yazısına görə nəinki
təqib olunan, hətta qətlə yetirilən jurnalist Azərbaycandadır,
yoxsa Ermənistanda?
Bu suallara cavab tapmaq üçün üçün məxfi materiallara giriş əldə
etməyə ehtiyac yoxdur, Ermənistan mediasına nəzər yetirmək
kifayətdir, təbii ki, obyektivlik və həqiqət əsas məqsəddirsə…
“Paşinyan Ermənistanda küçə diktaturası yaradıb”, Ermənistan
mediası “inqilab”dan sonra baş verənləri belə xarakterizə edir.
Çünki o, tərəfdarları ilə parlament və digər strukturların binasını
mühasirəyə almaqla obyektiv qərarın qəbul edilməsinə təsir göstərir
və prosesi öz xeyrinə həll edirdi.
2018-ci il, 1 may: Ermənistan parlamenti baş nazirliyə namizəd olan
Nikol Paşinyanı seçmədi. Bundan sonra o, tərəfdarlarını yenidən
küçəyə çıxardı.
2018-ci il, 8 may: Ermənistan parlamentinin yeni baş nazirin
seçilməsi ilə bağlı keçirdiyi iclas zamanı Paşinyanın tapşırığı ilə
tərəfdarları qanunverici orqanın binasını mühasirəyə aldı. Məqsəd
deputatlara təzyiq etmək və Paşinyanın seçilməsini təmin etmək
idi.
Hərçənd, artıq Serj Sarkisyan hakimiyyətdən məhrum edilmişdi və
demokratik prinsiplərə görə qüvvədə olan parlamentin iradəsinə
müdaxilə ədalətsiz idi. Lakin Paşinyan tərəfdarlarının təzyiqi ilə
siyasi Olimpə yüksələ bildi. Məhz buna görə Ermənistan mediası onun
ölkədə “küçə diktaturası” qurduğunu yazır.
2018-ci il 9 dekabrda Ermənistanda keçirilən növbədənkənar
parlament seçkiləri ilə bağlı erməni mediasının ortaya çıxardığı
faktlar da bu ölkədəki vəziyyətin reallığını göstərir.
– “168 jam” qəzeti yazırdı ki, Paşinyanın komandası 7 və 8
dekabrda, həmçinin seçki günü – 9 dekabrda Respublika Partiyasının
seçki qərargahlarına gözlənilməz məqamda müdaxilə etməyi
planlaşdırır. Bu plan baş tutdu və müxalifətin fəaliyyəti
neytrallaşdırıldı.
– Paşinyan və komandası opponentləri əks-iqnilabçı adlandırır və
Xüsusi İstintaq İdarəsini onların başı üzərində “Domokl qılıncı”na
çevrib.
– ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB)
Ermənistanda seçkiöncəsi İctimai Televiziyanın qüvvədə olan
hakimiyyətin – Nikol Paşinyanın təbliğat ruporuna çevrildiyini
açıqladı. Hesabatda Paşinyanın seçki təbliğatında inzibati
resurslardan istifadə etdiyi qeyd olunurdu. DTİHB seçkiöncəsi
atmosferi tənqid etdi və bəyan etdi ki, “Ermənistanda ictimai rəyi
çaşdırmaq üçün yalan məlumatlar verilir və siyasi opponentlərə
nifrət dalğası yaradılır, hakimiyyətin, xüsusilə Nikol Paşinyanın
tənqidinə isə imkan verilmir”.
– Milyonlarla seçici səsvermə hüququndan məhrum edildi. Paşinyanın
qərarı ilə xaricdə yaşayan Ermənistan vətəndaşları səsvermədə
iştirak edə bilmədilər. Təkcə Rusiyada 500 min Ermənistan vətəndaşı
yaşayır. Digər ölkələrdəki sayı da əlavə etsək, bu, milyonlarla
seçici deməkdir.
– Parlamentə seçilən partiyaların hamısı seçkilərdən öncə Nikol
Paşinyanı dəstəkləyirdi və beləliklə, Ermənistanda “cib müxalifəti”
yaradıldı.
– “Jamanak” qəzeti yazırdı ki, kənd icmalarının rəhbərlərinə öz
ərazilərində Nikol Paşinyanın xeyrinə səs toplamaq və qutudan məhz
“Mənim addımım” blokunun namizədinin çıxmasını təmin etmək
tapşırığı verilmişdi. “Əgər onların icmasında başqa partiya qalib
gələcəksə, istefa etməyə məcbur olacaqlar”, qəzet kənd icmalarının
rəhbərlərinin təhdid edildiyini qeyd edirdi. Əlavə edirdi ki,
“Mənim addımım” blokunun namizədləri namizəd olduqları ərazilərdə
hörmətli şəxsləri müxtəlif yollarla – pul, vədlər – ələ
alıblar.
– “168 saat” saytı yazırdı ki, Nikol Paşinyan Azərbaycanın işğal
edilmiş Dağlıq Qarabağ bölgəsinə yerləşdirilmiş erməni hərbi
birləşmələrinin əsgərlərini onun təmsil olunduğu bloka səsverməyə
məcbur edir.
“Qarabağda xidmətdə olan əsgərlər valideynlərinə zəng edərək, 9
dekabrda Qoris və Qapan rayonunda olacaqlarını bildiriblər. Onlar
valideynlərinə bildirirlər ki, görüşmək üçün seçki günü həmin
rayona gəlsinlər. Hərbi qulluqçular danışırlar ki, onlara əzizləri
ilə görüşməyə o şərtlə icazə verirlər ki, seçkidə Nikol Paşinyanın
liderlik etdiyi “Mənim addımım” blokuna səs versinlər”, – deyə
qəzet qeyd edirdi.
Kifayət qədər mövcud olan bu faktlar “Freedom House”un Ermənistanı
“qismən azad” tacı ilə mükafatlandırmasında əsas faktor kimi
götürdüyü Paşinyanın nə qədər demokratik və azad seçki ilə
hakimiyyətə gəldiyini göstərir, halbuki, Ermənistanda Paşinyanın
hakimiyyəti zəbt etdiyinə dair fikirlər pıçıltı ilə dilə gətirilir.
Çünki bu sözləri yüksək səslə demək ən yaxşı halda işindən olmaq,
ən pis halda həbslə nəticələnəcək.
Belə görünür ki, “Freedom House” isə Ermənistanda mətbuatın təqib
olunmasını, jurnalistlərin başının “pambıqla kəsilməsi”ni
Paşinyanın mətbuata “sevgisi” kimi qiymətləndirdiyi üçün bu ölkənin
reytinqini yüksəldib.
Ötən il Ermənistanın İctimai Televiziyasının informasiya-siyasi
proqramlar redaksiyasının direktoru Arutyun Arutyunyan, “Orakarq”
informasiya xidmətinin prodüseri və rəhbəri Artak Erikyan və bu
proqramların bir neçə əməkdaşı istefa verməyə məcbur edildi. Çünki
onlar Azərbaycan Ordusunun Naxçıvan istiqamətində uğurlu
əməliyyatını dilə gətirmişdi.
“Yerevan.Today” saytı isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin
rəhbəri Artur Vanesyan və Xüsusi İstintaq Xidmətinin rəisi Sasun
Xaçatryanın məxfi telefon danışığını yaydığı üçün hücumlara məruz
qaldı. Polis gizli dinləmə qurğusunu tapmaq bəhanəsi ilə saytın
ofisinə basqın etdi, redaksiyanın əmlakı müsadirə edildi. Saytın
redaktoru Sevak Akopyan onlara edilən hücumun digərləri üçün nümunə
xarakteri daşıdığını bəyan edib: “Bizim timsalımızda ölkədə baş
verənləri azad və əsaslı tənqid edən digər kütləvi informasiya
vasitələrinə də dərs verirlər. Təəssüf ki, biz tariximizin
utancverici səhifələrinə qayıdırıq”.
“Haynews.am” saytının rəhbəri, “Erməni
qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini Mqer
Yegizaryanın ölümü isə Paşinyanın mətbuat “sevgisi”nin ən dəhşətli
üzü idi. Hakimiyyətin siyasətinə qarşı çıxdığı üçün
qondarma ittihamla həbs edilən Yegizaryan 44 gün aclıqdan sonra
öldü. Dəhşətli idi ki, onun 44 gün aclıqdan sonra xəstəxanaya
yerləşdirildiyi gün – 17 yanvarda Avropa Parlamentinin başı
Azərbaycana qarşı qətnamə qəbul etməyə qarışmışdı. Mqer Yegizaryan
xəstəxanaya köçürülməsindən 9 gün sonra – 26 yanvarda öldü. Bu
Paşinyan hakimiyyətinin bir şəxsi siyasi mövqeyinə görə ölümə
məhkum etməsi, bir jurnalistin başını “pambıqla kəsməsi” idi.
Bu gün Ermənistanı bölgədə “azadlıq simvoluna” çevirən “Freedom
House” təşkilatının bu ölkədə qurulan “küçə diktaturası”ndan, seçki
saxtakarlığından, jurnalistlərin təqibi və qətlə yetirilməsindən
xəbərsiz olduğunu düşünmək sadəlövhlük olardı. Sadəcə olaraq,
məsələ Azərbaycandırsa, “Freedom House” və Qərbin digər
təşkilatları ədaləti dar ağacından asır, yox, məsələ
Ermənistandırsa, “üç meymunu” – bilmirəm, eşitmirəm, görmürəm –
oynayırlar. Hər şey bu qədər bəsitdir…
Asif Nərimanlı
Publika.az
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar