Ermənistana GÖZLƏNİLMƏZ ZƏRBƏ: Azərbaycan işğalçıya yerini göstərdi
Bizi izləyin

Nida Təhlil

Ermənistana GÖZLƏNİLMƏZ ZƏRBƏ: Azərbaycan işğalçıya yerini göstərdi

Fransanın 4 məhkəməsi Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın şəhərləri ilə bu ölkənin şəhərləri arasında imzalanan dostluq və əməkdaşlıq xartiyalarını ləğv edib. Serji-Pontuaz məhkəməsinin qərarı ilə Arnuvil şəhərinin qondarma Dağlıq Qarabağdakı Şeher inzibati bölgəsi ilə “Dostluq haqqında xartiya”sı ləğv edilib. Bundan başqa, Arnivul şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “dostluq xartiyası” ləğv olunub.

Həmçinin, Qrenobl məhkəməsi eyni xarakterli 4 “dostluq xartiyası”nı qüvvədən salıb. Belə ki, prefektin müraciəti əsasında Qrenobl inzibati məhkəməsi iyunun 11-də Drom departamentinin özü, həmçinin bu departamentdə yerləşən Valans, Bur-le-Valans və Bur-dö-Peaj kommunaları ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış dörd xartiya ləğv olunub.

Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran siyasi şərhçi Azər Həsrət bildirib ki, bu istiqamətdə Azərbaycanın beynəlxalq hüquqi fəaliyyəti və səbri öz sözünü deyib.

- Fransa məhkəmələrində Qarabağdakı separtçı rejimlə bu ölkənin şəhərləri arasında imzalanmış 4 dostluq xartiyasının ləğv edilməsi Ermənistanda və erməni lobbisində ciddi narahatlıq yaradıb. Ermənilər etiraf edirlər ki, bu, ilk növbədə, Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq məsələni hüquqi müstəviyə çıxarması və bu istiqamətdə fəal işlər aparmasının nəticəsidir. Bu barədə nə düşünürsünüz?

- Bu məsələ son günlər diqqət mərkəzindədir. Fransa məhkəməsinin son addımları təqdirəlayiqdir. Özü də bu addımlar olduqca əhəmiyyətlidir. O baxımdan ki, Azərbaycan təmkin və ağılla davranaraq, hay-küysüz, həm də hüquq müstəvisində öz haqqını təmin edə bilir. Ermənistanın işğalı altındakı Azərbaycan torpağı – Qarabağdakı qondarma rejimin nəzarətindəki bəzi şəhərlərlə Fransa şəhərləri arasında imzalanan dostluq – işbirliyi “xartiyaları” nəinki beynəlxalq hüquqa, hətta ən adi məntiqə belə zidd addım idi və hər kəsi narahat edirdi. İlk növbədə isə Azərbaycanı. O “xartiyalar” imzalananda Azərbaycan məsələyə olduqca təmkinli, lakin beynəlxalq normalara uyğun reaksiya vermişdi. Heç bir gərəksiz addım atılmamış, sadəcə uyğun gedişlər edilmişdi. Nəticə isə özünü çox gözlətmədi. Ermənistanın və ümumilikdə ermənilərin belə gözlənilməz zərbə alması artıq ondan xəbər verir ki, Azərbaycan ağıllı və savadlı gedişlərlə işğalçıya yerini göstərməkdə aciz deyil.

- Parisdə erməni lobbisi nə qədər güclü olsa belə, Fransa həm də Dağlıq Qarabağ münaqişəsində vasitəçilik edən ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biridir. Dolayısı ilə ermənilər bu məsələdə də uduzmadımı?

- Əlbəttə, belə olan halda o ölkənin tərəfsiz davranması tələb edilir. Lakin bəlli olduğu kimi Fransanın bəzi şəhərləri işğal altındakı Azərbaycan torpaqlarına nəzarət edən qondarma qurumlarla bir araya gələrək “qardaşlaşma” yolu tutmuşdular. Bizim Fransadan gözləntimiz o idi ki, bu ölkə tərəfsizliyinə kölgə düşürəcək belə gedişlərə dözümlü yanaşmasın. Az bir müddət keçdi və gözləntimiz özünü doğrultdu.

- Bəs erməni lobbisinin güclü olduğu Fransada belə gedişlərin baş tutması necə mümkün oldu? Necə oldu ki, hətta prezidenti belə ermənipərəst olan Fransa bu addımı atmalı oldu?

- Fikrimcə, burada Azərbaycanın uzun illərdir səbr və təmkinlə gerçəkləşdirdiyi xarici siyasət öz rolunu oynadı. Dövlətimiz indi elə bir həddə çatıb ki, bizimlə qarşı-qarşıya gəlmək heç bir dövlətə sərf eləmir. Hətta Fransa, Almaniya, Böyük Britaniya, ABŞ kimi dövlətlər belə ara-sıra üstümüzə gəlsələr də, Azərbaycanla hesablaşır, onun imkanlarını düzgün dəyərləndirirlər. Bunu detallara varmadan deyirik.

- Fransa məhkəmələrinin bu qərarında Azərbaycanın rolunu necə dəyərləndirirsiniz?

- Bu qərarlarda Azərbaycanın yumşaq güc və ağıllı siyasətinin əlamətləri açıq şəkildə gözə dəyir. Nəzərə almaq lazımdır ki, dövlətimiz o ölkəylə münasibətlərə çox önəm verir. Hətta o dərəcədə ki, ölkəyə başçılıq edən prezident Makronun açıq ermənipərəstliyi belə Fransadakı düşünən beyinlərin Azərbaycanla münasibətlərin zədələnməməsi üçün çalışmasına mane olmur. Yəni Azərbaycan artıq elə bir duruma gəlib ki, bir çox ölkələrin prezidentləri belə şəxsən bizə qarşı olduğu halda həmin ölkələrin ictimai rəyinə – qərar verənlərinə təsir imkanları qazanıb. Fransa da bu ölkələr sırasındadır.

Maraqlıdır ki, artıq fakt qarşısında qalmış ermənilər belə bu “xartiyaların” ləğvi ilə bağlı çox da çığır-bağır sala bilmirlər. Düzdür, onların fikir öndərləri öz hakimiyyətlərini-dövlətlərini və lobbilərini yarıtmazlıqda ittiham edir. Lakin uca səslə bütün dünyaya bağırıb haray-həşir salmağın mənasız olduğunu anlayırlar. Ona görə də bu hadisədə ənənəvi “erməni əzabkeşliyi”ni müşahidə edə bilmirik. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan mərhələ-mərhələ gücünü artırır, öz sözünü xarici ölkələrin daxili hüquq müstəvisində belə keçirə bilir. Bu isə dövlətimizin gücünün əlavə təsdiqidir.

- Azərbaycanın belə gücə sahib olması erməni əsilli Fransa jurnalisti Qids Minasyanı ciddi narahat edib. Bu şəxs Fransanın məşhur “Le Monde” qəzetinin elektron versiyasının rəhbər işçilərindən biridir. Sizcə, onun narahatlığını başa düşmək olarmı?

- Ümumiyyətlə, Fransa mediasında, Fransanın ictimai-siyasi həyatında ermənilər çox fəaldırlar. Bu insanlar sadəcə ictimai fəallıqla seçilmirlər. Onların arxasında böyük pullar da var. Yəni ermənilərin əlində Fransanın ictimai rəyinə təsir etmək üçün çox geniş imkanlar var. Təəssüflər olsun ki, onlar həmin imkanlardan sui-istifadə edirlər. Anti-Azərbaycan, anti-türk rəyi yaratmaq uğrunda sərf edirlər. Qids Minasyan da həmin adamlardan biridir. Məşhur “Le Monde” qəzetinin aparıcı simalarından biri olan bu erməni erməniliyini orada da biruzə verir. Bu xarakterini də ona fokuslandırıb ki, türk millətinə qarşı, istər türk olsun, istər Azərbaycan, orada öz nifrətini biruzə verir. Bu məsələ ilə bağlı da mövqeyini açıqlayıb. Lakin burada başqa bir məqam da var ki, Minasyan narazıdır. Ondan narazıdır ki, Ermənistan bu məsələdə Azərbaycana uduzur. Onun narahatlığını başa düşmək olar. Çünki Azərbaycanın haqq səsi, nəhayət, duyulmağa başlanıb. Bu da ermənilərin xeyrinə olmayan bir şeydir.

Minasyan 2016-cı ilin məlum aprel döyüşləri zamanı Azərbaycana qarşı qaralama kampaniyasının önündə gedənlərdən biridir. Əlbəttə, “Le Monde” qəzetinin imkanlarından sui-istifadəsi də diqqətimizdən qaçmır. İndi bu Minasyan da Azərbaycanın Fransa məhkəməsindəki üstünlüyünü əsas tutaraq ermənilər üçün həyəcan təbili çalır. Bu adam erməni dövlətini və diasporunu tənqid edir ki, Azərbaycana uduzurlar. Bu yolla da dövlətimizin getdikcə genişlənən nüfuzunu həm etiraf edir, həm də narahatlığını büruzə verir. Belə olan halda təkrar əmin oluruq ki, doğru yoldayıq, Avropa insanıyla onların öz dilində-üslubunda danışa bilirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm