Azərbaycana qarşı MƏKRLİ OYUN - “Pispolis” həştəqinin hədəfi nədir?
Bizi izləyin

Nida Təhlil

Azərbaycana qarşı MƏKRLİ OYUN - “Pispolis” həştəqinin hədəfi nədir?

Pispolis həştəqi yaratmaq təklif edirlər, bildiklərinizdən yazın, post paylaşın”.

Təxminən iki həftə öncə Xədicə İsmayılın sosial şəbəkə hesabında paylaşdığı bu çağırışdan sonra “pispolis” həştəqi ilə kampaniya başlandı.

Kampaniyanın icraçıları rolunda Avropada “siyasi mühacir” adı ilə yaşayan və bütün fəaliyyətləri sosial şəbəkələrdə anti-Azərbaycan kampaniyası aparmaq olanlar çıxış edirlər. Bir qrup sosial şəbəkə istifadəçisi kampaniyaya “sosiallaşma” psixologiyası ilə qoşulur, lakin həştəqi paylaşan hesabların çoxu “fake” profillərdir. Məqsəd kampaniyanın kütləvi formada olduğunu göstərməkdir.

“Pispolis” həştəqini yaratmağı Xədicə İsmayıla kim təklif edib?

Kampaniyada ilk diqqət çəkən sual budur. X.İsmayıl bunu açıqlamadı və yəqin ki, gerçək sifarişçinin kim olduğunu açıqlamayacaq da. Hərçənd, onun bağlı olduğu dairələr və indiyə qədər müxtəlif platformalarda Azərbaycana qarşı proseslərdə aktiv iştirakı sifarişçilərin anti-Azərbaycan qüvvələr olduğuna şübhə yeri qoymur.

Hədəfdə niyə polisdir”: “pispolis” kampaniyasının əsl hədəfi Azərbaycanda ictimai asayişin pozulmasıdır. Çünki polis ictimai asayişi qorumaq işini həyata keçirən dövlət sistemidir, əsas vəzifəsi cinayətkarlıqla mübarizə, yol hərəkətinin təşkili və ictimai təhlükəsizliyin təmin edilməsidir.

100 il öncə Xalq Cümhuriyyəti dövründən başlayaraq, indiyə qədər xalqın təhlükəsizliyinin təmin edilməsində başlıca rol oynayan Azərbaycan polisi 100 il ərzində ölkədə müxtəlif hakimiyyətlərin olmasına baxmayaraq, öz vəzifəsini layiqincə yerinə yetirib. Hüquq-mühafizə orqanları üçün hakimiyyət yox, dövlət var və nə olmasından asılı olmayaraq, ictimai asayişin təmin edilməsi və vətəndaşın təhlükəsizliyini onun əsas vəzifəsidir.

Azərbaycan polisi Qarabağda döyüşüb, şəhid olub, vətəndaş rahat yaşasın deyə yatmayıb, ən qatı cinayətkarlara qarşı mübarizə aparıb, silahlı dəstələrlə vuruşub, ictimai asayişin təmin edilməsi üçün əlindən gələni edib. Vaxtilə qaranlıq düşən kimi evlərinə tələsən vətəndaşlar bu gün günün istənilən saatında küçədə təhlükəsiz şəraitdə gəzə bilirlər. Ölkədə cinayətkarlığın sayı minimuma düşüb. Oğurluqla qarşılaşandan burnu qanayana qədər bütün vətəndaşlar ilk olaraq polisə müraciət edir, küçədə qalanın ilk yardımına polis yetişir, qapısı açılmayana ilk polis kömək edir, yolu keçmək istəyənin qolundan yenə polis tutur. Sabah Qarabağda müharibə başlayanda əsgərlərimizlə birgə yenə polislərimiz döyüşəcək. Bir sözlə, Azərbaycan polisi Azərbaycan dövlətinin gücü, ictimai asayişin təminatçısı, xalqın təhlükəsizliyinin müdafiəçisidir. Bu, onların vəzifəsidir və onlar vəzifələrini yerinə yetirmək üçün gecə-gündüz çalışırlar.

Nəticə ortadadır, Azərbaycan 90-cı illərdə soyğunçuluğun, quldurluğun tüğyan etdiyi ölkədən ən təhlükəsiz ölkəyə çevrilib.

Təhlükəsiz ölkə, kampaniyanın aparılmasının məqsədi və onun sifarişçilərinin niyyəti məhz budur. Mövcud sabitliyin pozulması və Azərbaycanı təhlükəli ölkə kimi təqdim etmək.

Son dövrlər müşahidə olunan proseslər “pispolis” kampaniyasının sifarişçilərini görməyə imkan verir.

Avroliqanın Bakıda keçirilən final oyunundan öncə dünyada “Azərbaycan təhlükəli ölkədir” kampaniyası aparıldı. Kampaniyanın başlanmasına səbəb “Arsenal” klubunun erməni əsilli oyunçusu Henrix Mxitaryanın “təhlükəsizlik bəhanəsi” ilə Bakıya gəlməkdən imtina etməsi idi. Bu prosesin arxasında Ermənistanın və erməni diasporu/lobbisinin dayandığı məlumdur. Kampaniyanın getdiyi bir vaxtda Xədicə İsmayıl “Ramil Səfərov biabırçı cinayət törədib” açıqlamasını verdi. Onun birdən-birə bu mövzunu gündəmə gətirməsi təsadüfi deyildi. Ermənistan uzun illərdir Ramil Səfərovu “Azərbaycan təhlükəli ölkədir, azərbaycanlılar barbardır” təbliğatında “əsas arqument” kimi istifadə edirlər. Mxitaryan üzərindən aparılan kampaniyada bu “arqumenti” yenidən yada salmaq lazım idi və bunu Azərbaycandan birinin etməsi böyük effekt verəcəkdi.

Niyə Xədicə İsmayıl?: Onun vəkili Amal Kulini vasitəsilə pulunu işğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilmiş ermənilər üçün kəndlərin salınmasına xərcləyən milyonçu Ruben Vardanyanla əlaqələrinə dair kifayət qədər fakt var, bir çox beynəlxalq platformalarda Azərbaycana qarşı hücumda bu və ya digər formada ermənilərə dəstək verib, Xocalı soyqırımının gündəmə gəldiyi beynəlxalq tədbirlərin birində nümayişkərana şəkildə arxasını çevirməsi uzaq tarix deyil.

Prosesləri bu faktlar fonunda birləşdirəndə “pispolis” kampaniyasının “Azərbaycan təhlükəli ölkədir” kampaniyasının davamı olduğu aydınlaşır. Çünki polisin pis olması ölkənin təhlükəsizliyinin pis olması deməkdir.

Və məlum olur ki, X.İsmayıla “pispolis” həştəqini yaratmaq təklifini Ermənistanın, erməni diasporu/lobbisinin də təmsil olunduğu beynəlxalq anti-Azərbaycan şəbəkə verib.

Bu şəbəkə sifarişi verib, məsələni gündəmə gətirib və Avropadakı “siyasi mühacir” etiketi ilə gəzənləri də prosesə qoşub. Azərbaycanda müxalifət adına iddia edən müəyyən qrupların da bu oyunda iştirak etməsi həm sifarişin eyni mərkəzdən gəlməsi, həm də “iqtidara gəlməyin yolu xaosdan keçir” tezisindən qaynaqlanır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm