Müsavatın ələ keçirilməsi planı KXCP-də də işə düşdü – Əli Kərimlinin OYUNU
Bizi izləyin

Nida Təhlil

Müsavatın ələ keçirilməsi planı KXCP-də də işə düşdü – Əli Kərimlinin OYUNU

Müsavat Partiyasını Tofiq Yaqublu ssenarisi ilə ələ keçirməyi planlaşdıran Əli Kərimli Klassik Xalq Cəbhəsi Partiyasına (KXCP) qarşı da eyni xətti yürüdür. Hədəf Milli Şuradan ayrılan partiyaların “nəzarət olunan sədrlər” vasitəsilə yenidən AXCP-nin çətiri altına toplamaqdır.

Müsavat Partiyasının IX qurultayı oktyabrın 12-də keçiriləcək. Başqanlığa üç namizəd - Arif Hacılı, Yadigar Sadıqlı və Tofiq Yaqublu – var. Proseslərin inkişafı Əli Kərimlinin Milli Şuranın üzvü olan Tofiq Yaqublunun başqan seçilməsində maraqlı olduğunu və Müsavatın daxili işlərinə qarışmaq hesabına olsa belə bu istiqamətdə iş aparıldığını göstərir. Xüsusilə ABŞ-da yaşayan Müsavat üzvü Ramis Yunusun Milli Şura sədri Cəmil Həsənli və ADR sədri Qubad İbadoğlu ilə görüşdən sonra Arif Hacılıya Tofiq Yaqublunun xeyrinə geri çəkilmək çağırışı etməsi, ardınca, Avropada Əli Kərimliyə yaxınlığı ilə seçilən internet kanallarında T.Yaqublunun təbliğatının aparılması diqqət çəkir. Əli Kərimli ən yaxşı halda – Tofiq Yaqublu başqan seçiləcəyi təqdirdə - Müsavatı ələ keçirmək, ən pis halda – başqanlıq oyunu baş tutmasa – parçalamağı planlaşdırır.
Burada AXCP-nin “ana müxalifət” olması, Əli Kərimlinin “müxalifətin şəriksiz lideri” imicinin yaradılması və Azərbaycanda radikal siyasi cəbhənin yenidən təşkilatlandırılması hədəfləri aydın görünür. (Müsavatın ələ keçirilməsi planı və böyük tablodakı hədəf).

T.Yaqublu başqan seçilərsə, Müsavatın tədricən Milli Şuraya qayıdışı təmin olunacaq, seçilməsə tərəfdarları ilə birlikdə partiyadan ayrılacağı istisna deyil. Gözləntilərə görə, Yaqublu və komandası başqanlıq kürsüsünə nail olmayacaqları təqdirdə, narazı müsavatçıların üz tutduğu ADR hərəkatına keçəcəklər, Milli Şuraya toplaşmaq mərhələsi bundan sonra başlanacaq.

Eyni ssenarinin KXCP-də Oqtay Gülalıyev vasitəsilə həyata keçirilməsi müşahidə olunur. Partiyanın növbəti qurultayı ilə bağlı qərar 2018-ci ildə verilib və yaxın dövrdə keçiriləcəyi gözlənilir.

Üzvü olduğu partiya Milli Şuradan ayrılsa da Oqtay Gülalıyev də Tofiq Yaqublu kimi Əli Kərimlinin komandasında qalmağı üstün tutdu. T.Yaqublu Milli Şuradan ayrılmaq istəmədiyinə görə ötən il Arif Hacılı tərəfindən müavinlikdən çıxarıldı. O.Gülalıyev də məhz eyni səbəbə görə KXCP sədri Mirmahmud Mirəlioğlu tərəfindən məclis üzvlüyündən uzaqlaşdırıldı. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olan hər iki şəxs öz partiyalarında rəhbərliyə qarşı çıxmaları və Əli Kərimlinin qatı tərəfdarı olmaları ilə tanınırlar. T.Yaqublu Müsavatın başqanlığına namizədliyini irəli sürdü, O.Gülalıyev də KXCP sədrliyinə namizədliyini verdi və Mirmahmud Mirəlioğluna qarşı sərt ittihamlarla çıxış etdi.

Sentyabrın 29-da O.Gülalıyev Feysbuk hesabında yazır: “Çalışıram ki, Mirmahmud Mirəlioğlu haqqında yazmayım. Amma o, özünün gülünc hərəkətləri, yarıtmaz və xalqa zidd fəaliyyəti ilə məcbur edir ki, yazaq və deyək. Məsələn, o, 23 sentyabrdan xalqa müraciət edərək 28 sentyabrda Milli Şuranın keçirməli olduğu ümumxalq mitinqi ilə eyni gündə, eyni vaxtda “vəziyyətdən çıxış yolu” adlı toplantı keçirməyə cəhd etdi. Öz aləmində parçalanmaya doğru addım atdı. Amma yel qayadan heç nə aparmadı. Özünü gülünc vəziyyətə qoydu... Onun 1 həftəlik çabalarına, çağırışlarına bilirsinizmi neçə nəfər səs verib toplantıya gəlib? Cəmi 20-25 nəfər. Gələnlərin əksəriyyəti də KXCP üzvləri. Gerçək müxalifət cameəsindən, vətəndaş cəmiyyətindən, Elçibəy hökumətində təmsil olunmuş nəinki bir təşkilat rəhbəri, heç bir nəfər də toplantıya qatılmayıb. Sonra da bu adam Qurban Məmmədovla birləşib xalqı aldadır, yalançı inqilab vəd edir. Özünü də prezidentliyə namizəd görür. Adama sual edərlər: sənin zal tədbirinə 20-25 nəfər güclə gəlirsə, mitinq, inqilab etsən neçə nəfər gələcək? 20-25 nəfərlə inqilabmı etmək olar? Ümumiyyətlə, siz inqilab edənsinizmi? Niyə insanları çaşdırmağa, aldatmağa cəhd edirsiniz? Yeri gəlmişkən, deyəsən “ümumxalq toplantısın”da Mirəlioğlu insanların onun çağırışına gəlmədiyini və meydanda tək qaldığını etiraf edərək pərtliyini ört-basdır edə bilməyib. Fərqindədir ki, qeyri-insani münasibəti və yarıtmaz fəaliyyəti ilə xalqdan, müxalifətdən, Elçibəyçilərdən uzaq düşüb. Amma yenə öz köhnə adətindən qalmayaraq “ümumxalq toplantı”sında onun-bunun ünvanına giley-güzar edib... Mirəlioğlu yaxşı olar ki, “xalqın düşdüyü vəziyyəti müzakirə etmək üçün” hamıya müraciət edib “ümumxalq toplantısı” keçirmək əvəzinə öncə KXCP- dən dışlayıb uzaqlaşdırdığı, üzvlükdən çıxardığı mübariz insanları bir araya gətirib partiya daxilində belə bir müzakirə keçirsin. Əgər bacarırsa və o adamlar onun çağırışına gələrsə... Nizamnaməyə əməl edib 1 ildən çoxdur gecikən Qurultayı keçirsin. KXCP-nin əvvəlki gücünü bərpa etmək üçün təşkilat daxilində açıq, demokratik müzakirələr açsın. Mən KXCP-nin sıravi üzvü kimi, partiya sədrliyinə namizəd kimi bunu ondan gözləyir və tələb edirəm. Yox, bunları etməyəcəksə, az da olsa bu təşkilata, xalqa hörməti varsa, Elçibəydən zərrə qədər bir şey öyrənibsə, 20 il yetər, üzüsulu kənara çəkilsin. Onsuz da toplantı bir daha göstərdi ki, artıq adam bitib, onun qatarı çoxdan gedib. Heç kim onun çağırışına səs vermədi. Adamlar bundan üz çevirib. O siyasətdə öz sözünü pis-yaxşı deyib. Bundan o yanı onluq deyil. Üzüsulu çəkilmək də böyüklük və ağıllılıq əlamətidir”.

Gülalıyevin sədrinə qarşı bu münasibəti onlar arasında “körpülərin çoxdan yandığını” dəlalət edir. KXCP sədrinə qarşı səsləndirdiyi ittihamlara Mirəlioğlununun tərəfdarları sərt reaksiya verdi, hərçənd, KXCP üzvü olan Gülalıyev tərəfdarlarının cavabı da gecikmədi. Bu, KXCP-də Mirəlioğlu-Gülalıyev cəbhəsinin yarandığını göstərir. O da maraqlıdır ki, Gülalıyevin Mirəlioğluna qarşı ittihamlarına dəstək verənlərin çoxu AXCP üzvləri idi. Bu detal və Gülalıyevin hazırda sərgilədiyi mövqe Əli Kərimlinin Tofiq Yaqublu ssenarisini KXCP-də də həyata keçirmək planlarına şübhə yeri qoymur.

Görünür, bu iki şəxsin üzvü olduqları partiyanın ayrılmasına baxmayaraq, Milli Şurada qalmaları da bu günlər üçün hazırlanmış plan imiş.

Tofiq Yaqublu Müsavatda, Oqtay Gülalıyev KXCP-də Əli Kərimli üçün “Troya atı” rolunu oynayırlar və AXCP sədri ən yaxşı halda bu iki partiyanı “siyasi çevrilişlə” ələ keçirməyi, ən pis halda parçalamaq və oradan ayrılanları öz ətrafında cəmləmək gedişi edir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm