İnsanovun yeni “pasiyentləri”, yaxud masadakı dolu portmanat...
Bizi izləyin

Nida Təhlil

İnsanovun yeni “pasiyentləri”, yaxud masadakı dolu portmanat...

Əli İnsanov, İsa Qəmbər, Əli Kərimli baş, Arif Hacılı, Pənah Hüseyn, Mehman Əliyev, Hikmət Hacızadə köməkçi rollarda...

Noyabrın 5-də Müsavatın qərargahında keçirilən dəyirmi masanın ətrafına toplaşanlar cəmiyyətdə haqlı olaraq istehza ilə qarşılandı.

Axı Azərbaycan səhiyyəsində korrupsiya yuvası qurmuş keçmiş nazir İnsanovun dünən eyni masa ətrafında əyləşdiklərini faşist adlandırması, “onlar genetik xəstədir”, “Qərbin agentləridir”, “Onlar güllələnməlidir” dediyi məşhur çıxışı uzaq tarix deyil.

Masa ətrafında oturanlar şəxsi maraqları naminə özlərini keçmişi unutmuş kimi göstərə bilərlər, lakin tarix heç nəyi unutmur və məhz buna görə, yeni “birlik” nağılı başlamadan bitməyə məhkumdur.

Hər şeydən öncə Azərbaycan müxalifətinin 26 illik keçmişi bunun baş tutmayacağını təsdiqləyir.

1990-cı illərdə bu müxalifət “bəlkə qaytardılar” eşqi ilə “Demkonqres” yaratdı. Çox keçməmiş bu birlik dağıldı və AXCP parça-parça oldu. “Demkonqres”in qalıqları üzərində Koordinasiya Mərkəzi yaradıldı, yenə dağıldı. 2000-ci il parlament seçkiləri ərəfəsində SİDSUH yaradıldı, dağıldı, yerində DUBB peyda oldu, o da dağılandan sonra “Azadlıq bloku” quruldu, onu “Bizim Azərbaycan” bloku əvəzlədi, bu blokun xarabalığı üzərində “YES” doğuldu. Onu “İctimai Palata” əvəzlədi, bir nəticə əldə edə bilmədilər, “Demokratik Qüvvələrin Məşvərət Məclisi”ni qurdular, yenə dağıldı, Milli Şura yaratdılar, yenə dağıldı.

26 ildir dağıla-dağıla gələn müxalifətin fatihəsi çoxdan oxunub, amma dəfn edən tapılmadığı üçün hələ də ortada qalıblar.

İndi ortalıqda qalanlar onları “faşist”, “genetik xəstə” adlandıran Əli İnsanovun “işığına” toplaşıblar. O İnsanov ki, müxalifəti “güllələmək” istəyirdi və bu gün “güllələmək” istədiyi adamlarla birlikdə “heç nə istəmirəm, təkcə xalqımın yaxşı yaşamasından başqa...” nağılları ilə 73 yaşında inqilabçılıq eşqinə düşüb.

Dəyirmi masada əyləşənlərə baxmaq kifayət edir ki, ora niyə toplandıqlarını, nə istədiklərini və hansı siyasi-psixoloji vəziyyətdə olduqlarını anlayasan.

Arif Hacılı Müsavatın ikinci dönəm başqanı kimi “müxalifətin tarixində” qalmaq üçün belə bir dəyirmi masa təklifini irəli sürdü. Halbuki, 19 oktyabrda Əli Kərimlinin qapısına gedib, “gəl, birlikdə mitinq edək” təklifini irəli sürmüş, cavabsız qaldığı üçün oktyabrın 23-də “dəyirmi masa” təklifi ilə çıxış etmişdi. Onun solunda Əli İnsanov əyləşib.

Keçmiş səhiyyə naziri, hakimiyyətdə olarkən müxalifəti “genetik xəstə” adlandıran, müxalifətə keçib hakimiyyəti ittiham edən bu adamı müxalifət özünün “loğman"ı sayır. Onun solunda İsa Qəmbər əyləşib.

Və bu mənzərə İnsanovun “Müsavatın lideri” adlandırdığı “başqanın” növbəti iflasının nümunəsidir. İsa Qəmbərin solunda Pənah Hüseyn görünür.

Onun dəyirmi masada niyə iştirak etdiyi müxalif cameədə haqlı olaraq suallar doğurub. Adamın bir özü, bir adı olan partiyası var və sosial şəbəkələrdə cəbhəçilərdən birinin paylaşdığı kimi, “aranı qarışdırmaqdan başqa əlindən heç nə gəlmir”. Pənah Hüseynin solunda Hikmət Hacızadəni görürük.

Dəyirmi masada bəlkə də ən maraqlı personaj Hacızadə idi və o, öz personajının haqqını da verdi. Bildirdi ki, “mən təklif edirəm, bir yox, bir neçə bəyanat qəbul edək. Birini hakimiyyətə, birini xalqa, birini də misal üçün Qərbə. Deyək ki, “ay Qərb, adam kişi olar”. Hacızadənin çıxışı əslində, masanın mahiyyətini də ortaya qoydu. Onun solunda Mehman Əliyev əyləşib.

Mehman Əliyev çıxışına başlayan kimi bildirdi ki, “mən bura jurnalist kimi gəlmişəm”. “Siyasi liderlərin” ölkənin taleyi ilə bağlı “planlar” qurduğu bir masada jurnalistin niyə dəvət edildiyi də ayrı bir aləmdir. Onun soluna baxın.

Və budur, özünü “müxalifətin şəriksiz lideri”, “yeganə real qüvvə olan AXCP-nin sədri” və daha nələr-nələr adlandıran Əli Kərimli oturub. Küsülü olduğu İsa Qəmbər tərəfə baxmamağa çalışır, həm də masada “böyük” görünmək üçün çiyinlərini var-gücü ilə yuxarı dartır. Çıxışında da dolayısı ilə “mən olmasam, bu masa heç kim üçün maraqlı olmaz” mesajları da verdi.

“Halqanı” tamamlayırıq və nəticəyə baxırıq: balaca bir SIFIR.

Bu sıfırın içində nümayiş olunan məzhəkənin məqsədi də məlumdur. Əli İnsanov həbsdən çıxanda dediyi kimi, “müxalifəti başına toplayıb, rəhbər olmaq” niyyətindədir. Əsas hədəfi də hakimiyyətdən qisas almaqdır. Siyasi partiya liderləri isə İnsanovu “kassa” gözündə görürlər. Yaxşı bilirlər ki, keçmişi korrupsioner olan İnsanovun maddi imkanları yaxşıdır və sponsor ola bilər. Və onlar üçün İnsanovun dolu portmanatı bütün dəyərlədən üstün görünür.

Bunları “dəfn edən” tapılsaydı, camaatın əl-ayağına dolaşmazdılar...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm