Parlament məhz mənim kimi insanların yeridir - Azər Həsrət
Bizi izləyin

Nida Təhlil

Parlament məhz mənim kimi insanların yeridir - Azər Həsrət

9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.

Jurnalist Azər Həsrət deputatlığa namizədliyini irəli sürməsi ilə bağlı xəbərlərə Publika.az-ın suallarını cavablandırarkən münasibət bildirib.

- Parlament seçkilərində iştirak edəcəksinizmi?

- Mən bütün fəaliyyətimi siyasi proseslərdə fəal iştiraka yönəltmişəm. Dövlətimə faydalı olmaq üçün çalışmışam. Məni yaxından izləyənlər bilir ki, istər ölkə daxilində, istərsə də xaricdə bu proseslərdə aktiv şəkildə iştirak edirəm. Xüsusilə, Azərbaycanın səsi olmağa çalışmışam. Bu istiqamətdə kifayət qədər təcrübəm var. O baxımdan, parlamentə iddiam var və bunu bəyan etmişəm. Yəqin ki, ən qısa müddətdə konkret olaraq, hansı dairədən namizəd olacağım barədə qərarımı verəcəyəm. Ümumilikdə, düşünürəm ki, parlament məhz mənim kimi insanların yeridir. Çünki təcrübəm, bacarığım, biliklərimlə dövlətimə və millətimə fayda verə bilərəm. Qısası, parlamentə iddialıyam və namizədliyimin qətiləşdirilməsi üçün bir neçə gün müəyyən məsələləri müzakirə etməli olacağam.

- Bitərəf qatılacaqsınız?

- Bitərəfəm. Bütün siyasi fəaliyyətim dövründə də bitərəf olmuşam. Bəzən məni hansısa partiyanın üzvü olmuşam kimi təqdim edirlər. Amma mən heç zaman partiya üzvü olmamışam. Sadəcə olaraq, siyasi seçim etmişəm. Seçki proseslərində siyasi tərəf tutmaq normaldır. Hazırkı mövqeyim də heç kimə sirr deyil: cənab Prezident İlham Əliyevin şəxsən özünü, onun siyasi kursunu dəstəkləyirəm. Bu, bir seçimdir. Lakin siyasi mənsubiyyət məsələsində bitərəfəm.

- O zaman niyə YAP-a qatılmırsınız?

- Düşünmürəm ki, YAP-ın üzvü olmaqla daha çox şey əldə edə bilərəm. Çünki mən həm də jurnalistəm. Eyni zamanda, beynəlxalq platformalarda fəal iştirak edirəm. Düşünürəm ki, mənim kimi insanın partiyaya üzvlüyü xeyirdən çox ziyan gətirə bilər. Fəaliyyətimin məhdudlaşdırılmasına səbəb ola bilər. Partiya üzvü olmaq o deməkdir ki, partiya ilə hesablaşmalısan. Partiyanın qərarlarına uyğun davranmaq lazımdır. Amma mən müstəqil şəxs olaraq daha çevik davrana bilirəm. Daha sərbəst qərarlar verə və onları icra edə bilirəm. O baxımdan, bir partiyanın üzvü olmaq kimi istəyim yoxdur.

- Sizcə, YAP, üzvlərinin fəaliyyətini məhdudlaşdırırmı?

- İstənilən partiya öz üzvlərinin fəaliyyətinə nizamnamə çərçivəsində bu və ya digər şəkildə müdaxilə edir. Nizamnamə üzvlər qarşısında öhdəlik yaradır. İndiki şəraitdə YAP-ın hər hansı üzvü deputatlığa namizədliyini irəli sürmək istəyəcəksə, bu, mütləq partiyanın qərarı ilə olmalıdır. YAP-ın hazırda 750 min üzvü var. Onların arasında da əminəm ki, deputatlığa iddia edən şəxslər var. Əlbəttə ki, onların hamısı deputatlığa namizədliyini irəli sürmək istəsə, bu, partiya daxilində xaosa səbəb ola bilər. Ona görə də partiyalar bir qayda olaraq, nizamnamə öhdəlikləri çərçivəsində hərəkət edirlər. Yəni, deputatlığa namizədlərini müəyyən edərkən geniş müzakirə aparırlar.

- Hansı seçki dairəsindən namizədliyinizi irəli sürmək niyyətindəsiniz?

- 55 saylı Xaçmaz şəhər seçki dairəsindən qatılmağı düşünürəm. Çünki həm doğulub boya-başa çatdığım rayondur, həm də oranın insanları ilə çox yaxın təmasım var. Mənim orada görə biləcəyim işlər də az deyil. Eyni zamanda, bilirsiniz ki, Xaçmaz rayonuna yeni icra başçısı təyin olunub. Cənab Prezident icra başçısını təyin edərkən tapşırıq verdi ki, rayona yeni investisiyalar cəlb olunmalıdır. Düşünürəm ki, Xaçmazdan deputat seçilsəm, o investisiyaların cəlb edilməsində də böyük işlər görə bilərəm. Ən azından, nəzərdə tutduğum istiqamətlər var ki, o istiqamətlərdə şəxsən xarici ölkələrdən investisiya cəlb edərəm. Ümumilikdə, Xaçmazın Azərbaycanda ən inkişaf etmiş rayonlardan biri olmasına töhfə verə bilərəm.

- Parlamentə seçiləcəyiniz təqdirdə, ilk verə biləcəyiniz təklif nə ola bilər? Ürəyinizdən nə keçir?

- Bəzən parlamentə iddiası olanlar daha çox böyük siyasətdən, qlobal məsələlərdən danışırlar. Mən isə düşünürəm ki, yerlərdəki Azərbaycan vətəndaşını düşündürən heç də qlobal siyasət məsələləri deyil. Onları düşündürən yol, su, qaz, işıq, məktəbdir. Bu baxımdan, indi qabağa qaçıb bunları demək istəmirəm. Hər halda, düşünürəm ki, deputat olacağım təqdirdə, daha çox yerli əhalinin problemlərinə istiqamətlənmiş məsələlər üzərində ciddi dayanacağam. İkinci istiqamətim isə Azərbaycanın beynəlxalq platformalarda layiqincə təmsil olunmasıdır. Parlamentin hazırkı tərkibi bu işin öhdəsindən yetərincə gələ bilmədi. Onun buraxılmasının əsas səbəblərindən biri də budur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm