Nida Təhlil
Elxan Şahinoğlu: Prezident yeni bir ənənənin başlanğıcını qoydu
“Prezident İlham Əliyev ilin sonunda 4 yerli televiziya kanalına geniş müsahibə verməklə yeni bir ənənənin başlanğıcını qoydu”.
Publika.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, prezidentin müsahibəsi cəmiyyətdə informasiya boşluğunun və şayiələrin qarşısını alır: “İlham Əliyev bundan əvvəl REAL TV-yə geniş müsahibə vermişdi. Ancaq budəfəki format başqa ölkə liderlərinin, o cümlədən qonşu Türkiyə və Rusiya prezidentlərinin istifadə etdikləri üsula bənzəyirdi. Misal üçün Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan partiyasının qrup toplantısında müxtəlif mövzularla bağlı geniş açıqlamalar verməklə yanaşı, ən azı ayda bir dəfə hansısa televiziya kanalına geniş müsahibə verir və ən müxtəlif suallara cavab verir.
Azərbaycanda da informasiya siyasətinin gücləndirilməsinə ehtiyac var. Azərbaycan prezidenti müxtəlif müşavirələrdə müxtəlif mövzular barədə açıqlamalar versə də, bir çox məsələnin aydınlaşdırılması, dəqiqləşdirilməsi vacibdir. Məsələn, prezident müsahibə boyunca “Azərbaycan Avropa İttifaqı ilə sazişi nə zaman imzalayacaq”, “Azərbaycanın Avropaya inteqrasiyası hansı şərtlər altında mümkündür”, “Şərq Tərəfdaşlıq Proqramından gözləntilərimiz varmı”, “dövlət başçısı həbs olunan icra başçıları barədə nə düşünür” və “erkən parlament seçkilərinə nə ehtiyac var idi” kimi suallara aydınlıq gətirdi”.
O, televiziya təmsilçilərinin ilk suallarına Azərbaycan-Avropa Birliyi münasibətlərindən başlamağının təsadüfi olmadığını qeyd edib: ”Çünki İlham Əliyev son çıxışlarının birində Avropadakı ümumi vəziyyəti tənqid etmiş və Azərbaycanın Avropaya inteqrasiya olunmayacağını söyləmişdi. Halbuki, Bakı ilə Brüssel arasında uzun illərdir strateji əməkdaşlıqla bağlı sazişin üzərində iş gedir. İlham Əliyev ilk dəfə sazişin imzalanmasının gecikməsinin iki səbəbini göstərdi.
Birincisi, prezident qeyd etdi ki, sazişin mətninin təxminən 90 faizi razılaşdırılıb. Buna baxmayaraq, Brüsselin şərtlərindən biri Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü sürətləndirməkdir. İlham Əliyevin cavabından aydın oldu ki, indiki şərtlər altında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü mümkün deyil. Çünki, ucuz mallar Azərbaycan bazarını doldura bilər. Azərbaycan rəqabət qabiliyyətli məhsullar istehsal etməlidir ki, xarici mallarla rəqabətə tab gətirə bilsin. Bakı ilə Brüssel arasında müzakirələrin məhz bu amilə görə uzandığını “Atlas” Araşdırmalar Mərkəzi bu mövzuda yazdığı keçmiş analizlərində göstərib.
Prezident sazişin imzalanmasının yubanmasının ikinci səbəbini də göstərdi. Avropa İttifaqı Azərbaycandan tələb edir ki, başqa ölkələrə qazı hansı qiymətə satırsa da, daxili bazarda da eyni qiymətə satsın. Bu Azərbaycanın maraqlarına uyğun deyil. Çünki yerli əhali və sənaye müəssisələri üçün qazın qiymətləri artarsa həm narazılıq, həm də yerli məhsulların qiyməti artacaq. Bakı Brüsselin bu şərtini qəbul etmir.
Hazırda bu iki maneənin aşılması istiqamətində iş gedir ki, Azərbaycan Avropa İttifaqı ilə saziş imzalaya bilsin. Daha əvvəl Bakının da Brüsseldən önəmli tələbi var idi. Sazişdə Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz vurğulanmalıdır! Bu məsələ həll olunub. Avropa İttifaqı necə ki, Gürcüstan, Ukrayna və Moldova ilə imzaladığı assosiativ sazişlərdə bu ölkələrin ərazi bütövlüklərinə dəstək ifadə edib, eyni maddənin Azərbaycanla sazişdə də vurğulanacağı razılaşdırılıb.
Buna baxmayaraq, prezident müsahibəsində qeyd etdi ki, o Avropa İttifaqının “Şərq Tərəfdaşlıq Proqramının” perspektivinə də inanmır. Hər halda prezidentin sözlərində o da aydın oldu ki, Azərbaycan bu proqramdan imtina etməyəcək. Çünki, bu proqramda Azərbaycandan başqa 4 dövlət var və əgər Azərbaycan proqramı tərk edərsə bu Bakının Avropa İttifaqına əhəmiyyət vermədiyi anlamına gələcək. Rəsmi Bakı isə belə təsəvvürün formalaşmasını istəmir. Ona görə də Azərbaycan proqramda simvolik olsa da iştirakını davam etdirəcək. Prezidentin dediyi kimi Şərq Tərəfdaşlıq Proqramı irəli sürüləndə dünyada və bölgədə şərtlər başqa idi, indisə fərqlidir. Şərq Tərəfdaşlıq Proqamında Ermənistan da var. O da həqiqətdir ki, işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistan arasında birgə iştiraka yönələn heç bir proqram işlək ola bilməz”.
Şahinoğlu bildirib ki, prezidentin regional layihələrdən danışarkən qonşu ölkələrlə yaxşı münasibətlərin vacibliyini vurğulamasında təbii ki, söhbət Rusiya və İrandan gedir: “Azərbaycan əsas enerji və nəqliyyat layihələrini strateji tərəfdaşı olan Türkiyə və Gürcüstanla (Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, TAP) reallaşdırır. Ancaq son illərdə Azərbaycan Rusiya və İranla da ortaq regional layihələr icra edir və bu iki dövlət Azərbaycan-Gürcüstan-Türkiyə boru və nəqliyyat xətlərindən istifadəyə maraq göstərirlər. Prezident bu mövzuya belə yekun vurdu ki, qonşu dövlətlərlə münasibətlərdə problem olsaydı onlarla regional layihələrin reallaşdırmaq mümkün olmazdı. Beləliklə, prezident Azərbaycanın Rusiya və İranla dost və mehriban münasibətlərin formalaşmasında geoiqtisadi amillərin başlıca rol oynadığına işarə etdi. Bu regional əməkdaşlıq formatı Ermənistanı daha çox təcrid etməyə imkan verir”.
Politoloqun fikrincə, Azərbaycan cəmiyyətində ən çox verilən suallardan biri olan “Prezident parlamenti niyə erkən buraxdı” sualına prezident iki istiqamətdə cavab verib: “Vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşmalı və qanunvericilik sahəsində atılan addımlar ümumi islahatlar kursunu dəstəkləməlidir. Bəzi hallarda deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır. Sonra da növbəti seçkilər yaxınlaşanda başlayır ki, mənə dəstək verin. Yəni, ona xalq dəstək verməlidir.
Prezident bu iki səbəbi vurğulamaqla izah etdi ki, parlamentin indiki tərkibindən razı deyildi. Buna baxmayaraq, bir sıra passiv deputatların yenidən namizədliklərini irəli sürmələrinə dair xəbərlər çoxalır. Əslində bununla həmin keçmiş deputatlar prezidentin yanaşmasını qəbul etmədiklərini biruzə verirlər.
Prezidentin müsahibəsində dediyi və sosial şəbəklərdə ən çox müzakirə olunan cümlə isə budur: “Qanunsuzluq edən məmurlar xalqdan qorxmurlar, heç olmazsa Allahdan qorxsunlar”. Ümumiyyətlə iki rayonun icra başçısının rüşvət və soyğunçuluqla üstündə həbs olunmaları icra hakimiyyəti institutuna zərbə vurdu. Onsuz da əvvəl də bu instituta inam az idi. Yerlərdə seçkili orqanların, yəni bələdiyyələrin səlahiyyətlərinin artırılmasına ehtiyac var. Bu halda onların məsuliyyəti də fərqli olar. “Kadr islahatlarını 5 il tez həyata keçirmək qeyri-mümkün idisə, 2 il sonra isə çox gec ola bilərdi” – deyən prezident zamanla ayaqlaşmanın vacib olduğuna işarə vurdu. Prezident yararsız və rüşvətxor məmurlar barədə növbəti xəbərdarlığını bir daha təkrarladı: “Rüşvətxor məmurlar ölkəmizə və iqtidara ləkədir”. Prezidentdən başqa heç bir rəsmimimiz mövcud duruma bu qədər açıq qiymət verməyib.
Prezident ictimai nəzarətin hədsiz zəif olmasından da narazıdır. Prezident bu nəzarəti hətta “ibtidai səviyyədə” qiymətləndirdi. Prezidentin sözlərindən o da aydn oldu ki, ona tərif yox, vəziyyəti əks etdirən hesabatlar və fikirlər lazımdır ki, problemlərin həlli mümkün olsun. Həqiqətən hədsiz tərif və monoloq inkişafa və problemlərin həllinə mane olan əsas amildir. Prezident bu fikri yenə də təkrarladı: “Bəzi məsələlər mənə məruzə edilmir. Çünki sərf etmir o adamlara məruzə etmək. Müşavilərim mövcud durum barədə hesabat vermədikdə medianın yazılarından və reportajlarından istifadə edirəm”. Prezident bu fikir bir neçə il əvvəl mətbuat nümayəndələri ilə görüşdə də demişdi. Demək, müşavirlərin və köməkçilərin durumu prezidentdən gizlətməyə çalışması ənənəsi davam edir”.
Elxan Şahinoğlu “Atlas” Araşdırmalar Mərkəzinin vəziyyətdən çıxış yolu kimi Prezident yanında İctimai Palatanın yaradılmasını təklif etdiyini qeyd edib: “Bu Palatanın sözünü deyə bilən və cəmiyyətin problemlərindən xəbərdar olan insanlardan formalaşması mümkündür. Məsələn, Rusiyada belə bir Palata fəaliyyət göstərir və Palata üzvləri mütəmadi toplantılarında Rusiya prezidenti qarşısında müxtəlif problemləri qaldırır, müzakirələr aparırlar. Rusiya prezidenti yanında gənclərdən formalaşan Xalq Cəhbəsi adlanan hərəkat da fəaliyyət göstərir. Onlar da ictimai nəzarət funksiyasını həyata keçirirlər. Rusiya Xalq Cəbhəsi fəalları yerlərdə insanların əsas problemlərini öyrənir, məmurlar üzərində nəzarəti gücləndirir və mənfi siqnallar barədə Kremlə məlumatlar ötürürlər. Kremldə isə prezidentin komandası həmin məlumatları ümumiləşdirir və dövlət başçısına mütəmadi hesabatlar hazırlayırlar. Bu modeldən Azərbaycan da istifadə etmək olar. Yerli icra hakimləri və məmurlar üzərlərində cəmiyyətin ciddi nəzarətini hiss etməlidirlər ki, qanunsuz əməllərdən çəkinsinlər”.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı