Real sektorda ciddi kredit tələbinin formalaşdırılmasına ehtiyac var - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Real sektorda ciddi kredit tələbinin formalaşdırılmasına ehtiyac var - ŞƏRH

“Bank sektorunda böhran bitib, ancaq böhrandan sonrakı mərhələnin də özünəməxsus xüsusiyyətləri var”.

Bu fikirləri Publika.az-a açıqlamasında iqtisadçı Elman Sadıqov səsləndirib.



İqtisadçı qeyd edib ki, böhrandan sonrakı dövrdə əsas məsələ psixoloji faktordur: “Bu faktorun da əsasında inam və etibar durur. Böhran dövründə əhalinin banklara, bankların əhaliyə, real sektora və ya real sektorun banklara qarşılıqlı şəkildə inamının bitməsi prosesi baş verir. Etibarın bərpa olunması üçün də müəyyən vaxt tələb olunur. Prezident İlham Əliyevin fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı bank sektoru ilə bağlı səsləndirdiyi fikirlərin də məğzi bundan ibarətdir ki, artıq biz həmin dövrü arxada qoymalıyıq. Yaranan boşluğu doldurmaq lazımdır. Çox önəmli məsələlərdən biri də bank sektorunun real sektoru kreditləşdirməsi və maliyyələşdirməsidir. Konfransda ölkə başçısının qeyd etdiyi kimi real sektorun dirçəlməsində, daha da aktivləşməsində həm iş adamlarından çox şey asılıdır, həm də bank sektorundan. Bank sektorunda müəyyən mexanizmlər var. O mexanizmlərdən biri budur ki, artıq köhnə qayda ilə kreditləşmə məsələləri mümkün deyil. İnam və etibarı, risklərlə bağlı məsələləri, bankların kreditlərə daha konservativ yanaşmasını, iş adamlarının məsələyə münasibətini nəzərə alsaq bu qərara haqq vermək olar. Cənab Prezident qeyd etdi ki, artıq çox iri kreditlərə o qədər də üstünlük verilməyəcək. Çünki iri kreditlər bizim prioritetimiz deyil. Əsas məsələ kiçik və orta sahibkarlıqdır ki, onlar inkişaf etsin. Bu il ərzində kreditləşmə mexanizminin xüsusilə böyük banklar tərəfindən müəyyən dərəcədə təkmilləşdirilməsi və nisbətən dəyişəcəyini düşünürəm. Çünki layihələrin layihələşdirilməsi mexanizminin Azərbaycan gerçəkliklərini, reallıqlarını, iş adamlarının vəziyyətini və s. nəzərə alaraq müəyyən prinsiplərlə tətbiq oluna biləcəyini güman edirəm. Bunun tərəfdarıyam ki, İpoteka və Kredit Zəmanət Fondu real sektorun maliyyələşdirilməsində daha aktiv iştirak etsin. Xüsusilə, o kreditlərin ki, həmin məbləğ iş yerlərinin açılmasına xidmət edəcək və ya ölkəmiz üçün vacib olan layihələri reallaşdıracaq. İnvestisiya bankçılığı, kommersiya və İslam bankçılığındakı müsbət və daha az riskli tərəfləri götürərək müəyyən mexanizmlər yaratmaq olar”.

E.Sadıqov prioritet layihələrin reallaşdırılma metodlarından da danışıb: “Prioritet layihələrin müəyyənləşdirilməsi İqtisadiyyat Nazirliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının iştirakı ilə baş tuta bilər. Zənnimcə, qanunvericilikdə operativliyi artırmaq üçün bəzi dəyişikliklər etmək mümkündür”.

İqtisadçı hesab edir ki, real sektor riskli olsa və inkişaf etməsə banklar zərər görə bilər: “Dövlət bəzi layihələrdə pay sahibi olur və ya onların həyata keçirilməsinə zəmanət verir. O layihələrə dəstək olur ki, onlar ölkə iqtisadiyyatı üçün önəmlidir. Nə baş verir? Nəzarət mexanizmi qurulur. Layihə bitdikdən sonra başqa bir investora satılır. İqtisadiyyatın inkişaf etməsi bankların özlərinin birbaşa mənafeyinə cavab verən məsələdir. Bank sektoru çalışmalıdır ki, real sektorla ortaq nöqtə tapsın. Real sektorla bank sektoru arasındakı boşluğun doldurulmasında aidiyyəti qurumlar da iştirak etməlidir. Real sektorun özündə ciddi bir kredit tələbinin formalaşdırılmasına ehtiyac var. Bu kredit tələbi formalaşdırıldıqdan sonra artıq biz hansı kreditləri, layihələri, mexanizmləri həyata keçirməliyik, bu barədə düşünüb, yeni mexanizmlər tapıb tətbiq edə bilərik. Həmçinin girov məsələsi ilə bağlı qanunvericilikdə dəyişikliklər etmək və ya əhalini maarifləndirmək olar”.

Elman Sadıqov real sektorla, bank sektorunun üzləşəcəyi risklərə də toxunub: “Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi sıfır risk daşıyır. Yəni, bu fondlar banklara kreditləri verib kənara çəkilir. Mənə elə gəlir ki, bu sahədə qanunvericilikdə müəyyən güzəştlərə ehtiyac var. Çünki burada konkret olaraq banklarla real sektor üz-üzə qalır. Bütün risklər bankların üzərində olur. Əgər biz istəyiriksə, real sektor və Azərbaycan iqtisadiyyatı inkişaf etsin, burada bir az qanunvericilik məsələlərinə baxmaq olar. Sahibkarların yanaşması dəyişməli və məsuliyyətləri artmalıdır. Hesab edirəm ki, real sektorun kreditləşməsi, maliyyələşməsi ilə bağlı tələblərin yerinə yetirilməsi ön plana keçməlidir. Çünki bu gün yerinə yetməsə, 1-2 il də belə davam etsə, real sektor zəifləyə bilər”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm