Cinayət və Cəza: Prezident əsas silahını işə saldı...
Bizi izləyin

Nida Təhlil

Cinayət və Cəza: Prezident əsas silahını işə saldı...

“Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Heydər Əliyevin bu sözləri dövlət idarəçiliyində onurğa tezislərdən biri sayıla bilər. Təəssüf ki, bəzən günahsıza cəza verildiyi, günahkarların isə müəyyən müddət olsa da cəzasız qaldığı zamanlar olub. Olub, amma həmişə ədalət yerini tapıb və buna görə Azərbaycan dövləti sarsılmayıb.

Bir müddət öncə Bilasuvar rayonundan olan bir neçə sakinin icra hakimiyyətinin başçısı Mahir Quliyevin onlara məxsus torpaq sahəsini mənimsədiyinə dair müraciətləri yayıldı. Söhbət dövlət tərəfindən ayrılan pay torpaqlarından gedir və adətən əyalətlərdə insanların əsas qazanc yeri bu torpaqlardır. Bu, günahsıza verilən cəza idi, amma dövlət əsl günahkarı cəzasız qoymadı.

Budur, sosial şəbəkələrin fenomeninə çevrilən “qara maskalılar” Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin iş otağındadır. Günahsızları cəzalandıran günahkarın cəzasının vaxtı çatıb.

- Maddi yardıma ehtiyacı olan şəxslərə ayrılmış sosial yardımı mənimsəmək;
- Sahibkarlardan rüşvət toplamaq;
- İşsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləği mənimsəmək;
- Rayonda təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsini nağdlaşdıraraq mənimsəmək;


Bu əməlləri törədən Mahir Quliyev iş otağında növbəti dəfə rüşvət alarkən saxlanılıb.

Dövlət Təhlükəsizlik Xidmətinin bu əməliyyatı cəmiyyətdə yüksək əhval-ruhiyyə ilə qarşılandı. Eyni əməliyyatlar Neftçala, Yevlax, Ağstafa, İsmayıllı rayonlarında keçirilərkən də cəmiyyətin reaksiyası yüksək oldu.

Məmur özbaşınalığı, dövlətin vətəndaş üçün ayırdığı yardımın mənimsənilməsi, dövlət vəsaitinin oğurlanması, rayonlarda icra başçılarının (istisnalar var) “başçı olmağı ağalıq kimi qəbul etməsi” dövrü, bir sözlə cəzasızlıq mühiti sona çatdı.

Prezident İlham Əliyevin 2018-ci ildə start verdiyi genişmiqyaslı islahatlar Azərbaycanın böyük ölçüdə yenilənməsi ilə nəticələndi. Dövlət başçısı bir çox ölkənin ağrılı təcrübəsi olan “inqilabla islahat” yox, “islahatla inqilab” strategiyasına əsaslanaraq, dövlətin yeni dövrə keçidini ağrısız şəkildə həyata keçirdi. Çünki “aşağıdan başlanan dəyişiklik inqilab, yuxarından başlanan dəyişiklik islahat”dır. Yuxarıdan başlanan islahat dalğasının aşağılara da çatacağı məlum idi, amma bu dəfə dövlət sərt üzünü göstərdi.

Neftçala, Yevlax, Ağstafa, İsmayıllı və Bilsuvarda yüksək vəzifəli şəxslərin cinayət əməlləri ifşa olundu və proses davam edir. Dövlət başçısı qanunsuz əməllərə yol vermiş məmurları heç vaxt bağışlamayıb və belə məmurlar dərhal vəzifələrindən çıxarılıb.

Burada önə çıxan sual belədir: Prezidentin əsas silahını niyə işə saldı?

Dövlət başçısı mayın 1-də yeni Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən bu sualın da cavabını verdi: “Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər”.

Prezidentin xəbərdarlığını “dövlət hər şeyi bilir, işinizə düzəliş edin, edə bilmirsinizsə, mənimsədiyiniz dövlət vəsaitini yerinə qoyun və könüllü şəkildə istefa verin” deyə oxuya bilərik, əks təqdirdə, dövlətin sərt üzünü görəcəksiniz.

Xəbərdarlığı eşitməyənlər cinayətlərinə davam etdilər və cəzalarını aldılar. Prezidentin əsas silahını işə salmasının səbəbi də budur.

Dövlətin hüquq-mühafizə orqanları, qanunları, məhkəmələri, topu-topxanası var, amma bütün dövrlərdə və bütün dövlətlərdə xüsusi xidmət orqanları dövlətin əsas silahı olub və onlar yalnız ən vacib məqamda üzə çıxırlar. Cəmiyyətdə “qara maskalılar əməliyyatı” olaraq qəbul edilən DTX-nın Prezidentin göstərişi ilə hərəkətə keçməsi dövlətin əsas silahının işə salınmasıdır.

Bu həm də bir dövrün qapanması, yeni dövrün başlanması deməkdir: heç bir cinayət cəzasız qala bilməz.

“Qara maskalıların” cəmiyyətdə fenomenə çevrilməsi və xalqın problemlərinin həlli üçün birbaşa Prezidentə üz tutmasının səbəbi də budur.

Artıq bölgələrdə indiyə qədər eşidilən “Bakı səsimizi eşitmir” şikayətləri olmayacaq, çünki Bakı səsinizi eşidir!

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm