Ermənistanda siyasi böhran dərinləşir: Bakı hansı addımlar ata bilər? - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Ermənistanda siyasi böhran dərinləşir: Bakı hansı addımlar ata bilər? - TƏHLİL

Ermənistanın sosial-iqtisadi sistemini və ictimai təhlükəsizliyini alt-üst edən koronavirus pandemiyası siyasi böhrana səbəb olub və baş verənlər ölkəni yaxın dövrdə yeni qarışıqlığın gözlədiyi versiyasını gücləndirir.

İyunun 14-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) “Çiçəklənən Ermənistan” Partiyasının lideri, oliqarx Qaqik Çarukyanın evini mühasirəyə alması siyasi böhranın fitilini alovlandırdı. Xüsusi təyinatlılar “Çiçəklənən Ermənistan” Partiyasının ofisində də axtarışlar aparıb. Çarukyan dindirilmək üçün Milli Təhlükəsizlik Xidmətinə aparılarkən bildirib ki, “geri çəkilmək niyyətində deyil”. Onun tərəfdarları MTX-nin binası önündə “Nikol get”, “Çarukyan baş nazirdir” şüarları ilə aksiya keçirib, hətta binaya daxil olmaq istəyərkən xüsusi təyinatlılarla qarşıdurma yaşanıb.

Paşinyanın “küçə inqilabı” ilə hakimiyyətə gələrkən əsas dəstəkçisi kimi çıxış edən və daxili siyasətdə güclənməsində payı olan Çarukyanın üzərinə xüsusi təyinatlıları göndərməsi Ermənistanda pandemiyanın yaratdığı acınacaqlı mənzərə fonunda təsadüfi deyil.

Hadisələrin xronologiyası baş verənlərdən siyasi böhranın yetişdiyi nəticəsini çıxarmağa imkan verir:

Ermənistan hökuməti vətəndaşları pandemiyanın yaratdığı tibbi və sosial-iqtisadi böhrandan xilas edə bilmədi. Bu, Paşinyanın reytinqinin sürətlə aşağı düşməsinə səbəb oldu və siyasi rəqibləri cəmiyyətdə yaranmış mənfi atmosferdən ona qarşı maksimum istifadə etməyə çalışır.

İyunun 8-də Ermənistan daxilində bomba effekti yaradan istefalar yaşandı: Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan, Ermənistan ordusunun Baş Qərargah rəisi general-leytenant Artak Davtyan və Polis rəisi Arman Sarkisyan eyni gündə istefa məktublarını prezident Armen Sarkisyana təqdim etdilər. Ermənistan hakimiyyəti bu istefaları Paşinyanın reytinqini yüksəltmək üçün baş nazirin şəxsi iradəsi kimi təqdim etməyə çalışır. İstefadan bir gün öncə - 7 iyunda Baş Qərargah rəisi Artak Davtyanın karantin qaydalarını pozaraq oğluna toy etməsinin görüntülərini yaymaqla Paşinyanın reytinqinə “işləyən” addım atıldı. Parlamentdə hakim partiyadan sonra ikinci böyük fraksiya olan “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Çarukyanın son dövrlər hökumətin pandemiya qarşısında aciz qalmasını əsas gətirərək, tez-tez tənqidi çıxışlar etməsi, eyni mətnli tənqidlərin üçüncü böyük fraksiya olan “İşıqlı Ermənistan” Partiyası tərəfindən də səsləndirilməsi fonunda yaşanan bu istefalar ilk baxışda Nikol Paşinyanın siyasi gediş etdiyi ehtimalını önə çıxarır: həm pandemiyanın yaratdığı böhranı istefa verənlərin üzərinə yıxmaq və şəxsi reytinqini yüksəltmək, həm də “kənar qüvvələrə” bağlı olduğunu hesab etdiyi güc strukturları rəhbərlərini istefaya göndərməklə təhlükəni özündən uzaqlaşdırmaq istəyir; hər üç istefanın dərhal qəbul edilməsi və elə həmin gün yeni təyinatların olması da - general-leytenant Onik Gasparyan Baş Qərargah rəisi, polkovnik Argişti Kərəmyan Milli Təhlükəsizlik Xidmətinin direktoru, polkovnik Vaqe Qazaryan Polis rəisi – bunu deməyə əsas yaradır;

Hərçənd, burada ən diqqətçəkən məqam üç güc strukturu rəhbərinin eyni gündə istefa verməsi və bir gün sonra parlamentdə Nikol Paşinyanın istefa tələbinin gündəmə gətirilməsidir.

Güc strukturlarının eyni gündə istefa ərizəsi yazması təsadüfi deyildi. Bunun “kənar müdaxilə” ilə baş verdiyi və məqsədin Paşinyana xəbərdarlıq olduğu istisna deyil. Bir gün sonra – 9 iyunda “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Çarukyanun “hökumətin vədlərini yerinə yetirməsi üçün vaxt verildiyini, lakin ölkəyə investisiyanın gətirilmədiyini, iqtisadiyyatın inkişaf etmədiyini, koronavirusla mübarizədə də uğursuz olduğunu” əsas gətirərək, istefa tələbi ilə çıxış etməsi güc strukturlarının rəhbərlərinin istefasının davamı kimi görünür:

- Milli Təhlükəsizlik Xidmətinin direktoru, Ermənistan ordusunun Baş Qərargah rəisi və Polis rəisi istefa verməklə hakimiyyəti zəiflədir, beləliklə pandemiyanın ağır zərbə vurduğu Paşinyanın hakimiyyətini saxlamaq üçün əlindəki gücü də azalır və Çarukyan dərhal “hökumət 97 faiz yox, 100 faiz istefa verməlidir” deməklə Paşinyanın da getməli olduğu mesajını verir. Burada Çarukyan və istefa verən güc strukturları rəhbərlərinin birgə hərəkət etdiyi versiyası güclüdür.

Bu qüvvələri hərəkətə keçirən “kənar müdaxilə” kimdir?

Bu sualın cavab axtarışı diqqəti Rusiyaya yönəldir. Ermənistanın ictimai-siyasi cameəsi mövcud iqtidara qarşı olan hadisələrin arxasında Rusiyanın olduğu haqda tez-tez danışır və belə mülahizələr irəli sürülür ki, Moskva Paşinyan hakimiyyətini dəyişdirmək üçün ənənəvi “sərt güc”dən yox, “yumşaq güc”dən istifadə etmək qərarına gəlib. Rusiyanın aparıcı KİV-lərinin son dövrlər Ermənistanda baş verən hadisələrlə bağlı soyuqqanlı şəkildə informasiyalar verməsi və təhrikedici yazılar dərc etməməsi də diqqət çəkir.

Bu mülahizələr fonunda Çarukyan faktoru ön plana çıxır. Parlamentdə hakim “Mənim addımım” blokundan sonra ikinci ən böyük fraksiya olan “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Çarukyan Ermənistan siyasətinə təsir gücü olan əsas oliqarxlardandır. Keçmiş hakimiyyətlə əlaqələrinin olmasına baxmayaraq, Paşinyanın Çarukyanla anlaşmağa məcbur olması da bu gücdən qaynaqlanır. Onun bu gücünün əsasən Rusiya ilə əlaqələrindən qaynaqlanması haqda fikirlər var. 2018-ci ildə Serj Sarkisyanı devirən Paşinyanın hökuməti formalaşdırdığı dövrlərdə Çarukyanın Moskvaya səfərlər etməsi və Rusiya hakimiyyətinin nümayəndələri ilə görüşlər keçirməsi haqda məlumatlar da belə fikirləri gücləndirir.

Mümkündür, Ukrayna hadisələrindən nəticə çıxaran Rusiya 2018-ci ildə Ermənistandakı “küçə inqilabı”na sərt müdaxilə etmədi, əvəzində lazımi anda hərəkətə keçmək üçün Çarukyanın timsalında parlament müxalifətini gücləndirdi. Mövcud vəziyyətdə müşahidə olunanlar lazımi şəraitin yetişdiyini və Paşinyan hakimiyyətini çətin qarşıdurma gözlədiyini deməyə əsas verir.

Paşinyan Çarukyanı neytrallaşdıra biləcəkmi?

Ermənistan baş nazirinin xüsusi təyinatlıları Çarukyanın üzərinə göndərməsi təhlükəni “kökündən həll etmək” istədiyini göstərir. Hərçənd, tərəfdarları təhlükəsizlik xidmətinin binasına hücum edən Çarukyanın “geri çəkilməyəcəm” mesajı Paşinyan üçün güclü rəqibini sıradan çıxarmağın heç də asan olmayacağını göstərir.

Birincisi, keçmiş hakimiyyət və mövcud iqtidarda təmsil olunmuş, lakin ya istefa verən, ya da buna məcbur edilənlər Çarukyanın ətrafına toplaşacaq;

İkincisi, pandemiyanın yaratdığı vəziyyət Paşinyanın ictimai dəstəyini xeyli zəiflədib və narazı kütlə təzyiq olunan siyasi fiquru dəstəkləyə bilər;

Üçüncüsü, Paşinyanın Çarukyan təhlükəsini dəf etmək və dağınıq müxalifətin birləşməsinin qarşısını almaq üçün yeganə yolu növbədənkənar parlament seçkiləri keçirməkdir. Lakin pandemiyanın davam etməsi onun əl-qolunu bağlayır. Mövcud şəraitdə ən azı ilin sonuna qədər bunu etmək mümkün olmayacaq;

Hazırda Paşinyanın əsas dəstəkçisi qismində keçmiş Prezident Levon Ter-Petrosyan çıxış edir. Paşinyana qarşı artan təzyiqlərdən danışan Petrosyan bildirib ki, “pandemiya dövründə sosial-iqtisadi, siyasi cəhətdən ciddi problemlərə qarşı mübarizə aparan hökuməti tənqid etmək vətənə xəyanət kimi görünür”. Levonun 1990-cı illərdə “Erməni Milli Hərəkatı”nın “şinelinden çıxan” və “mənəvi oğlu” olduğu deyilən Paşinyana dəstək verməsi gözlənilməz deyil. Lakin bu dəstək Paşinyan üçün “baş ağrısına” çevrilib.

Petrosyanın məlum bəyanatından dərhal sonra müxalifət onun 1990-ci illərin ikinci yarısında Dağlıq Qarabağ münaqişəsində Azərbaycana güzəştə getmək planının yarımçıq qalması və bu işə Paşinyanın davam etməsi haqqında müxtəlif fikirlər səsləndirdi. Əslində vəziyyət heç də müxalifətin iddia etdiyi kimi deyil. Sadəcə olaraq, Ermənistanda Dağlıq Qarabağ məsələsində güzəştə getmək istəyən siyasi iqtidarın heç biri hakimiyyətdə qala bilməyib. Buna təşəbbüs edən Petrosyan istefa verməyə məcbur edildi. Karen Dəmirçiyan terrorçuların parlamentə hücumu zamanı öldürüldü. 2016-cı ildə “aprel müharibəsi”ndə məğlub olan Serj Sarkisyanın mövqeləri zəiflədi və iki il sonra hakimiyyəti tərk etməli oldu.

Ermənistan hakimiyyəti də, müxalifəti də bu reallığı bilir. Paşinyan Dağlıq Qarabağ məsələsində güzəştə getməyəcəyini dəfələrlə dilə gətirsə də, müxalifət onu əraziləri Azərbaycana qaytarmaq məsələsi üzərindən ittiham edir, siyasi imicinə zərbə vurmağa çalışır.

Bu ittihamlara tuş gələn Paşinyan hər şeyin nəzarət altında olduğunu göstərməyə çalışır və bu məqsədlə pandemiyanın vurduğu zərərə etirazların edilməsi, xüsusilə güc strukturları rəhbərlərinin istefasından sonra hökumət üzvlərinə xitabən “ölkədə son iki ildə yaşanan inkişafı görməyənlər varsa, hökumətin yeni tərkibdə qurula biləcəyinin” siqnallarını verir. Halbuki, reallıq hökumətin vəziyyətə nəzarəti əhəmiyyətli dərəcədə itirdiyini və Paşinyan üçün arzuolunmaz vəziyyətin yarandığını göstərir:

a) Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dilemma qarşısında qalıb: Bakı danışıqların konkret nəticələrə gətirib çıxmasında israr edir, beynəlxalq ictimaiyyət də Yerevana ünvanlanan “səmimi danışıqlar” tələbini irəli sürür. Avropa Parlamentinin işğal altındakı ərazilərə dair son bəyanatı bunun bariz nümunəsidir. Daxildə Paşinyana qarşı “əraziləri güzəştə getməklə” bağlı ittihamlar davam edir və böyük ehtimalla, bu ittihamlar davam etdiriləcək;

b) Pandemiya Ermənistanda ictimai, siyasi və iqtisadi münasibətləri alt-üst edib və ictimai rəydə baş naziri artıq “arzuolunmaz lider” kimi görürlər;

c) İqtidara əks cəbhədə olan bütün siyasi qüvvələrin parlament müxalifətinin çətiri altında toplanması təhlükəsi hər keçən gün artır, xüsusi təyinatlıların Çarukyanın üzərinə yeridilməsi bu riski daha da gücləndirdi;

Proseslərin inkişafı yay mövsümünün Paşinyan hökuməti üçün olduqca “isti” keçəcəyi ehtimalını önə çıxarır və müxalifətin payıza doğru hökumətə qarşı təzyiqlərini daha da artıracağı istisna deyil. Koronavirus pandemiyası payıza qədər davam edəcəyi təqdirdə - bu ehtimal yüksəkdir – Ermənistanda yaranmış sosial-iqisadi problemlər dəfələrlə artacaq və bu hökumətin vəziyyətini daha da çətinləşdirəcək.

Ermənistanda yaranmış və dərinləşəcəyi qaçılmaz görünən siyasi böhran Azərbaycanın maraqlarına uyğundur və bu halda “Bakı nə etməlidir” sualı yaranır:

- Ermənistan müxalifətinin etirazlarının demokratiya prinsiplərinə uyğun, hakimiyyətin etirazçılara inzibati mexanizmlərdən istifadə edərək təzyiq etməsinin insan haqlarına zidd olduğuna dair təbliğat gücləndirilməli;

- Bu məsələ Avropanın demokratik institutları və beynəlxalq təşkilatların qarşısında qaldırılmalı;

- Beynəlxalq mediada gündəmə gətirilməli;

- Ermənistanın daxili ictimaiyyətinə hesablanmış informasiyalar istehsal edilməli;

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində konkret nəticələrə doğru addımların atılması istiqamətində iş daha da gücləndirilməlidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm