Qarabağda dron müharibəsinə hazırlıq: Moskvadakı paradda nə baş verdi?
Bizi izləyin

Nida Təhlil

Qarabağda dron müharibəsinə hazırlıq: Moskvadakı paradda nə baş verdi?

Bu gün Moskvada faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş Qələbə Paradı gündəmin əsas mövzusu oldu. Xüsusilə Azərbaycan hərbiçilərinin paradda ilk yürüşü etməsi, Rusiya prezidenti Vladimir Putinin hərbiçiləri salamlayarkən, ilk olaraq Azərbaycanın adını səsləndirməsi maraqlı idi.

Doğrudur, paradda keçid əlifba sırası ilə olduğu üçün Azərbaycan hərbiçilərinin tribunaların önündə ilk keçidi etməsi protokol qaydalarına uyğun idi, amma II Dünya müharibəsində cəbhəyə 600 min əsgər göndərən və faşizm üzərində qələbənin əldə olunmasında nefti ilə böyük rol oynayan Azərbaycanın Kreml divarları önündə öndə gəlməsi simvolik olaraq diqqət çəkir. Azərbaycan hərbiçilərindən sonra Belarus ordusu, daha sonra isə Ermənistan əsgərləri keçid etdi. İştirakçı olan hər bir ölkə simvolik olaraq 75 hərbiçisi ilə təmsil olunurdu.

Azərbaycan Prezidenti İlham Əliyev paradda iştirak edə bilmədi, əvəzində ölkəmizi müdafiə naziri Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti və 75 hərbiçimiz təmsil edirdi. Azərbaycan liderinin rusiyalı həmkarı ilə telefon danışığında paradda iştirak edə bilməyəcəyini bildirməsindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan da Moskvaya getməkdən imtina etdi. Burada siyasi səbəblər var, lakin bu ayrı bir mövzudur. Paradda diqqətçəkən məqam Azərbaycan və Ermənistan hərbiçilərinin Qırmızı meydanda birgə iştirakı idi.

Rusiyalı şərhçi Mixail Simonov bu amilə diqqət çəkərək, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivindən bəhs edib.

Publika.az xəbər verir ki, Simonov faşizmə qarşı azərbaycanlı və ermənilərin SSRİ-dəki digər xalqlar kimi birgə mübarizəsini xatırladır, lakin bu gün Qarabağ münaqişəsinin bölgədə bütün keçmişi və gələcəyi təhlükə altına atdığını bildirir.

“Qarabağ cəbhəsində heç vaxt atəşkəs tam baş tutmayıb, hətta koronavirus pandemiyası belə bunu dayandıra bilmədi. Müntəzəm olaraq atəşkəsin pozulması və tərəflərin bir-birinə qarşı ittihamları haqqında xəbərləri eşidirik. Pandemiya Azərbaycan və Ermənistanın mayın ikinci yarısında hərbi təlimlərə başlamasına da mane ola bilmədi. Regionda vəziyyətin ciddiliyi hərbi ekspertlər tərəfindən dəfələrlə dilə gətirilib. Bu günlərdə nüfuzlu “Forbes” nəşri Azərbaycan və Ermənistanın casusluq və zərbələr üçün pilotsuz təyyarələrlə silahlandığı haqda yazırdı. Nəşr qeyd edir ki, “Qafqazda pilotsuz təyyarələrin müharibəsi ola bilər”. Əfsus ki, münaqişə bölgəni təhlükə altına atır”, - rusiyalı şərhçi bildirir.

Simonov hesab edir ki, Moskvadakı parad Azərbaycan və Ermənistanın sülhə nail ola biləcəyini göstərdi: “ATƏT-in Minsk qrupunun fəaliyyəti sülh razılaşması haqda kədərli mənzərə yaratsa da, Rusiyanın birləşdirici rolu münaqişənin ədalətli həllinə hələ də ümidlərin olduğunu deməyə əsas verir”.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm