Prezidentin yeni təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir - RƏY
Bizi izləyin

Nida Təhlil

Prezidentin yeni təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir - RƏY

“Koronavirus pandemiyası qlobal xarakter daşımaqla bütün xalqların təhlükəsizliyini təhdid edir. Təəssüf ki, bu günə qədər nə milli, nə də qlobal səviyyədə bu virusa qarşı mübarizədə effektiv vasitə tapılmayıb. Belə olan halda pandemiyaya qarşı mübarizədə yalnız birgə səylər və mümkün bütün resursları səfərbər etməklə uğur qazanmaq olar. Bunun üçün dünyanın vaxt itirmədən yeni təşəbbüslərə ehtiyacı var. Çünki itirilən hər gün əslində insanların itirilməsi deməkdir. Bu insanlar isə sadə statistika deyil, kiminsə atası, yaxını, qardaşı, bacısı yaxud doğmasıdır”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

O bildirib ki, Prezident İlham Əliyevin pandemiyaya qarşı mübarizə çərçivəsində tədbirlərin görülməsi məqsədilə hazırda rəhbərlik etdiyi Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət etməsi beynəlxalq aləmdə olduqca yüksək qiymətləndirilən bir təşəbbüsə çevrilib:

“Təsadüfi deyil ki, artıq BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsü dəstəklənib. Bu, hər şeydən əvvəl Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rol və ölkə başçısının lider kimi şəxsi nüfuzu ilə əlaqələndirilməlidir. Hazırda Azərbaycan iki beynəlxalq təşkilata rəhbərlik edir. Bunlardan biri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, digəri isə Qoşulmama Hərəkatıdır. Koronavirus pandemiyası real təhdidə çevrilməyə başlayanda buna qarşı birgə tədbirlər almaq üçün ilk dəfə Prezident İlham Əliyev beynəlxalq tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış edərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirdi. Videokonfrans vasitəsilə keçirilən bu görüşə Ümumdünya Səhiyyə Təşkilatının sədri də qatıldı. Konfransda COVID-19-a qarşı mübarizə məsələləri müzakirə edildi və birgə tədbirlərin, eyni zamanda qarşılıqlı yardımlaşmanın vacibliyi vurğulandı”.

Deputat qeyd edib ki, Azərbaycan şəxsi nümunə göstərərək bu günə qədər dünyanın 30-a qədər ölkəsinə yardımlar edib. Eyni zamanda, qarşılıqlı təcrübə mübadiləsi və ÜST-ün tövsiyələri ölkəmizdə koronavirusa qarşı tədbirlər almaqda xeyli dərəcədə təsirli vasitəyə çevrilib:

“Azərbaycan Prezidentinin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Bu səviyyədə iştirakçılıq bir tərəfdən problemin aktuallığı ilə bağlı idisə, digər tərəfdən Azərbaycan Prezidentinin nüfuzu və beynəlxalq təşkilatın sədri kimi şəxsi təşəbbüskarlığı ilə əlaqədar idi”.

H.Babaoğlu əlavə edib ki, Prezident İlham Əliyevin yeni təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər dövlətlər var: “Bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezidentin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Bu yüksək münasibət pandemiyaya qarşı mübarizədə yeni metod və üsulların tapılması ilə əlaqədar səyləri birləşdirməklə problemin mümkün həlli istiqamətlərinə də öz töhfəsini verə bilər. Bu gün bütün dünyada hamının, o cümlədən ölkəmizin və vətəndaşlarımızın tezliklə bu təhlükəli virusa qarşı effektiv vasitənin tapılmasına ehtiyacı var. Ona görə də ölkəmizin bu təşəbbüsü dünya dövlətləri ilə bərabər cəmiyyətimiz tərəfindən də olduqca yüksək qiymətləndirilir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm