Demokratiyanın “Amerika faciəsi”, yaxud “polis dövləti”nin bitməyən mühazirəsi...
Bizi izləyin

Nida Təhlil

Demokratiyanın “Amerika faciəsi”, yaxud “polis dövləti”nin bitməyən mühazirəsi...

İki gün öncə - iyulun 28-də ABŞ dünyaya növbəti “amerikasayağı demokratiya” nümayiş etdirdi. Nyu-Yorkun daha çox afroamerikalılar yaşayan məhəllələrində polisin bir xanımı haqsız yerə həbsinə etiraz edən insanlar zorakılığa məruz qaldı. Mülki geyimli polislər etirazçılara hücum edir, onları güclə nömrəsiz mikroavtobuslara doldurur, naməlum istiqamətə aprırdılar.

Hadisə ilə bağlı yayılan videogörüntülərdə mülki geyimli polislərin etirazçılarla daha çox əşya kimi davrandığı aydın görünür. “Nyu-York Times” nəşri yazır ki, şəhər polisi saxlanılan şəxslərin polis kameralarına zərər verdiyi üçün maşına mindirildiyini söyləsə də, bununla bağlı dəlillər təqdim edilməyib.



ABŞ-da ciddi rezonans doğuran bu hadisəyə münasibət bildirən Hüquqi Yardım Cəmiyyəti təşkilatının nümayəndəsi Cenvayn Vonq polislərin davranışının insan haqlarının açıq şəkildə pozulması olduğunu deyir.

Polislər xırda hadisələrə tez-tez bu qədər sərt müdaxilə edir, xüsusilə mülki geyimdən istifadə edirlər. Küçədə təsadüfən kimsə bizə hücum edərsə, onun polis, yaxud başqası olduğunu necə anlayaq? Bu davranış qəbuledilməzdir”, - xanım Vonq deyir.

Lakin xanım Vonq və digər hüquq müdafiəçilərinin dediklərinə ABŞ rəsmilər heç bir reaksiya vermirlər, əvəzində başqa ölkələrdə “insan haqlarının pozulması”, “demokratik prinsiplərə əməl edilməməsi” haqqında tez-tez danışırlar. Misal üçün, Azərbaycan haqqında ABŞ KİV-də və bu ölkənin QHT-ləri tərəfindən mütəmadi olaraq mənfi fikirlər səsləndirilir. Səbəb kimi isə özünü müxalifət adlandıran kiçik bir qrupun paytaxt küçələrində ictimai asayişi pozmağa yönəlmiş və anti-Azərbaycan dairələrin əlinə “material” verməyə hesablanmış icazəsiz aksiyalarının qarşısının alınması göstərilir. Hərçənd, Azərbaycan polisi ictimai asayişi qoruyur və vəzifə borcunu yerinə yetirərkən, heç bir vətəndaşı boğaraq öldürmür, güllələmir.

Səbəbsiz yerə dinc insanları qətlə yetirmək ABŞ polisinin gündəlik işinin bir parçasına çevrilib.

Bu ilin may ayında Minneapolis şəhərində qaradərili Corc Floydun ağdərili polis tərəfindən qətlə yetirilməsi bu nümunələrin sonuncusu idi. Görüntülər dəhşətlidir.

Mayın 25-də Minneapolis şəhərində ağ dərili polis zabiti Derek Şoven qaradərili Corc Floydu saxlayarkən, boynunu dizinin altında sıxır, əzilən Floyd isə qışqırırdı: “Mən nəfəs ala bilmirəm”. Görüntüləri araşdıran mütəxəssislər deyirlər ki, polis zabiti afroamerikalını 8 dəqiqə 46 saniyə dizinin altında saxlayır, 2 dəqiqə 53 saniyə sonra Floyd artıq huşunu itirmişdi və sonda öldü. Derek Şoven üçüncü dərəcəli qətl və qərəzsiz qətl ittihamları ilə həbs olundu. Bu o deməkdir ki, maksimum bir neçə ildən sonra Şoven azadlığa çıxacaq. Öncəki təcrübə də bunu təsdiqləyir: 2014-cü ildə Nyu-Yorkda afroamerikalı Erik Qarneri qətlə yetirən ağ dərili polis zabiti Daniel Pantaleo qismən günahlandırıldı və cəmi 5 il sonra azadlığa çıxdı.

Floydun qətlindən sonra Birləşmiş Ştatların onlarla şəhərində qaradərililərin “Nəfəs ala bilmirəm” sloqanı ilə etiraz aksiyası başlandı. Günlərlə davam edən bu aksiyalar Qvardiya Qüvvələrinin sərt müdaxiləsi ilə dağıdıldı, lakin bu gün də lokal etirazlar davam edir və etiraz aksiyalarına polisin müdaxiləsi əvvəlki kimi zorakılıqla müşahidə olunur.

ABŞ-da polis zorakılığı və ədliyyə sistemindəki rasizm adi hala çevrilib. Rəsmi səviyyədə tətbiq olunan rasizm bütün sahələrdə açıq hiss olunur.

2002-ci ildə Çikaqo Universitetinin apardığı araşdırmaya görə, Amerikada işə götürənlər ağdərililərə nisbətən qaradərililərin müraciətinə 50 faiz az baxırlar. Araşdırmada bildirilir ki, rəyçilər iş üçün edilən minlərlə müraciətin arasından daha çox Emili və Brendan kimi adları olan şəxslərə cavab verir, Lakişa, yaxud Camal kimilərsə sonuncu plana saxlanılır. Çünki ikincilərin qaradərili olması ehtimalı 90 faizdən yuxarıdır.

Bu ölkədə irqi ayrı-seçkilik satış mərkəzlərində də özünü göstərir. Mənzil və Şəhərsalma üzrə Federal Departamentinin 2012-ci ildə apardığı araşdırmalara görə, ev almaq üçün əlaqələndirici şəxslərlə danışıqlar aparanlar qaradərili müştərilərə ağdərilərlə müqayisədə 17 faiz daha az ev göstərirlər. Eyni tendensiya avtomobil satışı zamanı da özünü göstərir. Belə ki, qaradərililər avtomobil alarkən 700 dollar əlavə ödəyirlər. Ağdərili alıcılara isə dilerlər tərəfindən güzəştlər edilir.

Amerikada irqi ayrı-seçkilik marixuana istifadəçilərinin həbs olunmasında da tətbiq olunur. Amerika Vətəndaş Azadlığı Müdafiə İttifaqının 2013-cü ildə apardığı araşdırmaya görə, marixuanadan istifadə dərəcəsi ağdərililərlə qaradərililər arasında eyni olsa da, buna görə qaradərililərin həbsi 3,7 dəfə daha çoxdur. Qaradərililər ABŞ cəmiyyətinin cəmi 13 faizini təşkil etsə də, polisin saxladığı şəxslərin 28,4 faizi məhz qaradərili təbəqəyə aiddir. Statistikaya görə, qaradərililərin 3,1 faizi, ağdərililərin isə cəmi 0,5 faizi həbsdədir.

Beynəlxalq İnsan Haqları Təşkilatının hesabatına görə, ABŞ-da 2 milyondan artıq Afrika əsilli qaradərili seçkidə iştirak hüququndan məhrumdur. Ümumilikdə, qaradərili əhalinin hər 13 nəfərdən birinin seçmək hüququ yoxdur. Kentukki, Virciniya, Florida ştatlarında isə qaradərililərin 20 faizi seçkilərdə iştirak edə bilmir. İrqi ayrı-seçkilik Amerika təhsil sisteminə də siyarət edib. Məlumatlara görə, 5 qaradərilidən yalnız biri təhsil almaq imkanına sahibdir. Bununla yanaşı, 5 qaradərilidən üçünün ali təhsil üçün müraciətinə mənfi cavab verilir. Orta məktəb şagirdlərinin cəmi 17 faizi qaradərili uşaqlardır. Lakin məktəbdən çıxarılanlar arasında qaradərili şagirdlər əksəriyyət təşkil edir.

Hətta heyvanlara münasibətin qaradərilələrə münasibətdən daha üstün olduğuna dair fikirlər var. Texas ştatında vətəndaş hüquqları layihəsinin rəhbəri Cim Herinqton bildirir ki, “Austin məntəqəsində iki itin güllələnməsi hadisəsi bu məntəqədə iki qaradərilinin güllələnməsi hadisəsindən daha çox araşdırılıb və daha çox diqqət mərkəzində olub”.

ABŞ polisi qaradərililərə heç bir səbəb olmadan atəş aça, onları yaralaya və öldürə bilir. Buna görə polislər adətən cəza almırlar, yaxud ciddi etiraz olarsa, minimum cəza ilə canlarını qurtarırlar.

2014-cü ilin 9 avqustunda Ferqüssonda 18 yaşlı qaradərili gəncin polis tərəfindən öldürülməsinə etiraz olaraq minlərlə qaradərili aksiyalara başladı. Bu aksiyalar bir neçə ay davam etdi və dekabrın 2-də polis müdaxiləsi ilə yatırıldı. Etirazlara görə, qətli törədən polis minium cəza aldı.

2015-ci ilin 25 aprelində 26 yaşlı qaradərili gənc Freddi Qreyin polis tərəfindən qətlə yetirilməsinə etiraz olaraq, Merilend ştatının Baltimor şəhərində kütləvi aksiyalar başlandı. Bu etiraz da polis müdaxiləsi ilə yatırıldı və qətli törədən polis cəmi 5 il cəza aldı.

May ayında Corc Floydun öldürülməsi də rasizmin davamıdır. ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan zabiti Maykl Bell bildirib ki, əgər Floydun qətli ilə bağlı video sosial şəbəkələrdə yayılmasa və etirazlar başlanmasaydı, qətli törədən polis zabiti Şoven də cəza almayacaqdı.

Şovenin qərəzsiz qətl ittihamı ilə mühakimə olunması da onun tezliklə azadlığa çıxacağını deməyə əsas verir.

“İtirilmiş dürüstlük: hüquq-mühafizə orqanlarının həbs edilmiş əməkdaşlarının tədqiqatı” kitabının müəllifi Filipp Stinson bildirir: “2005-ci ildən indiyə qədər atışma nəticəsində qətl və ya qəsdsiz qətl üçün 110 polis əməkdaşı həbs edilib və bu 15 ildə onlardan yalnız 42-nə qarşı ittiham irəli sürülüb”.

Bu faktlar ABŞ-ın “polis dövləti” olduğunun isbatıdır və bu ölkədə istənilən dinc insanın həyatı, yaşamaq hüququ, söz azadlığı daim təhdid altındadır.

Belə bir ölkənin başqalarına demokratiya, insan haqları, hüquqi dövlət haqqında mühazirələr deməsi, yol göstərməsi nə dərəcədə doğrudur, yaxud mümkündürmü? Sualın ünvanı ABŞ rəsmiləridir, lakin çətin ki, cavab versinlər, çünki illərdir insan haqlarını tapdalayan ölkə illərdir başqalarına dərs verməyə çalışır...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm