Nida Təhlil
İkilistandartın son həddi: Nikol rəqiblərinin “başını kəsir”, beynəlxalq təşkilatlar Bakıya hücum edir...
Ermənistanda baş nazir Nikol Paşinyanın həyata keçirdiyi siyasi repressiyaların növbəti qurbanı İrəvanın sabiq meri və İctimai xidmətin tənzimlənməsi lomissiyasının keçmiş sədri Robert Nazaryan oldu. Nazaryan keçmiş prezident Serj Sarkisyanın əleyhinə ifadə verməkdən imtina etdiyi üçün həbs olunub.
“Hraparak” qəzeti yazır ki, 2018-ci ildə amnistiya aktına əsasən Robert Nazaryan Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci bəndi ilə həbs edilə bilməz. Lakin keçmiş merin həbs edilməsi siyasi sifariş olduğu üçün qondarma cinayət işinin düzəldilməsi üzərində iş gedir.
Nikol Paşinyan rəqiblərinə qarşı siyasi repressiyaların əhatəsini genişləndirir. Beynəlxalq təşkilatların Ermənistanda insan hüquqları və demokratik prinsiplərin tapdalanmasına heç bir reaksiya verməməsi Paşinyana siyasi təqibləri artırmağa, söz azadlığının məhdudlaşdırmasını daha açıq şəkildə etməyə şərait yaradan əsas amildir.
2018-ci ildə - Nikolun hakimiyyətə gəlişindən sonra Ermənistanda baş verənlər bunu təsdiqləyir.
Paşinyan hakimiyyətini gücləndirən kimi ilk işi keçmiş prezident Robert Koçaryanı həbs etmək oldu. Koçaryanla bağlı iki ildir davam edən cinayət işi hələ də tam bağlanmayıb və onun istənilən an yenidən həbs edilməsi təhlükəsi var.
Eyni addımlar keçmiş prezident Serj Sarkisyana qarşı da atıldı, lakin onun həbsi üçün hələ də “lazımi material” toplanmayıb. Nazaryanın ifadə verməkdən imtina etdiyinə görə həbs edilməsi də göstərir ki, Nikol Sarkisyanı barmaqlıqlar arxasına göndərmək üçün bütün yollara əl atacaq.
Paşinyan siyasi opponentlərini sıradan çıxarmaq üçün hətta cinayətə də əl atır. “Erməni qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini, “haynews.am” saytının rəhbəri Mqer Yegizaryanın ölümü bunun bariz nümunələrindəndir.
Erməni baş nazir ona qarşı çıxan opponentini “dələduzluq” ittihamı ilə həbs etdirdi. Yegizaryan bu həbsə etiraz olaraq, 2018-ci ilin 5 dekabr tarixində həbsxanada aclıq aksiyasına başladı. Hüquqları təmin edilməyən Yegizaryan 44 gün aclıqdan sonra xəstəxanada öldü. Lakin insan hüquqları və demokratiyadan bəhs edən beynəlxalq təşkilatların heç biri bu siyasi qətlə reaksiya belə vermədilər.
Ermənistanda siyasi opponentlərlə yanaşı, media da susdurulur. 2018-ci ildə Ermənistanın İctimai Televiziyasının informasiya-siyasi proqramlar redaksiyasının direktoru Arutyun Arutyunyan, “Orakarq” informasiya xidmətinin prodüseri və rəhbəri Artak Erikyan və bu proqramların bir neçə əməkdaşı istefa verməyə məcbur edildi. Çünki onlar Azərbaycan Ordusunun Naxçıvan istiqamətində uğurlu əməliyyatını dilə gətirmişdi.
“Yerevan.Today” saytı isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanesyan və Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryanın məxfi telefon danışığını yaydığı üçün hücumlara məruz qaldı. Polis gizli dinləmə qurğusunu tapmaq bəhanəsi ilə saytın ofisinə basqın etdi, redaksiyanın əmlakı müsadirə edildi. Saytın redaktoru Sevak Akopyan onlara edilən hücumun digərləri üçün nümunə xarakteri daşıdığını bəyan edib: “Bizim timsalımızda ölkədə baş verənləri azad və əsaslı tənqid edən digər kütləvi informasiya vasitələrinə də dərs verirlər. Təəssüf ki, biz tariximizin utancverici səhifələrinə qayıdırıq”.
Erməni jurnalist Ani Hovhannisyan bu ilin yanvar ayında belə yazırdı: “Təəssüf ki, elə bir vəziyyətə şahid oluruq ki, Paşinyanın hakimiyyəti altında media nümayəndələrinə qarşı müxtəlif xarakterli təqiblər, KİV-lərin qaralara və ağlara bölmək, jurnalistləri özününkü və düşmənə ayırmaq, düşmən elan olunmuş KİV-lər üzərinə hücumlar, ləkələmə cəhdləri və s. artıq normal olur. Bu vəziyyətin yeganə cavabdehi məhz Nikol Paşinyandır”.
Hazırda Ermənistan hakimiyyəti tənqidi medianı bloklamaq siyasətini həyata keçirir. Söz azadlığının “carçıları” olan beynəlxalq təşkilatlarsa özlərini korluğa qoyub.
Məhz bu şərait Paşinyanın siyasi opponentlərini açıq şəkildə təqib etməsini sürətləndirdi. İyunun 14-də Ermənistan milli təhlükəsizlik xidmətinin parlamentdə ikinci ən böyük fraksiya olan “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Çarukyanın evinə və partiyanın ofisinə hücum etməsi Nikolun siyasi təqibləri gizlətməyə belə lüzum görmədiyini göstərdi.
Çarukyan ölkədəki sosial-iqtisadi vəziyyətə görə hakimiyyətin tamamilə istefa verməsini tələb etmişdi. Məhz bu çağırışı onun təzyiqlərə məruz qalmasına səbəb oldu. Milli təhlükəsizlik xidmətində dindirilən Çarukyana qarşı bir gündə üç cinayət işi açıldı. İyunun 16-da isə onun həbsini asanlaşdırmaq üçün deputatlıq toxunulmazlığı ləğv edildi.
Çarukyandan sonra əsas hədəf Nikol Paşinyanı tənqid edən Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, “Vətən” partiyasının sədri Artur Vanetsyandır. İyulun 31-də Vanetsyan milli təhlükəsizlik xidmətində dindirildi. Ona qarşı cinayət işinin açıldığı deyilsə də, bu xəbərlər sonradan təkzib olundu. Vanetsyanın özü isə jurnalistlərə açıqlamasında bildirib ki, hazırda cinayət işi başlanmasa da, hər an həbs edilmək təhlükəsi ilə üz-üzədir.
“Hraparak” qəzeti yazır ki, Vanetsyanın həbsi qərarını baş nazir verib: “Bu baxımdan, nəyin bahasına olursa olsun, bu cinayət işi açılacaq. Artıq Artur Vanetsyanı qanunsuz silah saxlamaqda ittiham edirlər. Bu, cinayət işinin açılması ilə bağlı hazırlığın getdiyini göstərir”.
Ermənistanda ciddi qalmaqala səbəb olan hadisələrdən biri də hakimiyyətin Konstitusiya Məhkəməsini nəzarətə götürmək üçün atdığı addımlardır. Hakimiyyətə etiraz edən məhkəmənin sədri Hrayr Tovmasyana cinayət işi açılıb. Daha sonra onun qohumlarına qarşı da təzyiqlər başlanıb. Məlumatlara görə, Tovmasyanın atasının evində axtarışlar aparılıb, ailə üzvləri milli təhlükəsizlik xidmətinə çağrılıb.
“Fakt” qəzeti yazır ki, hakimiyyət sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaq üçün qanunvericilikdə də yeni dəyişikliklərə hazırlaşır.
“Əslində fövqəladə vəziyyət rejiminin bir neçə dəfə uzadılması mitinqlərin qarşısının alınmasına hesablanıb. Müxalifətin də fəaliyyəti ilə bağlı yeni qanunvericiliyin qəbul olunması üzərində iş gedir”, - qəzet yazır.
Ermənistandakı bu mənzərə fonunda sual yaranır: Nikol Paşinyan hakimiyyəti siyasi repressiyaları açıq formada davam etdirməkdən çəkinmirmi?
Cavab məlumdur. Beynəlxalq təşkilatların baş verənlərə göz yumması, heç bir reaksiya verməməsi Paşinyan hakimiyyətini siyasi repressiyalara daha da həvəsləndirir. Robert Nazaryanın həbsi də göstərir ki, keçmiş prezident Serj Sarkisyana qarşı cinayət işinin açılması ilə bağlı artıq siyasi qərar verilib. Artur Vanetsyanı da eyni tale gözləyir.
Bütün bu repressiyalara rəğmən, beynəlxalq təşkilatlar Ermənistan hakimiyyətinə adi bir irad belə tutmur. Məsələ Azərbaycan olanda adi iddiaları belə fakt kimi şişirdən, hər fürsətdə hücum edən belə təşkilatlar Ermənistana gəlincə, “üç meymunu” oynayırlar: bilmirəm, eşitmirəm, görmürəm. Nikol Paşinyan isə Ermənistanda siyasi rəqiblərinin “başını kəsməyə” davam edir. Bunun ikili standartların ən pik həddi olduğunu desək yanılmarıq...
Asif Nərimanlı
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI