Livandan Qarabağa erməni köçü və İrəvanın muzdlu ordu planı...
Bizi izləyin

Nida Təhlil

Livandan Qarabağa erməni köçü və İrəvanın muzdlu ordu planı...

Ermənistan işğal etdiyi Dağlıq Qarabağda ermənilərin sayını süni şəkildə artırmaq üçün uzun illərdir iki yoldan istifadə edir: birincisi, Ermənistanın müxtəlif yerlərindən ailələri, xüsusilə işə və evə ehtiyacı olan gənc cütlükləri sosial dəstəklə bağlı müxtəlif vədlər qarşılığında işğal olunmuş ərazilərə köçürür; ikincisi, Yaxın Şərq ölkələrindən - Suriyadan, Livandan – erməniləri bu ərazilərə gətirir, hətta bunun üçün sonradan yerinə yetirilməyən müxtəlif vədlər də verirlər.

Suriya müharibəsi başlayanda Ermənistan üçün Qarabağa yeni köçürmə planını həyata keçirməkdə geniş imkanlar yarandı. Suriya erməniləri müharibədən qaçmaq məqsədilə ilk dövrlər qonşu ölkələrə üz tuturdular. Sonradan onların Ermənistana köçü başlandı.

Britaniyanın “Open Democracy” saytı 2015-ci ildə yazırdı ki, müharibədən qaçan Suriya erməniləri iki səbəb görə Ermənistana getmək istəmirdilər: yolun uzaqlığı və bu ölkədə sosial vəziyyətin aşağı səviyyədə olması.

Sayt qeyd edirdi ki, Ermənistan hökuməti Suriya ermənilərinin köçürülməsi məqsədilə müxtəlif layihələr hazırladı. Lakin Ermənistan gələn Suriya erməniləri yaxşı şəraitin yaradılacağı ilə bağlı vədlərin əksi ilə qarşılaşdı və hakimiyyət onların işğal altındakı Qarabağa köçürülməsi işinə start verdi.

Saytın araşdırmalarına görə, Ermənistan hökuməti Suriya erməniləri üçün “Yeni Hələb” layihəsi hazırlamışdı və Suriyadan gələn ermənilərin yaşaması üçün İrəvanın yaxınlığında yaşayış massivi tikiləcəkdi. Bununla həm qaçqınların mənzil problemi həll edilməliydi, həm də gəlmələrin öz ab-havasının saxlaması üçün kompakt yaşayış şərtləri tanınmalıydı. Sonradan aydın oldu ki, hökumətin bu planı həyata keçirməyə vəsaiti yoxdur. Beləliklə, plan faktiki olaraq biznes layihəsinə çevrildi. Məlum oldu ki, bu massivdəki mənzillər yalnız pulu olan qaçqınlara satılacaq. Hansı ki, bu qiymətə İrəvanda mənzil almaq mümkündür.

Vədini yerinə yetirməyən Ermənistan hökuməti Suriya ermənilərinin qarşısında şərt qoyurdu: Yaşamaq hüququ qarşılığında Dağlıq Qarabağa köçmək.

“Hələb” xeyriyyə təşkilatının nümayəndəsi Sarkis Balaxyan deyirdi ki, hökumətyönlü KİV-lər Suriya qaçqınlarının Qarabağa köçməsi üçün “vətənpərvərlik” məqalələri yazır və bir növ onlara təzyiq edirlər.

Hökumətin Suriya ermənilərini Qarabağa köçürmək üçün hazırladığı “böyük plan” sürgündən heç nə ilə fərqlənmir”, - o bildirirdi.

Həmin vaxt yüzlərlə Suriya ermənisi ölkədən çıxarılmamaq naminə işğal altındakı ərazilərə köçməyə razılaşdı.

Avqustun 4-də Beyrut limanında baş verən partlayışdan sonra Ermənistan Suriya ssenarisini yenidən təkrarlamağa başladı. Əslində partlayışdan öncə də Livandakı sosial-iqtisadi kataklizmlər bu ölkədəki erməniləri Ermənistana köçməyə təşviq edirdi. Lakin partlayış bu prosesi daha da sürətləndirdi.

Livanda nəşr olunan “Azdak” erməni qəzetinin baş redaktoru Şahan Kntarxaryan deyir ki, sosial-iqtisadi böhran fonunda Beyrutda baş verən partlayış erməniləri Ermənistana köçməyə vadar edir. Onun sözlərinə görə, Ermənistanda Livan ermənilərinə pulsuz tibbi yardım, yaşayış üçün mənzil, sosial müavinət və s. vədləri verilir, bu da Beyrutda evini itirmişlər üçün yeganə çıxış yolu kimi görünür.

Ermənistan hökumətinin Livan ermənilərinə verdiyi vədlər Suriya ermənilərinin köçürülmə ssenarisinin təkrarlandığını sübut edir. Artıq proses başlanıb və faktlar göstərir ki, Livandan Ermənistana gətirilən erməni ailələr birbaşa Azərbaycanın işğal altındakı ərazilərinə köçürülür.

Məlumatlara görə, ilkin mərhələdə işğal altındakı Dağlıq Qarabağa Livandan 150 erməni ailəsinin köçürülməsi planlaşdırılır. Ermənistan bunu gizlətmir belə. Avqustun 26-də Ermənistanın Diaspor İşləri üzrə Baş Komissarlığının mətbuat katibi Zare Sinanyanın açıqlamasında deyilirdi: “Livan ermənilərindən iki həkim ailəsi “Artsax”-a (Dağlıq Qarabağ) köçürüldü, onlar Şuşa şəhərində məskunlaşdırıldı”.

İşğal altındakı torpaqlarda yaradılan qondarma “dqr” “rəsmiləri” də bildirirlər ki, “Livandan gələn ailələrin yaşaması üçün bütün şərait yaradılıb”. Hətta bu ailələrə kömək üçün ianələr də toplanır.

Azadlıq radiosunun erməni xidmətinin Şuşa şəhərinə köçürülən erməni ailəsindən hazırladığı videoreportajda işğal altındakı ərazilərə qanunsuz köçürmə prosesi açıq şəkildə sübut olunur.

Livan ermənisi olan aşpaz Toni Hajar üç nəfərdən ibarət olan ailəsi ilə birlikdə məskunlaşdığı işğal altındakı Şuşada “kulinariya layihəsi”ni həyata keçirmək niyyətində olduğunu açıqlayır. Qondarma “dqr”-in “rəhbəri” Arayik Arutyunyan isə Qarabağda “Livan-Ermənistan koloniyasının” yaradılacağını bildirib. Rəsmi məlumatlara görə, son iki həftə ərzində Livandan olan üç erməni ailəsi işğal altındakı ərazilərə köçürülüb və bu proses davam etməkdədir.



Ermənistan mediası və digər mənbələrdə yayımlanan məlumatlar Livandan gələn erməni ailələrə “yaşamaq hüququ”, “sosial dəstək” qarşılığında Qarabağda yaşamaq şərti irəli sürülür.

İşğalçı ölkənin Azərbaycan torpaqlarına qanunsuz köçürmə siyasətinin iki ana səbəbi var:

Birincisi, Dağlıq Qarabağda erməni əhalisinin sayını süni şəkildə artırmaqdır. İşğal altındakı ərazilərdə hazırda təxminən 150 min erməni yaşayır. Onların böyük əksəriyyəti sonrada bu bölgəyə köçürülənlərdir. Lakin yerli ermənilər və köçürülənlər sosial problemlərin ağırlığına tab gətirmədikləri üçün kütləvi şəkildə yaşadıqları yerləri tərk edirlər. Hətta koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejimi yumlaşmaya başlayan kimi Qarabağdakı ermənilərin evlərini tərk etməsi daha da intensivləşib.

“Qarabağın komendantı” Jirayr Mirzoyanın avqustun 19-da verdiyi açıqlamaya görə, “Ermənistanla sərhəddəki nəzarət-buraxılış məntəqəsində hər gün gedən-gələnlərin sayı 600-650 nəfər olsa da, son dövrlər bu say 100-dən çox artıb”.

Qarabağdakı ermənilərin evlərini tərk etməsi və demoqrafik vəziyyətin işğal siyasətinə uyğun olmaması Ermənistan hakimiyyətini qanunsuz köçürməsi sürətləndirməyə məcbur edir.

Ötən ay Azərkosmos ASC-nin “Azersky” peyki vasitəsilə aparılmış monitorinqlər nəticəsində ortaya çıxan işğal altındakı Kəlbəcər rayonunun ərazisində qeyri-qanuni yaşayış məskəninin salınması faktı da qanunsuz köçürmənin sübutlarından biridir. Xarici İşlər Nazirliyi və “Azərkosmos” ASC-nin birgə açıqlamasında bildirilir: “2019-cu ilin sonlarından etibarən salınmağa başlamış bu yaşayış məskəni hazırda 15 evdən ibarətdir. İnşaat işlərinin sürəti və gedişi bu yaşayış məskəninin daha da genişlənəcəyini deməyə əsas verir. Belə ki, 2020-ci ilin yanvar ayında bu yaşayış məskənində 6 ev, martda 10 ev, apreldə 14 ev hazır vəziyyətə gətirilmişdirsə, avqust ayında bu rəqəm artıq 15-ə çatıb. Düşmənin bu cür süni məskunlaşdırma siyasətinin tərkib hissəsi olaraq son illər işğal altında olan rayonlarda, o cümlədən Cəbrayılda “Aracamux”, Laçında “Ariavan” adlı yaşayış kompleksi, Zəngilanda, Qubadlının Xanlıq kəndində yeni yaşayış məntəqələrində evlərin tikilməsi ilə bağlı qeyri-qanuni fəaliyyət həyata keçirilib”.

İşğalçı ölkənin məqsədi Qarabağdakı erməni əhalisinin sayını 300-500 min nəfərə çatdırmaq, bununla, Azərbaycan ərazilərinin “ermənilərə məxsus” olduğunu göstərmək, həm də Dağlıq Qarabağın mümkün həlli ssenarisinə uyğun gələcəkdə bölgənin statusunun müəyyənləşdirilməsi məqsədilə keçirilə biləcək referendumda indidən “səs çoxluğunu” təmin etməkdir. Bu məqsədlə Yaxın Şərq ölkələrindən Ermənistana gələn ailələri işğal altındakı ərazilərə köçürürlər.

İkincisi, Suriyadan və Livandan Qarabağa köçürülən ermənilərin muzdlu əsgər kimi istifadə edilməsidir.

Ermənistan ordusunda vəziyyət müharibə şəraitinə qeyri-adekvatdır. Erməni mediası orduda özbaşınalığın və qeyri-qanuni davranışnların olduğunu, çağırışçı çatışmazlığının yaşandığını və s. haqda yazırlar.

Çağırıçı yaşı çatan gənclərsə ordudan yayınmaq üçün müxtəlif yollara əl atırlar:

- ya ölkəni tərk edir, xüsusilə Rusiyada işləməyə üz tuturlar;

- ya imkanlı ailələr övladlarını pul qarşılığında hərbi xidmətdən yayındırır, ən pis halda “elit” bölmələr sayılan döyüş bölgəsində uzaqdakı hərbi hissələrə yerləşdirir;

- ya da ölkədən çıxa bilməyən və xidmətdən yayınmaq üçün lazımi qədər pulu olmayan gənclər özlərini gey kimi qələmə verirlər;


Erməni jurnalist Qalust Qriqoryan yazır ki, orduda vəziyyət pisləşdikcə, erməni gənclərinin geyliyə meylliyi çoxalır.

Nə qədər Ermənistan ordusunda atmosfer pisləşəcək, nə qədər iqtisadiyyatda vəziyyət ağırlaşacaq, o qədər geylərin sayı sürətlə artacaq. Son illərdə Ermənistan cəmiyyətində silahlı qüvvələrin nüfuzu sürətlə düşür. Çoxsaylı əsgər ölümləri təkcə ön cəbhədə yox, həm də arxada, döyüşün getmədiyi yerlərdə də qeydə alınır. Zabitlərin əsgərləri təhqiri, genişmiqyaslı korrupsiya, “dedovşina”, normal qidalanma və geyimin yoxluğu, xüsusilə alt paltarlarının çatışmazlığı və digər hallar erməni gənclərinin ordudan qaçmasına səbəb olub. Bütün bunların fonunda erməni generallarının sərbəst həyat tərzi qıcıq yaradır. Erməni gənclərinin belə orduda xidmət etmək istəməməsi təbiidir. Erməni gənclər ordudan yayınmağın çıxış yolu kimi gey olmaqda görürlər, çünki homoseksuallar hərbi xidmətdən azaddır. Təbii ki, hərbi komissarlığı və tibb komissiyasını aldatmaq elə də asan olmur, lakin bu, hərbi xidmətə getməmək qərarını verən cavan oğlanlar dayandırmır. Onlar hərbi xidmətə getməmək və həlak olmamaq üçün hər şeyə hazırdırlar”, - Qriqoryan yazır.

Bu vəziyyət xüsusilə cəbhə bölgəsində xidmət keçən əsgərlərin sayının getdikcə azalmasına şərait yaradıb. Ermənistanda “xalq ordusu”nun yaradılması ideyası məhz əsgər çatışmazlığını aradan qaldırmağa hesabılanıb. Bunun fonunda Yaxın Şərq ölkələrindən Qarabağa köçürülən ermənilərdən müharibə vaxtı muzdlu əsgər kimi istifadə edilməsi də planlaşdırılır. 1990-cı illərdə Azərbaycan torpaqlarının işğalı zamanı Suriya və Livandan erməni muzdluların gətirilməsi, azərbaycanlılara qarşı soyqırımılarda onların xüsusi rol oynaması təcrübəsi fonunda bu, o qədər də təəccüblü deyil.

Burada diqqətçəkən məqam Ermənistanın beynəlxalq hüququ açıq şəkildə pozması və bunu gizlətmək niyyətində olmamasıdır.

Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bununla yanaşı, müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir.

Tarixdə bununla bağlı təcrübə və cəza mövcuddur. Misal üçün, 1946-cı ildə Əsas Hərbi Cinayətkarların məhkəmə işində Nürnberq Beynəlxalq Hərbi Tribunalı müttəhimlərin ikisini işğal olunmuş ərazilərin etnik tərkibinin dəyişdirilməsinə görə təqsirli olduğu barədə qərar vermişdi.

Hətta Ermənistan qanunvericiliyində də qanunsuz məskunlaşdırma cinayət olaraq tanınır. Bu ölkənin Cinayət Məcəlləsinin 390-cu maddəsində işğalçı dövlətin işğal olunmuş ərazilərdə əhalini çıxararaq öz əhalisini məskunlaşdırması beynəlxalq humanitar hüququn ciddi pozuntusu sayılır və 8-12 il cəza nəzərdə tutulur.

Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistanın Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma siyasətini şərh edərkən bildirib: “Beynəlxalq hüquqa əsasən işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir”.

Ermənistan faktiki olaraq, beynəlxalq hüququ pozur və müharibə cinayəti törədir.

Bəs, bunu bilə-bilə niyə gizlətmir, qanunsuz köçürmə siyasətini rəsmi şəkildə nümayiş etdirir?

Burada işğalçı ölkənin niyyəti və bu niyyəti həyata keçirmək üçün yaranmış şəraitdən yararlanması faktı önə çıxır.

Niyyət: Ermənistan danışıqlar prosesini pozmaq, münaqişənin həlli üçün Azərbaycanla eyni masaya əyləşməmək üçün qanunsuz köçürməni və təcavüz siyasətini açıq şəkildə həyata keçirir. Məqsəd gərginliyi artırmaq və danışıqları tamamilə məhv etməkdir. İşğalçı ölkənin rəhbərliyinin, eləcə də işğal etdikləri ərazilərdə yaratdıqları qondarma rejimin “rəhhbərliyinin” Azərbaycana qarşı son təxribat açıqlamaları da bunu deməyə əsas verir.

Şərait: Bütün bu faktlara – danışıqlar prosesinin məqsədli şəkildə pozulması və qanunsuz məskunlaşma siyasətini açıq şəkildə aparılmasına göz yumulması, ATƏT-in Minsk qrupunun səssiz qalması işğalçı Ermənistanı beynəlxalq hüquqa pozmağa sövq edən amildir.

Həmsədr ölkələrin sərgilədikləri mövqe və bu mövqedən doğan cəzasızlıq mühiti Ermənistanın işğalçı siyasətini davam etdirməyə və istənilən qanunsuz addımı atmağa həvəsləndirir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm