Nida Təhlil
Müxalifətin “taxt oyunları”, yaxud Yaqublunu kimlər və niyə aclığa sövq etdi?
Tofiq Yaqublunu kimlər hansı ambisiyaları uğruna qurban verir?: Onun Müsavat başqanlığına namizəd kimi irəli sürülməsi və həbs olunmasına qədər baş verən proseslər, ardınca aclıq aksiyası üzərindən oynanılan oyunlar bu sualı aktuallaşdırır. Bu gün Yaqublu üzərindən dövləti ittiham edənlərin hədəfi də onun azadlığı, yaxud sağlamlığı yox, oyunun davamıdır.
Dövlət ittihamların və iddiaların əksinə olaraq, Tofiq Yaqublunun hüquqlarını təmin edir:
1. Saxlanıldığı 3 saylı İstintaq Təcridxanasında qanunvericiliyə uyğun olaraq maddi-məişət şəraiti ilə təmin olunub, ailə üzvləri və vəkilləri ilə mütəmadi görüşüb, telefon vasitəsilə əlaqə saxlayıb.
2. Qida qəbulundan imtina etdikdən sonra onunla müvafiq izahedici söhbətlər aparılıb, həmçinin İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən və Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə qəbul edilib və ona səhhətində problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı söhbətlər aparılaraq müvafiq tövsiyələr verilib.
3. Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılıb.
4. Onun səhhətinin daim həkim nəzarətində saxlanılması üçün istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, səhhəti sabit olub. Özünün xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb. Ardınca Adil Qeybulla müayinənin və müalicənin daha rahat və əlçatan olması üçün çalışdığı “City Hospital”ına köçürülməsi ilə bağlı müraciət edib. Bu müraciət müsbət qarşılanıb və məhkum mülki xəstəxanaya köçürülüb.
Hazırda “City Hospital”da müalicə olunan T.Yaqublu daim həkim nəzarəti altındadır və dövlət onun səhhətində problem yaşanmaması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Dövlət həm də ona xüsusi humanizm və həssaslıq göstərir. Adətən məhkumlar saxlanıldıqları təcridxananın tibb məntəqəsində müvafiq həkim tərəfindən müalicə olunur. T.Yaqubluya bu məsələdə istisna hal tanınıb. Özünün xahişi ilə istədiyi həkim – Adil Qeybulla onun müalicəsinə cəlb olunub və həkiminin xahişi ilə mülki xəstəxanaya köçürülüb. Bu, dövlətin humanizm addımıdır və dünya ölkələrinin təcrübəsində belə hallar çox az hallarda baş verir.
Bunun fonunda maraq qrupları Yaqublunun aclıq aksiyası üzərindən kampaniya təşkil edir və bu kampaniyanın abu-havası iki sualı önə çıxarır.
Birincisi, Yaqublunun aclıq aksiyası dövlətin marağındadırmı?
İkincisi, onun həyatı üçün təhlükə olan aclıq aksiyasından kimlər, nə üçün istifadə edir?
Dövlətin Yaqubluya əvvəldən göstərdiyi istisna diqqət – istədiyi həkimlə təmin olunması, mülki xəstəxanaya köçürülməsi, səhhətinin daim nəzarətdə saxlanılması və s. – onun həyatına təhlükənin yaranmasında maraqlı olmadığını, əksinə sağlamlığına qovuşması üçün əlindən gələn hər şeyi, hətta daha artdığını etdiyini təsdiqləyir. Faktiki olaraq, dövlət Yaqublunu ölümün pəncəsindən xilas edir.
Yaqublunu ölümə təslim edənlər və ən pis ssenarini arzulayanların dövlətə qarşı irəli sürdüyü ittihamların əslində öz niyyətlərini pərdələmək məqsədi daşıdığı da aydın görünür.
Onlar kimlər və nə istəyirlər?
Yaqublunun həkimi, eləcə də yaxınları artıq bu haqda açıq danışmağa, bir sıra siyasətçilər konkret adlar çəkməyə başlayıb. Lakin Yaqublunun təmsil olunduğu düşərgə və bu düşərgə ətrafında cəmləşənlər tərəfindən niyə qurban seçilməsini anlamaq üçün bir il öncəyə qayıtmaq lazımdır.
2019-cu il Müsavat qurultayında başqanlığa üç namizəddən biri də T.Yaqublu idi. Partiyada tərəfdarları əksəriyyət olmasa da, Milli Şura tərəfindən dəstəklənməsi, seçki kampaniyasının məhz AXCP tərəfindən həyata keçirilməsi, Sevinc Osmanqızı da daxil olmaqla xaricdəki məlum internet televiziyalarında təbliğ olunması diqqət çəkirdi.
Müsavat başqanlığına namizədi niyə başqa bir partiyanın üzvləri, funksionerləri və tərəfdarları dəstəkləyirdi?
Bu sualın cavabını radikal müxalifət daxilindəki proseslərdə və qurulan oyunlarda tapmaq olur: Müsavatın Yaqublu üzərindən ələ keçirilməsi planı.
Yaqublunun başqanlığa namizədliyini Müsavatın ABŞ-da yaşayan üzvü, amma daha çox Milli Şuraya yaxınlığı ilə seçilən Ramis Yunus irəli sürmüşdü. Və maraqlı idi ki, bu təklif R.Yunusun ABŞ-da Milli Şuranın sədri Cəmil Həsənli və 2014-cü il qurultayında İsa Qəmbərin dəstəklədiyi Arif Hacılıya rəqib olan, qurultaydan sonra yeni başqanı qəbul etmədiyi üçün Müsavatdan çıxarılan, daha sonra partiyadakı tərəfdarları ilə birlikdə ADR-i yaradan Qubad İbadoğlu ilə görüşdən sonra irəli sürülmüşdü.
Burada Q.İbadoğlunun Müsavatı Arif Hacılının inhisarından çıxarılması marağı var idisə, AXCP sədri Əli Kərimlinin planı Tofiq Yaqublunun başqanlığı ilə Müsavatı öz “qanadları altına” almaq idi. Başqan T.Yaqublu olacaqdısa, partiyanın yenidən Milli Şuraya üzvlüyünün yolu açılacaq, Ramis Yunus da üzvü olduğu Müsavatın təmsil olunduğu şuranın xaricdəki əsas təmsilçisi-kuratoru olacaqdı.
Yaqublunun Əli Kərimliyə simpatiya bəsləməsi və AXCP sədrinin birinci müavini, partiyada sədrin postuna potensial namizəd hesab olunan Seymur Həzinin onun kürəkəni olması da Müsavatın ələ keçirilməsi planında həlledici amillərdən idi.
Qurultayın nəticəsi istədikləri kimi olmadı və qutudan Arif Hacılı çıxdı. Dərhal sonra Cəmil Həsənli Tofiq Yaqublunun Milli Şuranın rəhbəri olması təklifini irəli sürdü.
Müsavat üzvünün Milli Şuraya sədr olması birdən çox qazanc əldə etmək istəyi kimi görünürdü:
- Arif Hacılının Müsavatın başqanı, Müsavat üzvünün isə Milli Şuranın sədri olması partiyada başqanın imicini zədələyə və Yaqublunun başqanlığa gedən yolunu təmizləyə bilərdi;
- Müsavat partiyası öz üzvünün sədr olduğu Milli Şuraya yaxınlaşmaq xətti seçməyə məcbur olardı;
- Partiyada Tofiq Yaqublunun tərəfdarları, həm də Hacılının əleyhdarları istefa verərək, Milli Şuraya keçərdi;
Bu, “Müsavatın ələ keçirilməsi” planına uyğun idi, lakin açıq qalan suallar var idi.
1. Cəmil Həsənlinin təklifi niyə qəbul olunmadı?
2. Cəmil Həsənli bu təklifi Əli Kərimli ilə razılaşdırmışdımı?
Mümkündür ki, Cəmil Həsənli bu təkliflə Milli Şurada onu da idarə edən de-faktoru rəhbər Əli Kərimliyə qarşı gediş edirdi. Çünki Yaqublunun Milli Şuraya sədr olması ilə Tofiq Yaqublu-Seymur Həzi tandeminin Əli Kərimlinin siyasi postuna yaratdığı risk daha da artacaqdı. Ə.Kərimlinin həmin vaxt Yaqublunun Milli Şuraya sədr olması təklifi haqda danışmaqdan yayınması da bundan xəbər verirdi.
C.Həsənlinin sədrlik təklifi qəbul olunmasa da, AXCP-yə yaxın media və internet resurslarında Tofiq Yaqublunu daha çox görməyə, ən sərt cavablara və şişirdilmiş iddiaların səslənməsinə şərait yaradan sualların məhz ona ünvanlanmasını müşahidə etməyə başladıq.
Əli Kərimli bununla Yaqublunu ön cəbhəyə çıxarır, belə demək mümkünsə, özünə qalxan edir, həm də onu “xərcləyirdi”. Bu gediş 2015-ci ildə baş verən Nardaran hadisələri zamanı və sonrasında Fuad Qəhrəmanlının konstitusiya quruluşuna təhlükə yaradacaq dini motivli çıxışlar etməsini, daha doğrusu, belə çıxışların ona həvalə olunmasını, ardınca həbs edilməsini xatırladır.
Həmin ilin əvvəlində F.Qəhrəmanlının AXCP-də Əli Kərimlinin postuna əsas namizəd olduğu, hətta partiya daxilində tərəfdarlarını təşkilatlandırdığına dair xəbərlər yayılırdı. Bunu partiyadan çıxarılan funksionerlər detallı şəkildə açıqlamışdılar. Nardaran hadisələri zamanı və sonrasında isə kontitusiya quruluşunu devirməyə çalışan dini kəsimin müdafiəsi işini AXCP-də F.Qəhrəmanlı aparırdı. Hadisələrin inkişafı Əli Kərimlinin həbsə aparacağını bilə-bilə bu missiyanı Qəhrəmanlıya həvalə etdiyi, onu qanunu pozmağa sövq etdiyi və əsas rəqibini bu yolla sıradan çıxardığı versiyasını gücləndirir. Kərimli rəqibini “xərcləmişdi”.
Qəhrəmanlıdan fərqli olaraq, Yaqublunun hüquqi məsuliyyətə cəlb olunmasının səbəbi konkret hadisədir, lakin müxalifət daxilində cərəyan edən proseslər fonunda onun həbsdə olmasının Əli Kərimliyə sərf etdiyi aydın görünür, elə Müsavat rəhbərliyi üçün də arzuolunan mənzərədir.
Və ən mühüm məqam T.Yaqublunun aclıq aksiyasına niyə başlaması, daha dəqiq desək, kimlərin onu buna sövq etməsi məsələsidir.
Müxalifətin siyasi tərcümeyi-halında hakimiyyətə qarşı kampaniyanın başlaması məqsədilə rəhbərliyin göstərişi, yaxud tövsiyəsi əsasında aclıq aksiyasının keçirildiyi hadisələri yaşanıb. Bu baxımdan, Yaqublunun da aksiyasında Əli Kərimlinin, ümumilikdə radikal müxalifətin “tövsiyələrinin” rol oynadığı istisna deyil.
Onlar Yaqublunu “pafoslu mübarizə” uğrunda həyatını təhlükəyə atmağa sövq edir, bundan hakimiyyətə qarşı kampaniya təşkil edir və can sahibini (Yaqublunu) kənara qoyaraq, öz maraqlarının davasını aparırlar. Görünən mənzərə bundan ibarətdir.
Yaqublunun həkimi Adil Qeybullanın Meydan Tv-yə müsahibəsində dediyi sözlər bu fikri daha da gücləndirir.
A.Qeybulla deyir: “Bəzi İnternet televiziyalar, xüsusilə də Amerikada oturanlar, görünür, bu prosesin uzanmağında maraqlıdırlar. Maraqlıdılar ki, bu proses uzansın, T.Yaqublu aclığı davam etdirsin, komaya düşsün, ağır vəziyyətə düşsün, onlar da bundan istifadə etsinlər, Bu, açıq aydın hiss olunur”.
O, “Musavat TV”yə müsahibəsində konkret ad çəkir və qeyd edir ki, “Sevinc Osmanqızı verilişində çıxış edənləri də yönləndirir bu istiqamətə ki, şou yaratsın. Oraya yığışan adamlar, Arif Məmmədov, Amerikadakı Aleks - bütün enerjilərini sərf edirlər ki, Tofiq Yaqublu aclığı davam etdirsin”.
Bu kontekstdə Real Partiyasının sədri İlqar Məmmədovun fikirləri də maraqlıdır.
“Daha bir fəalın həyatını xərcləyib üzərindən siyasət qurmaq istəyənlərin xidmətində duran Sevinc Osmanqızı, Arif Məmmədov, Aleks (Ələsgər) Raufoğlu - bu millətə norma kimi sırımaq istədiyiniz vicdansızlıqla, eləcə də sistemli və sistemsiz yalanlarınızla birgə rədd olun, necə ki olunmusunuz”, - partiya sədri qeyd edir.
Hər şey “ədalət” pərdəsinə bürünmüş siyasi oyundan ibarətdir. Bu oyunda eyni şəbəkənin daxili (Milli Şura-AXCP) və xarici (Osmanqızı, Məmmədov, Aleks və daxildəki qüvvələrin digər uzantıları) üzvləri yer alır.
Plan aydın görünür:
a) Yaqublunu həyata keçirdikləri kampaniya ilə aclıq aksiyasını davam etdirməyə sövq etmək, onu ölüm həddinə çatdırmaq (Ölümü işlərinə daha çox yarayar);
b) Bundan dövlətə qarşı istifadə etmək, Azərbaycanın beynəlxalq aləmdə imicinin pisləşməsinə nail olmaq;
c) Xarici təşkilatların Azərbaycana qarşı siyasi təzyiqinə zəmin yaratmaq;
ç) Həm də Yaqublu üzərindən xaricdə Azərbaycana qarşı olan məlum qüvvələrlə siyasi alver etmək, yəni “mübarizənin” aparılması adı ilə daha çox vəsait və dəstək qazanmaq;
Artıq daha aydın görünür: onların niyyəti Yaqublunun nə azadlığı, nə də sağlamlığı yox, onun üzərindən siyasi ambisiyalarını və maddi-mənəvi qazanc əldə etməkdir.
Tofiq Yaqublu radikal müxalifətin “taxt oyunları”nın və ambisiyalarının növbəti qurbanıdır.
Asif Nərimanlı
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı