Belə bir qüvvəsi olan xalq və dövlət heç vaxt yenilməz - Jalə Əliyeva
Bizi izləyin

Nida Təhlil

Belə bir qüvvəsi olan xalq və dövlət heç vaxt yenilməz - Jalə Əliyeva

“Bu gün müstəqilliyimizin 29 ili tamam olur. Növbəti il artıq biz Dövlət Müstəqilliyi Gününün 30 illiyini qeyd edəcəyik. Bu 30 il ərzində Azərbaycan çox böyük şərəfli bir tarixi yol keçib. Bu yolumuz, uğurlarımız asanlıqla başa gəlməyib. Hər kəsə bəllidir ki, müstəqilliyimizi elan etdiyimiz ilk günlərdən biz həm daxildə, həm də sərhədlərimiz xaricində böyük çətinliklərlə qarşılaşdıq”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

O qeyd edib ki, bu çətinliklərin ən böyüyü elan olunmamış bir müharibənin içərisində özümüzü görməyimiz, torpaqlarımıza qarşı qaldırılan iddia və onların havadarları tərəfindən Azərbaycana qarşı təzyiqlər olub: “Keçən 30 il ərzində Azərbaycan öz haqq işi uğrunda mübarizə apardı, Azərbaycan öz haqqını, ədalətini dünyaya tanıtmaq və isbat etmək üçün bütün sülhpərvər insanları və danışıq mexanizmlərini işə saldı. Son həftələrin hadisələri də hər kəsə bəllidir ki, artıq sülh danışıqlarına bütün çarələr tükəndikdən və Azərbaycan Ermənistanın növbəti təxribatı ilə qarşılaşdıqdan sonra əks-hücum əməliyyatları həyata keçirməyə başladı. Ölkə başçısı da dünən qeyd etdiyi kimi, Azərbaycan son həftələr ərzində öz topaqlarının bir qarışının belə erməni tapdağında qalmaması üçün çox mütəşəkkil və şanlı bir mübarizə aparır. Bu gün bütün dünyanın gözləri önündə Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun gücü bir daha nümayiş olunur, bütün dünyaya göstərilir ki, bölgədə Azərbaycan adlı güclü bir dövlətin artıq mövcuddur. Bu, bütün dünyaya bəllidir. Bizim qələbələrimizdən, zəfərimizdən, iradəmizdən, qətiyyətimizdən qorxuya düşən, narahat olan Ermənistan siyasi-hərbi rəhbərliyi və eyni zamanda onları əl altından hələ də dəstəkləyənlər əlbəttə ki, bu şanlı zəfərləri zəiflətmək üçün çarələr axtarmağa başladılar”.

J.Əliyeva bildirib ki, ermənilər çarəni hər zaman olduğu kimi Azərbaycanın dinc əhalisini hədəf almaqda gördülər və hər şey göz özündədir, son günlərin hadisələri bunu bir daha göstərdi: “Lakin əhəmiyyətli olan budur ki, son günlər guya Ermənistanın Azərbaycanı təşvişə, qorxuya salmaq üçün həyata keçirdiyi heç bir insanlığa sığmayan bu əməlləri əslində elə Ermənistanın özünə qarşı bir daha yönəldildi. Çünki xalq daha mütəşəkkil, daha nizamlı bir şəkildə öz dövlətinin, ordusunun yanında, ətrafında toplaşıb. Ali Baş Komandanımızın da sölədiyi kimi, bu gün bütün dünyaya örnək ola biləcək bir qüvvə mövcuddur. Bu qüvvə dövlət-ordu-xalq üçbucağıdır. Biz buna nail ola bilmişik. Düşünürük ki, belə bir qüvvəsi olan xalq, dövlət heç bir zaman yenilməz, arxası yerə gəlməz.

Bu gün münasibətilə başda Ali Baş Komandanımız, Prezident İlham Əliyev olmaqla, bütün xalqımızı, dünyanın bütün bucağında yaşayan, Azərbaycanımız, qələbəmiz üçün çalışan bütün azərbaycanlıları təbrik edirəm. Bu əzmkarlığına, iradəsinə görə xalqımızın qarşısında baş əyirik. Birmmənalı olaraq buradan bütün dünyaya bildirmək istəyirik ki, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır! Ölkəmizi heç bir təhdid, ikiüzlü siyasət, riyakarlıq haqq yolundan döndərə bilməyəcək. Biz Şuşaya, torpaqlarımızın hər bir qarışına qayıdacağıq, ərazilərimizin bir qarışını belə işğal altında qoymayacağıq. Müqəddəs, gözəl üçrəngli bayrağımızı bugünə qədər işğal altında qalan torpaqlarımızda mütləq dalğalandıracağıq. Zəfər, qələbə Azərbaycanındır!”

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm