Dağlıq Qarabağ erməniləri 30 illik “qəflət yuxusu”ndan ayılmalıdır
Bizi izləyin

Nida Təhlil

Dağlıq Qarabağ erməniləri 30 illik “qəflət yuxusu”ndan ayılmalıdır

“Ermənistanın təcavüzkar və işğalçı siyasətinin Azərbaycana və onun xalqına vurduğu maddi ziyandan daha ağırı mənəvi ziyandır”.

Bu sözləri Publika.az-a açıqlamasında ADA Universitetinin sosial elmlər üzrə müəllimi Şəfəq Mehrəliyeva deyib.

O qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı azad edən müzəffər ordumuz hüdudlarımızı bərpa etdikdən sonra erməni terrorunun maddi ziyanlarını biz bir-bir aradan qaldırıb, doğma ellərimizi bərpa edəcəyik və Azərbaycanın digər bölgələri kimi inkişaf etdirəcəyik: “Burada Azərbaycanın arxalandığı onun geniş resursları, qüdrətli iqtisadiyyatı, müdrik rəhbərliyi və əzmkar xalqıdır. Bununla yanaşı, bizə vurulan mənəvi ziyanı da zamanla aradan qaldıra biləcəyik. Şükr ki, burada bizə dayaq olan Azərbaycan xalqının ali tutduğu ümumbəşəri və humanist dəyərlər, onun mənəvi-əxlaqi dünyası və ümumilli lider Heydər Əliyevin banisi olduğu azərbaycançılıq məfkurəsi var”.

Ş.Mehrəliyeva hesab edir ki, Dağlıq Qarabağ bölgəsinin erməni icması öz gələcəyi barədə qərar verərkən məhz bunları nəzərə almalı, onlara bu gün cəbhədə hazırkı real vəziyyəti belə açıqlamaqdan qorxan Ermənistan hakimiyyətinin yalanlarına uymamalı, faktlara baxmalıdırlar: “Faktlar isə gün kimi aydındır. Azərbaycanda münaqişə zonasından kənarda təhlükəsizlik və sülh içində yaşayan erməni mənşəli vətəndaşlar var. Erməni terrorunun tariximizə yazdığı qanlı səhifələrə baxmayaraq, erməni kilsələri Bakı, Gəncə kimi şəhərlərdə qorunub saxlanılır. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq miqyaslı yarışlarda dəfələrlə erməni əsilli iştirakçılar olub və onlar digər qonaqlar kimi ehtiramla qarşılanıblar. Ermənilərə mənəvi dərs olacaq bu yanaşmaya Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadə, Abdulla Şaiq kimi ədiblərimizin əvvəlki münaqişələr zamanı azərbaycanlılar və ermənilər arasında münasibətləri təsvir edən humanist əsərlərində də rast gəlmək olar”.

“Bu gün Azərbaycan Ordusu Qarabağda təkcə azərbaycanlıların tapdanmış hüquqlarını bərpa etmir, Ermənistan tərəfindən bütün insanlığa qarşı törədilən ədalətsizlik və cinayətlərin nəticələrini aradan qaldırır. Dağlıq Qarabağ erməniləri 30 illik “qəflət yuxusu”ndan ayılmalı və Azərbaycanın tərkibində, nəhayət, sülh və əmin-amanlıq tapacaqlarını anlamalıdırlar”, - deyə ekspert əlavə edib.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm