Paşinyanın könüllü getməsi mümkün olmayacaq - RƏY
Bizi izləyin

Nida Təhlil

Paşinyanın könüllü getməsi mümkün olmayacaq - RƏY

“Dövlət başçısı demişdi ki, Ermənistandakı siyasi rejimi kim hakimiyyətə gətirib, arxasında hansı qüvvələr dayanıb və indi bu, tamamilə üzə çıxmaqdadır. Şübhəsiz ki, burada Rusiyanın özünün də ciddi maraqları var və o maraqları da təmin etmək üçün müəyyən tədbirlər görməyə çalışır”.

Publika.az xəbər verir ki, bunu Ermənistanda xaotik durumu dəyərləndirən beynəlxalq hüquq və geosiyasət üzrə ekspert Əfsər Sadıqov deyib.

Onun sözlərinə görə, Rusiya Azərbaycanın güclü mövqeyi nəticəsində müəyyən məsələləri ölkəmiz istiqamətində həll etmək zorunda qalacaq: “Bu da artıq görünməkdədir. Ən başlıcası isə Ermənistanın içərisindəki qüvvələr arasında mübarizə pik səviyyəyə çatıb. Sorospərəst qüvvələrlə Rusiya meylli qüvvələr arasında bu daha da kəskinləşib. Burada önəmli məsələdən biri odur ki, bu proseslə Nikol Paşinyanın könüllü getməsi mümkün olmayacaq. Çünki onun arxasında duran qüvvələrin Ermənistanı Qafqazda Rusiyanın təsir dairəsindən çıxarmaq məqsədi var. Bu gün onlar yenə də ona çalışır. Baxmayaraq ki, Paşinyan və onun rəhbərlik etdiyi qüvvələr müharibədə də, diplomatik sahədə də tamamilə uduzub, amma onları qorumaq və burada bütün günahları, təqsirləri Rusiyanın üzərinə atmaqla, cəmiyyətdə anti-rus təbliğatını genişləndirməyə çalışdılar və qismən də buna nail oldular. Amma buna baxmayaraq, Ermənistanın yaradılmasında, onun ərsəyə çatdırılmasında məlumdur ki, Rusiya dövlətinin vazkeçilməz maraqları var. Bu gün də ümumi istiqamət ona gedir ki, Paşinyan hakimiyyətdən getsin. Biz getdikcə artmaqda olan bu tendensiyanı görəcəyik”.

Ə.Sadıqov qeyd edib ki, ermənilər Rusiya sülhməramlı qüvvələrinə qarşı kampaniyaya başlayıb: “Bu gün eşitdik ki, sülhməramlı qüvvələr Kəlbəcərdə və digər ərazilərdə qeyri-qanuni məskunlaşdırılmış erməni əhalisini çıxarmağa başlayıb. Amma onlar da etiraz etməyə başlayıb ki, Rusiya bizə qəsb edib. Onlar qeyri-qanuni əmlakı aparırlarsa, təbii ki, sülhməramlı qüvvə onları saxlamalıdır, əlindən alımalıdır.

Burada iki böyük cəbhə açılıb: biri Qərbdə olan Paşinyanın qüvvələri, ikincisi isə Ermənistanın özündə tarixən Rusiya istiqamətli qüvvələr. Yəni iki istiqamət arasında çox ciddi mübarizə başlayıb və Rusiyanın buradakı sülhməramlı missiyasını pozmağa qədər gedəcəklər. Yəni bu, qaçılmaz prosesdir”.

Ekspert xatırladıb ki, 90-cı illərdə biz haqlı davamızda təcavüzə məruz qalmışdıq: “Bizi müdafiə edən dövlətlər yox idi. Ermənilərdə isə əks prosesdir. Bunlar təcavüzkar olaraq bizə qarşı təcavüzlərini davam etdirsələr də, arxalarında dayanan qüvvələr çoxdur. Bizim fərqimiz belədir.

Ermənistanda siyasi elitanın ümumi milli maraqlarının nədən ibarət olmasını dərk etməməsi ilə bağlı problem var və bu da istər-istəməz orada ciddi problemləri gündəmə gətirir. Ermənilər həmişə idarə olunduqları, suveren olmadıqları üçün Qafqazın baş bəlasına çevriliblər. Onlar qonşu dövlətlər üçün dinamit funksiyasını yerinə yetirirlər. Yəni bunların xislətində olan bu problemi onlardan almaq lazımdır”.

“Ermənistanda bu gün yaranmış xaotik durumdan Azərbaycanın faydalanmaq imkanı varmı” sualını Ə.Sadıqov belə cavablandırıb: “Heç şübhəsiz ki, ondan artıq faydalanırıq. Fikir verirsinizsə, qan qardaşı olan Türkiyə ilə bizim strateji ortaqlığımız elə bir səviyyədədir ki, hər hansı dövlət onu ayıra bilməz. İkinci bir tərəfdən, o ortaqlıq o qədər yüksək səviyyədədir ki, Rusiya da bu ikilinin yanında olmalıdır. Olmasa, o da Qafqazı itirə bilər və bu da Rusiyanı əl-ayağa salıb ki, Ermənistanı dizayn etsin, ümumiyyətlə, Qafqazın Rusiyanın təsirindən çıxarılmasının qarşısını alsın. Yəni biz artıq uzunmüddətli çox incə gedişi etməkdəyik”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm