Müşfiq Ələsgərli: “Medianın reklam gəlirlərinin az olması diqqətdən kənarda qalıb”
Bizi izləyin

Nida Təhlil

Müşfiq Ələsgərli: “Medianın reklam gəlirlərinin az olması diqqətdən kənarda qalıb”

Media sahəsində islahatlar aparılsa da, heç vaxt kompleks yanaşma olmayıb. Bir istiqamət üzrə inkişaf olsa da, digər istiqamətlərdə natamamlıq özünü göstərib. Mediaya müstəqillik və dəstək verilib, lakin medianın özünün reklam gəlirlərinin az olması məsələsi diqqətdən kənarda qalıb.

Bu sözləri Publika.az-a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib. Ekspert bildirib ki, KİV qurumlarının özünün müstəqil gəlirləri olmalıdır ki, rəqabət formalaşsın:

“Dövlətin göstərdiyi dəstək burada yardımçı rol oynamalıdır. Təəssüf ki, bizdə reklam gəlirləri demək olar ki, yoxdur. Qanunvericiliyin özündə müəyyən ziddiyyətli məqamlar var. Bəzən qanunların biri digərini təkzib edir. Məsələn, KİV haqqında qanunun 7-ci maddəsi ilə fövqalədə vəziyyət haqqında 8-ci maddə arasında zidiyyətlər var. Odur ki, bu ziddiyyətlərin aradan qaldırılmasına ehtiyac var.

Azərbaycanda jurnalistlərin statistikası və onların standartları barədə fikirlər heç vaxt tamamlanmayıb. Bu, media sahəsində olan digər vacib bir məqamdır. Kim bir yazı və ya informasiya paylaşırsa, dərhal ona jurnalist deyirlər. Bu paylaşılan informasiyalarda xəbər standartı heç vaxt gözlənilmir. Jurnalist prinsiplərini müəyyənləşdirən müəyyən standartlar var. “Jurnalist kimdir”, “Bu addam kimlər istifadə edə bilər” və “Onlar öz işində hansı standartları gözləməlidilər” suallarının yekdil cavabı, fikir vahidliyi və uyğunluğu yoxdur”.

Müşfiq Ələsgərli qeyd edib ki, müəyyən səhvə yol verdiyi və haqqında hüquqi ölçü götürüləndə bəzən insanlar jurnalist olduğunu dilə gətirir:

“İsbat etmək olmur ki, bu adam jurnalistdir, ya yox. Jurnalist fəaliyyəti nəticəsində bu xətaya yol verib, ya yox. Bu mənada belə problemlərin aradan qaldırılması üçün standartların müəyyənləşdirilməsinə ehtiyac var. Əgər o jurnalistlərin vahid vəsiqəsi və onlar haqqında standartlar müəyyən olunarsa, KİV qurumlarının vahid reyesteri yaradılarsa, bu sahədə də çatışmazlıqları aradan qaldırmaq mümkündür. Təəssüf ki, Azərbaycanda KİV-lərin vahid reyesteri yoxdur.

KİV haqqında statistikada da müxtəlif rəqəmlər göstərilir. Bəziləri 5000, bir qrup isə 6000 KİV olduğunu bildirir. Dövlət proqram hazırlayanda onları kimə yönləndirməli və kimlərin iştirak etməli olduğunu tənzimləyə bilmir. Odur ki, bütün bunları özündə toplayan vahid bir məlumat bazasına və ya informasiya bankanın olmasına zərurət var.

Prezidentin imzaladığı Media İnkişafı Agentliyinin nizamnaməsində sadaladığımız və sadalamadığımız bir çox boşluqların aradan qaldırılması üçün şərait yaradır. Nizamnamədə həm medianın müstəqil gəlir mənbələrinin formalaşmasına yardım etmək, həm media reyestrinin tərtibinin və vahid jurnalist kartlarının yaradılması, həm jurnalitikanın standartları və s. məsələlər öz əksini taparsa, indiyə qədər mövcud olan boşluqların aradan qaldırılmasına nail olmaq mümkündür. Hesab edirəm ki, bu məsələyə kompleks yanaşmaq lazımdır. Medianın İnkişafı Agentliyinə nizamnamə ilə ciddi şəkildə səlahiyyətlər verilir ki, mövcud problemlərin həllini tapmaq mümkün olsun”.

“Bu sahədə islahatlar Media İnkişafı Agentliyinin yaradılması ilə tamamlanmalıdır. Burada müxtəlif köməkçi və yardımçı məsələlər də var. Xüsusi olaraq ölkədə qanunvericiliyin təkminləşdirilməsi, diffamasiya haqqında qanun qəbul olunması, o cümlədən reklamın ədalətli şəkildə bölüşdürülməsinə kompleks yanaşmaq lazımdır. İslahatların effektli nəticələr verməsini istəyiriksə, kompleks yanaşma həyata keçirilməlidir. Əgər yenə də yarımçıq olacaqsa və işlər birtərəfli qaydada aparılcaqsa, təbii ki, müəyyən problemlər qalmaqda davam edəcək”, - deyə M. Ələsgərli bildirib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm