Prezidentin siyasi uzaqgörənlik qabiliyyəti öz sözünü dedi - Politoloq
Bizi izləyin

Nida Təhlil

Prezidentin siyasi uzaqgörənlik qabiliyyəti öz sözünü dedi - Politoloq

"44 günlük Vətən müharibəsi zamanı hərbi və diplomatik sahədə olduğu kimi, informasiya məkanında da rəhbərliyi öz çiyinləri üzərinə götürən Prezident İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü günü yerli və xarici jurnalistlər üçün keçirilən mətbuat konfransında dörd saatdan artıq, dörd dildə, otuz beşdən çox informasiya agentliyinin əlliyə yaxın sualına dolğun, dəqiq və yerində cavablar verməklə bir daha sübut etdi ki, dünya siyasi elitasının nüfuzlu nümayəndələrindən biridir. Bunu isə mətbuat konfransında yaşanan bir neçə məqama toxunmaqla əsaslandırmaq olar".

Bu sözləri Publika.az-a danışan politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənovanın sözlərinə görə, 44 günlük müharibə sadəcə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə yekunlaşmadı, bu həm də regionda yeni reallığı yaradan tərəfin məhz Azərbaycan olduğu gerçəkliyini sübut etdi: "Tarixə nəzər yetirsək görərik ki, istər Birinci Dünya müharibəsindən, istər İkinci Dünya müharibəsindən sonra, istərsə də elə "Soyuq müharibə"nin ardınca beynəlxalq münasibətlər sistemi yenidən formalaşdı və yeni dünya nizamı yarandı. Yeni dünya nizamını formalaşdıran siyasi xadimlər dünyanın siyasi mənzərəsini formalaşdıran nəhəng siyasətçilərdirsə, Prezident İlham Əliyev regionda yaratdığı yeni geosiyasi konfiqurasiya ilə məhz o siyasətçilərin arasında yer alır. Buna əlavə olaraq ən müsbət məqam ondan ibarətdir ki, ölkə başçımız regionda erməni faşizminin, terrorunun belini qırdı, tarixi ədaləti, haqqı bərpa etdi".

Politoloq qeyd edib ki, mətbuat konfransında Ermənistanda gedən proseslərlə bağlı suala cavabında bunun Ermənistanın daxili işi olduğunu bildirməsi Prezident İlham Əliyevin siyasi savadı ilə yanaşı, hər zaman siyasi etika, təmkin sahibi olduğunu göstərdi: "Bu həm də nümayiş etdirdi ki, Azərbaycan hər zaman beynəlxalq münasibətlər sisteminin etibarlı tərəfdaşı və konstruktiv mövqe nümayiş etdirən ölkəsi kimi heç bir region dövlətinə qarşı ərazi iddiası ilə çıxış etməyib, sadəcə öz torpaqlarını azad edib və heç bir dövlətin də daxili işinə qarışmır. Ölkə rəhbərinin siyasi uzaqgörənlik qabiliyyəti yenə öz sözünü dedi və bildirdi ki, Ermənistanın hazırda düçar olduğu acınacaqlı vəziyyətlə bağlı da proqnoz vermişdi".

Şəbnəm Həsənova əlavə edib ki, xarici jurnalistlər tərəfindən Prezident İlham Əliyevə ünvanlanan suallar göstərdi ki, beynəlxalq aləmə işğaldan azad olunmuş ərazilərin reinteqrasiyası, Azərbaycanın regionda yeri və rolu ilə yanaşı, Azərbaycan Prezidentinin dünyada gedən proseslər haqqında rəyi də maraqlıdır: "Mətbuat konfransının məhz 26 fevral tarixində seçilməsi isə göstərdi ki, vaxtilə əgər Azərbaycan informasiya blokadasına salınmışdısa, 44 günlük Vətən müharibəsi və ondan sonrakı məqamlarda artıq ölkəmiz bu sahədə də sözünü dedi və liderliyini göstərdi.

"Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilib", - deyən ölkə başçımız sübut etdi ki, Vətən yolunda canından keçmiş, həyatını onun bütöv və parlaq gələcəyinə qurban vermiş qəhrəman Azərbaycan oğulları günahsız insanların qisasını almağa da özləri qadirdir.

Böyük Britaniyanın "Teleqraf" qəzetinin "Bu qorxunc soyqırımını anım günündə bizimlə görüşdüyünüzə görə təşəkkür edirəm", - deməsi ölkə başçımızın ən həssas anlarda zamanı və məqamı düzgün dəyərləndirərək Azərbaycan xalqının maraqları istiqamətimdə hər zaman düzgün addım atdığından xəbər verir".

Politoloqun sözlərinə görə, bu mətbuat konfransı bir daha sübut etdi ki, vaxtilə Xocalı soyqırımı törədiləndə dünya susmuşdusa, indi hər kəs Azərbaycanla hesablaşmağa məcburdur: "Türkiyənin "Yeni Şəfəq" qəzetinin "Hörmətli cənab Prezident, səbriniz və hamımızın suallarını cavablandırdığınız üçün təşəkkür edirik", - deməsi ölkə başçımızın həm siyasi xadim, həm də insan kimi kübarlığından xəbər verir. Beləliklə, dörd dildə bir qurtum su içmədən ardıcıl, sistemli, məntiqli, hətta təxribatçı suallara belə əsaslandırılmış cavabları ilə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın başını bir daha uca etdi, bütün dünya birliyinə göstərdi ki, xalqımız mübariz xalqdır, onun rəhbəri isə peşəkar siyasi xadimdir".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm