Nida Təhlil
Ümumdünya Mətbuat Azadlığı Günündə mediamızın durumu
Bu gün 3 May Ümumdünya Mətbuat Azadlığı Günüdür. Ənənəvi olaraq söz, ifadə, media azadlığının mövcud durumu, inkişaf perspektivləri müzakirəyə çıxarılıb.
Senzuranın yolverilməzliyi, həbsdə olan jurnalistlərin azad edilməsi, təzyiqlərə, təhdidlərə məruz qalan, cəzalandırılan jurnalistlərin məsələsi diqqət mərkəzindədir.
Avropa Jurnalistlər Federasiyasının hazırladığı hesabata görə, qeyd edilən istiqamətlər üzrə qlobal səviyyədə neqativ istiqamətdə dəyişmə halları son 1 il ərzində də davam edib.
Qlobal səviyyədə müşahidə edilən bu prosesdə ən narahatedici məqam odur ki, pisə doğru dəyişmə tendensiyası son illərdə dünyanın ən mədəni, ən demokratik hesab olunan parçasını – Avropanı da əhatə edib.
AJF-nin 3 may günü ilə bağlı hazırladığı məruzədə göstərilir ki, 2020-21-ci illərdə Avropa məkanında media azadlığının çox ciddi şəkildə pisləşməsi davam edib. Qeyd edilib ki, bu məkanda söz, ifadə, media azadlığı sahəsində müşahidə edilən neqativ tendensiyaların qarşısını almaq üçün 2015-ci ildə 14 beynəlxalq təşkilat öz gücünü birləşdirib, Avropa Şurası nəzdində “Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyi Platforması”nı yaradıb.
Onlar koordinasiya edilmiş formada fəaliyyət göstərməklə prosesi durdurmağa çalışıblar. Amma hələ ki, buna nail olunmayıb, əksinə, neqativə doğru dəyişmə tendensiyası daha da artıb.
Nümunə üçün Avropa məkanında media azadlığı üzrə son 5 il müddətində baş verən hadisələrin müqayisəsi verilib.
Yaxın təqvimdə – 2021-ci ilin aprel ayında 2 ispan jurnalistin qətlə yetirilməsinə istinad edilərək qeyd olunur ki, son 5 il müddətində Avropa Birliyinə daxil olan ölkələrdə fəaliyyətinə görə 31 nəfər jurnalist qətlə yetirilib.
Avropa Şurasına üzv olan ölkələr sırasında isə qətlə yetirilən jurnalistlərin sayı 41 nəfərdir.
Hazırda dünyada 238 nəfər jurnalist həbsdədir ki, onların da 91 nəfəri Avropanın payına düşür.
Təkcə son bir il ərzində dünyada jurnalistlərə qarşı 873 təhdid halı qeydə alınıb ki, bunlardan da 245-i Avropa ölkələrinin aktivinə yazılıb.
6 il öncə AŞ nəzdində platforma qurularkən, Avropa məkanında jurnalistlərə qarşı təqib, təzyiq və təhdid hallarının sayı 2021-ci ilin göstəricilərinə nisbətən 2 dəfə aşağı olub. Bu da onu göstərir ki, indi vəziyyət 2 dəfə pisləşib.
Maraqlıdır ki, jurnalistlərin fiziki şiddətdən ən çox təsirləndikləri ölkələr sırasında Rusiya ilə yanaşı İtaliya, Serbiya və İngiltərənin də adı göstərilir.
Təqib hallarının ən çox müşahidə olunduğu ölkələr sırasında isə Fransa, Sloveniya, Türkiyə, Ukrayna, Belarus və Polşanın adı qabardılır.
AJF 3 May Dünya Mətbuat Azadlığı Günü ərəfəsində Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriçə müraciət edərək onun Avropa hökumətlərinə çağırış etməsini, “pisləşməyə son qoymaq, jurnalistləri və müstəqil jurnalistikanı qorumaq üçün daha güclü siyasi iradə göstərməsini” istəyib.
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) isə 3 May Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində Azərbaycan mediası ilə əlaqədar daha çox diqqət çəkən tendensiyaları müəyyənləşdirib. Qeyd edilib ki, son bir il müddətində Azərbaycan media məkanı islahatlar prosesinin təsirində olub. Bu dövrdə diqqət çəkən tendensiyalar təsnifatlaşdırılıb:
– Dövlət və hökumət təmsilçilərinin sosial media müstəvisində aktivliyi, auditoriya ilə interaktiv münasibətləri, media ilə təmaslarını intensivləşdirdikləri diqqət çəkib. 2018-ci ildən etibarən müşahidə edilməyə başlayan bu tendensiya 2020-21-ci illərdə daha da sürətlənib.
– Bu dönəmdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın həm milli, həm də transmilli media ilə canlı təmaslarının intensivləşməsi müşahidə edilib. Prezidentin köməkçiləri Hikmət Hacıyevin, Anar Ələkbərovun, MEDİA Agentliyinin direktoru Əhməd İsmayılovun media təmsilçiləri ilə görüşləri xarakterik hal alıb.
– 2020-ci ildə həyatın digər sahələri kimi, media təsisatları da COVID-19 pandemiyasının təsiri altında olub. Azərbaycanda 230 nəfər jurnalist COVID-19-a yoluxub, onlardan 10 nəfəri həyatını itirib.
– Azərbaycanda pandemiyanın mediaya təsirini azaltmaq üçün dövlət bir sıra addımlar atıb; “Pandemiya dövründə kiçik və orta sahibkarların dəstəklənməsi” proqramı media sahibkarlarına da şamil edilib. Proqram çərçivəsində mediaya dövlət dəstəyi göstərilib ki, bu da mediada iş yerlərinin qorunub saxlanması üçün stimul olub.
– Azərbaycanda məxsusi olaraq pandemiya dövrünün şərtləri altında fəaliyyətini dayandıran media qurumu yoxdur. Bununla yanaşı, iş yerlərinin ixtisarı aparılıb. Hesablamalara görə, pandemiya dövründə aparılan ixtisarlar, iş yeri itkisi ölkədə media çalışanlarının 4 faizini əhatə edib.
– 2020-ci ildə ümumrespublika yayımlı media qurumlarından 3-ü öz fəaliyyətini qismən dayandırıb və ya dövriliyini azaldıb. Bununla yanaşı, 2020-ci ildə təqribən 15 yeni onlayn media qurumu fəaliyyətə başlayıb.
– Azərbaycanda sərbəst çalışan (freelance ) jurnalistlərin fəaliyyətinin rəsmi qurumlar müstəvisində ilk dəfə tanınması halı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan Mətbuat Şurasının ölkə jurnalistləri adından ünvanladığı müraciəti nəzərə alaraq, sərt karantin rejimi dövründə fəaliyyətinə icazə verilən kateqoriyalar sırasına VÖEN əldə edib sərbəst çalışan jurnalistləri də daxil edib. Məlumat üçün bildirək ki, sərbəst çalışan jurnalistlərin sayı yüksək rəqəmlərlə ifadə olunsa da, Azərbaycanda onların fəaliyyətinin hüquqi tənzimlənməsi mövcud deyil.
– Adları beynəlxalq təşkilatların hesabatlarında “həbsdə olan jurnalistlər” kimi hallandırılan şəxslərdən 7 nəfəri 2020-21-ci illərdə Prezidentin əfv sərəncamları ilə sərbəst buraxılıblar və ya üzərlərindən şərti məhkumluq götürülüb. Bununla yanaşı, həbsdə olan jurnalistlər mövzusu sıfırlanmayıb. Xüsusi olaraq Polad Aslanovun, Əfqan Sadıqlının məhkumluğu üzrə məsələlər diqqət mərkəzində olub. Arzuediləndir ki, ölkənin media sferasında həyata keçirilən islahatlar fonunda bu məsələ birdəfəlik həll edilsin, həbsdə olan jurnalistlər birmənalı şəkildə azadlığa buraxılsın, Azərbaycanın adı bir daha bu məsələdə hallandırılmasın.
– Siyasi aktivliyin artdığı dönəmlərdə, ekstremal vəziyyətlərdə informasiya bolluğu yaratmaq, informasiyanın əlçatımlığını təmin etmək, media təmsilçilərinin uyğun dövlət orqanları ilə təmaslarının intensivləşdirilməsi üçün marağın da artdığı diqqət çəkib. Bu sırada 2020-ci ildə Milli Məclis seçkiləri zamanı aktivləşdirilən “Seçkilər” İnformasiya Mərkəzinin işini, COVID-19 pandemiyasına uyğun olaraq tətbiq edilən sərt karantin rejimi zamanı Nazirlər Kabineti yanında Operativ Qərargah vasitəsilə keçirilən gündəlik brifinqləri, 44 günlük Vətən müharibəsi günlərində formalaşdırılan Hərbi İnformasiya Mərkəzinin fəaliyyətini göstərmək olar. Dövlət qurumlarının, rəsmi şəxslərin iştirakı ilə gündəlik brifinqlərin keçirilməsi, jurnalistlərin suallarının operativ cavablandırılması göstərdi ki, informasiya ilə iş Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.
Müşfiq Ələsgərli
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla