Konfrans çox qiymətli məqamlarla zəngin idi - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Konfrans çox qiymətli məqamlarla zəngin idi - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” müzakirələrində regionun həllini gözləyən problemlərinə çox böyük məharətlə diqqət yetirdi. Onların mənzərəsini cızdı, eyni zamanda həlli yollarını göstərdi. Prezidentin diplomatik məharəti, problemlərin mahiyyətinə varmaq və onları açıb göstərmək qabiliyyəti hər gün yeni-yeni formaları əxz edir.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloq bildirib ki, sözügedən tədbirdə dövlət başçısı bir sıra mühüm məsələlərə toxundu:

“Azərbaycan Prezidenti onu da xüsusi qeyd etdi ki, əmin-amanlığın və dincliyin möhkəmləndirilməsi üçün regiondakı münaqişələrin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həllini həyata keçirmək lazımdır. O, Azərbaycan və Ermənistan arasındakı münaqişənin başa çatmasını və sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı məsələlərdə müəyyən problemlərin yarandığını, o problemləri həll etmək üçün Azərbaycan tərəfindən ciddi səy göstərildiyini və lazım olan addımlar atdığını qətiyyətlə vurğuladı. Prezident onu da əlavə etdi ki, bölgəni sülh və əmin-amanlıq zonasına çevirmək üçün Azərbaycan öz öhdəsinə düşən bütün vəzifələri həyata keçirəcək. Qarşı tərəf də bu məsuliyyəti hiss etməli və bilməlidir ki, bu öhdəliklər yerinə yetirilmədiyi müddətdə, ciddi yanaşılmadığı təqdirdə qarşıya nə qədər böyük problemlər çıxacaq. Bu kontekstdə hələ də Azərbaycan ərazisində erməni əsgərlərinin qaldığını, onların çıxarılmasına dair Ermənistanın söz verdiyini və bu sözünə əməl etməli olduğunu da çox qətiyyətlə vurğuladı.

Ölkə başçısı Avropa İttifaqı və onun bir sıra qurumları, Avropa Komissiyası, Avropa Şurası Parlament Assambleyası, UNESCO, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq və onun xətti ilə pandemiyadan əziyyət çəkən ölkələrə Azərbaycanın göstərdiyi maddi yardımları vurğuladı. O, dünyanın qlobal problemləri, xüsusilə pandemiya üzərində dayandı və hələ də pandemiya ilə mübarizədə vaksin ala bilməyən ölkələrin olmasından öz narahatlığını dilə gətirdi. Dünya xalqlarını öz qüvvələrini birləşdirmək və həmin xalqlara vaksinin verilməsinə yardım etmək təklifini irəli sürdü.

Konfrans çox qiymətli məqamlarla və təkliflərlə zəngin idi. Bütün bunlar onu göstərir ki, Azərbaycan Respublikasının Prezidenti dünya siyasi proseslərinin öyrənilməsində və təhlilində çox təcrübəli siyasətçidir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm