Prezident heç zaman unudulmayacaq liderlik nümayiş etdirdi - Politoloq
Bizi izləyin

Nida Təhlil

Prezident heç zaman unudulmayacaq liderlik nümayiş etdirdi - Politoloq

Azərbaycanda həyata keçirilən islahatların tərkib hissəsi kimi, 2020-ci ilin ilk günlərindən başlayaraq ölkəmizin informasiya siyasətində köklü dəyişikliklərin baş verdiyi nəzərə çarpmağa başladı. Zaman keçdikcə bu prosesin konseptual əsaslara söykəndiyi və vahid strategiya əsasında həyata keçirildiyi, qlobal informasiya məkanının dəyişən temporitminə uyğun, çevik və dinamik bir şəkildə inkişaf etdiyi özünü daha qabarıq şəkildə büruzə verdi. Azərbaycan dövləti daxili və xarici siyasətinin mahiyyətinə, eləcə də çağdaş reallıqlara uyğun olaraq informasiya siyasətində də çoxgedişli hücum taktikasını inkişaf etdirməklə ənənəvi stereotipləri qırmağı bacardı.

Publika.az xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli qeyd edib. Prezidentin həm müharibə dövründə, həm də müharibədən sonrakı yeni informasiya strategiyasından söz açan politoloq bildirib ki, dövlət başçısı milli maraqlarımızın müdafiə olunması müstəvisində də hələ uzun illər tədqiq ediləcək və heç zaman unudulmayacaq liderlik nümayiş etdirib:

“Qısa zaman ərzində Prezident İlham Əliyevin informasiya strategiyasının nə qədər mühüm və hətta həyati əhəmiyyət kəsb etdiyi COVID-19 pandemiyasına qarşı mübarizənin ilk mərhələsində və təbii ki, Vətən müharibəsinin aparıldığı günlərdə öz təsdiqini tapdı. Azərbaycan Prezidenti Ali Baş Komandan kimi döyüş əməliyyatlarına rəhbərlik etməklə yanaşı, qlobal informasiya məkanında ölkəmizə edilən hücumların qarşısının alınması, milli maraqlarımızın müdafiə olunması müstəvisində də hələ uzun illər tədqiq ediləcək və heç zaman unudulmayacaq liderlik nümayiş etdirdi, informasiya məkanında mübarizənin özünəməxsus nümunəsini yaratdı.

Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə yalnız informasiya sahəsində ölkəmizin maraqlarının qorunması istiqamətindəki fəaliyyətini göz önündən keçirsək, bütün bunların 44 günlük bir zaman çərçivəsinə sığışdırılması imkansız görünür: Dünyanın 26 aparıcı mediasına müsahibə, çoxsaylı çıxışlar, bəyanatlar, ən kəskin sualların qarşısında nümayiş etdirilən təmkin və qətiyyət, Ermənistanın, erməni lobbisinin və onlardan öz maraqları üçün istifadə edənlərin uzun illərdən bəri körüklədikləri yalan və böhtanların, daşlaşmış stereotiplərin tutarlı faktlarla, dəmir məntiqlə darmadağın edilməsi döyüş meydanındakı Zəfər yürüşünün informasiya məkanında inikası və təntənəsi idi.

Dövlətimizin başçısının mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələrdə müxtəlif ölkələrin sabiq prezidentləri, baş nazirləri, yüksək vəzifəli şəxslər, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, politoloqlarla müzakirələrdə iştirakı və çoxsaylı suallara ətraflı cavab verməsi də bu prosesin, yəni Azərbaycan Prezidentinin yeni informasiya strategiyasının tərkib hissəsi olmaqla yanaşı, gələcəkdə bu istiqamətdə həyata keçiriləcək tədbirlərin, görüləcək işlərin miqyasının müəyyənləşdirilməsinə də imkan yaradır.

Bu bağlamda bir məqama diqqət çəkmək istəyirəm. Məsələn, Prezident İlham Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi Deyvid Merkelin Asiyanı Avropa ilə birləşdirmək üçün logistik dəstək və Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilıə bağlı sualının cavabında ölkəmizin iştirak etdiyi bütün layihələrə qarşılıqlı faydalılıq prinsipi müstəvisindən yanaşdığını və məqsədin rəqabət deyil, əməkdaşlıq olduğunu çox incə detallarla diqqətə çatdırdı.

Sitat: “Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlayıb və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində bizim Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantımız var. Bu önəmli layihənin bir hissəsi olmaq üçün biz öz infrastrukturumuzu, o cümlədən dəniz limanını, Xəzər hövzəsində ən böyük gəmi parkını və dəmir yolu imkanlarını təmin edirik. Beləliklə, biz bu layihəyə maliyyə və siyasi cəhətdən investisiya yatırmışıq. Ümid edirəm ki, bu iki mühüm sahə - enerji təhlükəsizliyi və nəqliyyat təhlükəsizliyi nəinki təkcə Azərbaycanın gələcək iqtisadi inkişafı üçün önəmli rol oynayacaq - çünki bu, əlavə gəlirlərin yaranmasına səbəb olacaq, - həm də regional sabitliyə ciddi şəkildə töhfə verəcək. Çünki ölkələr bir-birindən asılı olur, ölkələr bir gəmidə olduğu üçün bir komandanın üzvü olur”.

Cənab Prezidentin iqtibas gətirdiyim sonuncu cümləsi, qənaətimə görə, ölkəmizin baxış bucağını açıq şəkildə ifadə edir: Azərbaycan öz təşəbbüsü və iştirakı ilə gerçəkləşdirilən bütün layihələrə qarşılıqlı faydalı əməkdaşlığa imkan yaradan, dövlətləri bir-birindən asılı etməklə rəqabətə yox, əməkdaşlığa sövq edən platforma - gəmi kimi yanaşır. “Bir gəminin üzvü olmaq” - əslində bütün dünyaya verilən mesajdır və bəşəriyyətin təhlükəsiz gələcəyinin yeganə çıxış yoludur.

Bütövlükdə isə Prezidentin yeni informasiya strategiyası müharibə dövründə Azərbaycan xalqının, dövlətinin öz torpaqlarını işğaldan azad etməsi, Vətən müharibəsi ilə bağlı həqiqətlər barədə dünya ictimaiyyətini ətraflı məlumatlandırmağa imkan verdiyi kimi, post-münaqişə dövründə də regionun gələcəyi ilə bağlı planlar, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, ermənilərin vandallığı və bunun mənəvi və hüquqi nəticələri haqqında gerçəkliklərin dünyaya dolğun şəkildə çatdırılmasına əlverişli zəmin yaradır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm