Bu layihələri gerçəkləşdirən reallıqları Prezident yaradıb - RƏY
Bizi izləyin

Nida Təhlil

Bu layihələri gerçəkləşdirən reallıqları Prezident yaradıb - RƏY

"Azərbaycan həm Çin Xalq Respublikası, həm də Avropa İttifaqı ilə çox yaxın tərəfdaşlıq və bir çox sahələrdə əməkdaşlıq edən ölkədir. Bu, xüsusən ölkə Prezidenti İlham Əliyevin Azərbaycana - ölkəmizə rəhbərliyi dövrünə təsadüf edir. Çünki həm Çin Xalq Respublikası, həm də Avropa İttifaqı ilə bir sıra vacib sənədlər cənab Prezidentin ölkəmizə rəhbərlik etdiyi dövrdə imzalanıb".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Millət vəkili qeyd edib ki, bu gün Çin dünyanın ən inkişaf etmiş ölkələrindən biridir:

"Eyni zamanda, dünya iqtisadiyyatına təsir gücünə malik ölkələrdəndir. Azərbaycanla Çin arasında dostluq, strateji əməkdaşlıq və digər sahələr üzrə sənədlər imzalanıb. Bakı ilə Pekin arasındakı əlaqələr nəqliyyat və logistika sahəsində də uğurla inkişaf etməkdədir. Buna misal olaraq biz "Bir kəmər, bir yol" layihəsini xüsusi olaraq vurğulaya bilərik. Çünki Çin Xalq Respublikasının sədri ilə Azərbaycan Prezidenti aralarındakı telefon danışığı zamanı məhz "Bir kəmər, bir yol" layihəsinin inkişafı çərçivəsində fəaliyyətlərinin bundan sonra da birgə əlaqələndirilməsinin, mövcud imkanlardan faydalanmağın əhəmiyyətindən danışmışdılar.

Həmçinin Azərbaycanın Avropa İttifaqına üzv olan 28 ölkədən 9-u ilə strateji əməkdaşlıq sazişi, sənədi mövcuddur".

Deputat söyləyib ki, Avropa İttifaqı Azərbaycanı xüsusən enerji layihələrinə, enerji təhlükəsizliyinə töhfə verən ölkə kimi səciyyələndirir:

"Xüsusən də logistika və nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi istiqamətində çox böyük təcrübələri və əməkdaşlıqları var. Eyni zamanda, Avropa İttifaqı qlobal güc mərkəzidir. Çinlə və Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın mühüm logistika və nəqliyyat dəhlizi mərkəzinə çevrilməsindən xəbər verir. Əlbəttə, bütün işlər 44 günlük Vətən müharibəsindən sonra yaratdığı yeni reallıqlara uyğun şəkildə həyata keçirilir. Yeni reallıq qarşılıqlı əməkdaşlıq, Zəngəzur dəhlizinin və digər nəqliyyat dəhlizlərinin açılmasıdır. Eləcə də Azərbaycan üzərindən Avropa İttifaqı ilə Çinin əməkdaşlığı daha böyük coğrafiyanı əhatə edəcək".

Cavid Osmanov qeyd edib ki, bu qarşılıqlı əməkdaşlıq çərçivəsində görülən işlər bir sıra ölkələrin inkişafına, tərəqqisinə çox böyük təkan verəcək:

"Bu layihələri gerçəkləşdirən reallıqları da məhz Azərbaycan Prezidenti yaradıb. Bu baxımdan hər iki güc mərkəzinin rəhbərinin eyni gündə Azərbaycan Prezidenti ilə telefonla danışması, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni perspektivlərin axtarışında olduqlarının dilə gətirilməsi ölkəmizin gücünün, qüdrətinin göstəricisidir. Eyni zamanda, Azərbaycanın qlobal müstəvidə güc mərkəzinə çevrilməsindən xəbər verir. Bunu da məhz cənab Prezidentimiz yaradıb".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm