Bu, Azərbaycanın gücünü göstərir - Cavid Osmanov
Bizi izləyin

Nida Təhlil

Bu, Azərbaycanın gücünü göstərir - Cavid Osmanov

“Bu gündən futbol üzrə Avropa çempionatının - Avro-2020-nin başlaması və dörd oyunun Bakıda keçirilməsi çox əlamətdar bir hadisədir. Birincisi, burada bir məsələni qeyd etməliyik ki, bütün dünyada koronavirus pandemiyasının davam etdiyi bir dövrdə Azərbaycan artıq post-pandemiya dövrünə mərhələli şəkildə qədəm qoyur”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Deputat bildirib ki, Vətən müharibəsindən cəmi 6 aydan bir qədər çox vaxt keçməsinə baxmayaraq, Avropa çempionatı kimi mötəbər bir yarışda 4 oyuna ev sahibliyi etməyimiz Azərbaycanın sürətlə toparlanmasının, gücünün, qüdrətinin göstəricisidir:

“Bu, çox mühüm hadisədir. Çünki bu hadisə Azərbaycanın nə qədər güclü olduğunu göstərir. Eyni zamanda, gələcəkdə ölkəmizə turist axınına yeni şərait yaradacaq. Bildiyimiz kimi, koronavirus pandemiyasının ən çox zərər vurduğu iqtisadi sahələrdən biri də turizm sektorudur. Məhz bu baxımdan son illərdə Azərbaycanda keçirilən beynəlxalq idman yarışlarından, dünya əhəmiyyətli turnirlərin keçirilməsindən sonra ölkəmizə turist axınında ildən-ilə çoxalma var idi. Əlbəttə, bu, pandemiya dövrünə qədər olan bir məqamdır. Bundan sonra da turizm axınının güclənməsi üçün ölkəmizdə bu cür tədbirlərin keçirilməsi çox vacibdir. Ölkəmizə gələn turistlər görəcək ki, Azərbaycan müharibədən sonra sürətlə toparlanıb. Eyni zamanda, buradakı idman infrastrukturunu görəcəklər. Ölkəmizin nə qədər multikultural və tolerant olduğunu anlayacaqlar”.

Millət vəkili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya gəlişindən, Şuşa səfərindən də danışıb. Cavid Osmanov qeyd edib ki, bu, çox mühüm hadisədir:

“Çünki Azərbaycanla Türkiyə iki qardaş ölkədir və dünyada ikinci belə ölkə yoxdur ki, bu qədər nümunəvi, dost-qardaş münasibətləri olsun. Ankara ilə Bakı arasında çox sıx bağlar mövcuddur. Bunun da tarixi, mədəni kökləri var. Bu baxımdan qardaş Türkiyə Prezidentinin Bakıya səfəri və burada Avro-2020-nin qrup mərhələsi çərçivəsində Türkiyə millisinin oyununu izləməsi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya gözlənilən səfəri çox vacib məqamlardır. Bütün bunlar iki ölkənin qardaş münasibətlərinin göstəricisidir. Cənab Ərdoğanın Şuşaya səfərinin bütün dünyaya verdiyi mesaj ondan ibarətdir ki, Azərbaycanla Türkiyə hər zaman bir yerdədir və bundan sonra da belə olacaq. Bundan sonrakı mərhələdə hər kəs güclü Azərbaycanı və Türkiyəni görəcək”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm