Bayden-Putin görüşü: “siyasi poker” yeni başlayır - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Bayden-Putin görüşü: “siyasi poker” yeni başlayır - TƏHLİL

Baydenlə Putinin görüşü bitdi və həftənin geosiyasi gündəmi tamamlandı.

Liderlərin açıqlamaları görüşün “orta” keçdiyi yönündədir: Vaşinqton və Moskva “qırmızı xətləri” keçməmək şərti ilə düşmənçiliyi bir qədər səngitmək qərarına gəlirlər, amma barışmırlar. “Xarici təhdid” hər iki tərəf üçün lazımlıdır.

ABŞ-ın əsas hədəfi Çindir, Rusiya Uzaq Şərqə uzanan strategiyada “təhdid obrazı” rolunu oynayır və bu, Vaşinqton üçün iki aspektdən önəmlidir:

1. Qərb blokunu yenidən bir araya gətirmək;

G-7 sammiti, NATO zirvəsi, Bayden-Ərdoğan görüşünün Vaşinqtonun gündəmindəki hədəfi bu idi və Ağ Evin sahibi Putinlə görüşü məhz sona saxlamaqla, “müttəfiqlərinə onları düşmən qarşısında müdafiə etdiyi”ni göstərmək məqsədi daşıyırdı.

2. Rusiyanı təzyiqlə Çinə qarşı cəbhədə “Soyuq müharibə” dövründə Çinin SSRİ-yə qarşı oynadığı rolu oynamağa məcbur etmək;

Baydenin Putinə “qatil” deməsi, Ukraynada gərginliyin pik həddə çatdırılması, rusları Qaradənizdə qarşıdurmaya çəkmək oyunu, ardınca yumşalmaların başlaması, “Şimal axını – 2” layihəsi qarşısındakı maneələrin aradan qaldırılması və nəhayət Putinlə görüş Vaşinqtonun klassik “kökə və dəyənək” gedişi idi.

Bu strateji gedişlər fonunda Türkiyənin Cənubi Qafqazda və Əfqanıstanda önünün açılması da ABŞ-ın Rusiya və Çinə qarşı NATO-nun regiondakı əsas gücünü dövriyyəyə salmasıdır.

Beləliklə, həftənin geosiyasi yekununda Baydenin “Amerika qayıdır” planında ilk etapın tamamlandığını hesab etmək olar, hərçənd, Vaşinqtonun oyunu olduğu kimi, Qərb blokunda yenidən toplanmış kimi görünən Avropa ölkələrinin də, Türkiyənin də, Rusiyanın da öz strateji oyunları var.

Oyunun ilk mərhələsində hər kəs kartlarını açdı, əsl “siyasi poker” bundan sonra başlayır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm