Ermənistanda seçkilərin nəticəsi Qərbin qələbəsidir - Politoloq
Bizi izləyin

Nida Təhlil

Ermənistanda seçkilərin nəticəsi Qərbin qələbəsidir - Politoloq

Azərbaycanın Ermənistanın işğalçılıq siyasəti üzərindəki qələbəsi uzun zaman çəkilən əziyyətin, yürüdülən düşünülmüş, hərtərəfli və sistemli işin nəticəsidir.

Bunu Publika.az-a politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Prezident İlham Əliyev dünya siyasi arenasına və nizamına yaxından bələd olan bir siyasətçi, onun bütün nəzəri və praktiki aspektlərinə hakim olan mahir diplomat kimi bu istiqamətdə nəticə yönümlü işləri həm ölkə daxilində, həm də xarici arenada böyük ustalıqla icra edib: "Dünyada gücün beynəlxalq hüquqdan daha üstün olduğu reallığını nəzərə alaraq o bildirdi ki, biz hər zaman güclü olmalıyıq. Güclü olmaq isə heç şübhəsiz ki, güclü iqtisadiyyatdan keçir. İqtisadiyyatımız dirçəldilərək Azərbaycanı regionun aparıcı aktoruna çevirməklə onu bütün regional və beynəlxalq layihələrin bir hissəsi edən ölkə başçımız nəticə etibarilə Ermənistanı elə bir dalana saldı ki, axırda iqtisadi blokadaya salınmış dövlətə çevrildi. Bu baxımdan da deyə bilərik ki, bu gün Ermənistanda baş verən siyasi xaos, iqtisadi tənəzzül, psixoloji məğlubiyyət sindromu cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın həyata keçirdiyi siyasətin qələbəsidir. Ermənistan tənəzzülə uğradıqca Azərbaycan regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrildi. Bu illər ərzində Ermənistanın liderlərindən fərqli olaraq Prezident İlham Əliyev hansısa dairələrin diktəsi ilə deyil, milli maraqlarımızı nəzərə alaraq müstəqil siyasət həyata keçirir, dünya siyasi arenasında öz prinsipial mövqeyi ilə seçilir, dünya birliyi tərəfindən də yüksək nüfuza malik siyasətçi kimi qəbul olunur".

Siyasi şərhçinin sözlərinə görə, Ermənistan hər keçən gün xarici yardımdan asılı vəziyyətə düşürdüsə, Azərbaycanın həyata keçirdiyi fəal diplomatiya Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa, erməni yalanlarını ifşa etməyə imkan verdi: "Ermənistan beynəlxalq informasiya məkanında və diplomatiya sahəsində öz havadarlarının dəstəyi ilə əvvəlki dövrdə qazandıqları üstünlükləri itirdi. Bütün bunları görən, sosial-iqtisadi problemlər içində boğulan xalq ayağa qalxdı, Robert Koçaryan və Serj Sarkisyanın simasında insanların beynini zəhərləyərək onlara düşmənçilik aşılayan revanşist qüvvələri tarixin tozlu səhifələrinə göndərdi.

Prezident İlham Əliyevin "Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, biz sizi məğlub etmişik, sizin ordunuzu məhv etmişik" fikirləri bir daha təsdiq etdi ki, ölkə başçısı Koçaryan və Sarkisyanı təkcə hərb meydanında deyil, həm də siyasi meydanda məhv etdi. Seçkilərin nəticəsi də bunu deməyə əsas verir. Belə ki, ermənilər cani Koçaryana "Yox" dedilər. Xalq hakimiyyətdə nə Sarkisyanı, nə də Koçaryanı görmək istəyir. Koçaryan kimi bir caninin hakimiyyətə iddiasının qarşısının alınması həm erməni xalqı üçün, həm də region üçün müsbət hadisədir. Bununla da xalq müharibəyə, revanşist fikirlərə və Qarabağ avantürasına "Yox" dedi. Sübut olundu ki, hazırkı reallıqdan kənar bir reallıq mövcud deyil. 2016-cı ilin aprelində Azərbaycan ordusuna məğlubiyyət Sarkisyan rejiminin sonu oldusa, 2020-ci il müharibəsində məğlubiyyət revanşistlərin hakimiyyətə qayıdış yolunu birdəfəlik kəsdi".

Ş.Həsənova qeyd edib ki, Ermənistanda seçkilərin nəticələri həm də Qərbin qələbəsi kimi başa düşülməlidir: "Çünki Paşinyanın Qərblə ciddi bağlantılarının olduğu, Soros Fondunun diktəsi ilə hərəkət etdiyi heç kimə sirr deyil. Bununla yanaşı, Rusiya Koçaryana hər cür dəstək göstərsə belə, onu hakimiyyətə qaytara bilmədi. Seçki ərəfəsində də Rusiya mediası qapılarını "Ermənistan" blokunun üzünə taybatay açmış, bu zaman ərzində isə Rusiya mediasında anti-Azərbaycan ritorikası güclənmişdi. Bütün cəhdlərə baxmayaraq, bu, nəticə vermədi.

Bu gün Ermənistanda yaşanan xaos sadəcə müharibədə məğlub olmağın yox, illərlə erməni insanının təcrid siyasətindən əziyyət çəkərək sosial vəziyyətlərinin ağırlaşmasının da əyani təzahürüdür. Bu baxımdan da Ermənistan artıq işğalçılıq siyasətinin, müharibənin onlara nə verdiyini dərk etməlidir. Bunu nəzərə alaraq Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmağa çalışmalıdır. Zəngəzur dəhlizi məsələsində konkret addımlar atmalıdır. Bu da erməni xalqına və regiona müsbət dividendlər qazandıracaq. Nəqliyyat dəhlizlərinin açılması, iqtisadiyyatın dirçəlməsi nəticəsində güzəranı yaxşılaşan Ermənistan dərk edəcək ki, firəvan gələcək qonşu ölkələrlə əməkdaşlıqdan keçir".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm