Nida Təhlil
Ərəb pullarının Azərbaycana axmasını əngəlləyən SƏBƏBLƏR
Azərbaycan qeyri-neft sektorunun inkişafına nail olmaq üçün irihəcmli investisiyalara ehtiyac duyur. Bu ehtiyac 2015-ci ildə neftin dünya bazar qiyməti kəskin enəndə - iqtisadiyyatın neft üzərində qurulduğu aydın görünəndə daha açıq hiss olundu. Ölkənin neft gəlirlərindən birbaşa asılılığının hansı fəsadlara səbəb olduğunu praktikada yaşayan Azərbaycan hökuməti neftdənkənar sahələrin inkişafına nail olmaq üçün aktiv fəaliyyətlərə başladı.
Tezliklə aydın oldu ki, inkişaf etmiş Avropa və Qərb investorlarını Azərbaycanın neftsiz iqtisadiyyatına cəlb etmək kifayət qədər çətin, həm də ölkə daxilində - investisiya mühitində radikal dəyişikliklər tələb edən bir prosesdir. Onda hökumət üzünü Şərqə - daha doğrusu, resurs və pul bolluğu yaşayan ərəb ölkələrinə tutdu. Xüsusilə də Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı ilə əlaqələrin canlandırılması üçün addımlar atıldı, Azərbaycanın iqtisadi və turizm potensialının bu ölkələrdə aktiv təbliğatına başlandı. Nəticədə Körfəz ölkələrindən Azərbaycana turist axını 2016-2018-ci illərdə 40-50 dəfəyə qədər artdı. Lakin ölkənin turizm sənayesinin imkanları ərəb turistlərin ovdan kənardakı tələblərini ödəməyə yetmədi və axın 2019-cu ildən etibarən azalmağa başladı.
2016-2018-ci illərdə ərəb investisiyalarının iqtisadiyyata cəlbi istiqamətində də müəyyən irəliləyişlər əldə olundu. Xüsusilə Dubayda dünyanın ən inkişaf etmiş azad iqtisadi zonalarından birini qurmağa nail olan DP World şirkətinin Azərbaycan ərazisində - Ələtdə azad iqtisadi zonanın yaradılması işinə cəlb olunması mühüm uğur sayıla bilərdi. DP World şirkətinin mütəxəssisləri əraziyə baxış keçirdilər, AİZ-in inkişaf potensialını qiymətləndirdilər və bu prosesdə iştirakçı olmağa qərar verdilər. Onların yardımı ilə Azərbaycan hökuməti Ələt AİZ haqqında qanun layihəsini, zonanın iqtisadi əsaslandırmasını hazırladı. İlkin mərhələdə DP World-ün zonaya vəsait yatırmaq, xarici investorları cəlb etmək və sonanı idarə etmək təklifinə müsbət reaksiyalar verildi. Ərəb şirkəti AİZ-i “Tik, idarə et və təhvil ver” prinsipi ilə yaratmağı təklif etdi. Azərbaycan hökuməti ilkin mərhələdə buna razılaşsa da, qanun hazırlanandan az sonra mövqe dəyişdi. Bu dəyişikliyi qəbul etməyən DP World prosesdən çəkilməkdən başqa yol görmədi. Beləliklə, şirkətin bilavasitə özü tərəfindən yatırılması nəzərdə tutulan 1 milyard dollarlıq investisiya imkanı əldən çıxdı...
İndi Azərbaycan hökuməti yenidən Körfəz ölkələri ilə əlaqələri dərinləşdirmək, ərəb investorları ölkəyə investisiya yatırmağa stimullaşdırmaq istəyir. Bu aktivləşmənin əsas səbəbi 2020-ci ilin martından koronavirus pandemiyasının dünya neft bazarında yaratdığı kəskin volatillik fonunda qeyri-neft iqtisadiyyatının yetərincə inkişaf etməməsinin yaratdığı problemlərdir. Bir daha aydın oldu ki, ölkəyə valyutanın gəlişi bir məhsuldan asılı olduqda iqtisadiyyat xarici şoklar qarşısında demək olar ki, tamamilə müdafiəsiz qalır. Azərbaycanda neftə bağlı olan bu asılılığı aradan qaldırmağın tək yolu neftdənkənar sahələrin inkişafıdır. Buna nail olmaq üçünsə daxili investisiyalar yetərli deyil.
Hökumət bu reallığı nəzərə almaqla xüsusilə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətərlə əlaqələrin dərinləşdirilməsinə çalışır. Bu prosesdə İqtisadiyyat Nazirliyi, xüsusilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Energetika Nazirliyi, Xarici İşlər Nazirliyi və digər qurumlar aktiv iştirak edirlər.
Hələlik ərəb şirkətləri Azərbaycanın enerji sektoruna daha çox maraq göstərirlər. Bu baxımdan, külək və günəş elektrik stansiyalarının qurulmasına dair imzalanan iki böyük müqavilə diqqəti cəlb edir. Belə ki, Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəbg Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair müqavilə imzalayıb.
Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq günəş elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 milyard kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
Qeyd edək ki, “ACWA Power” şirkəti hazırda qlobal miqyasda bərpa olunan enerji sahəsində 8 000 MVt olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 30 200 MVt qoyuluş gücünə bərabər istehsal və 45 milyard dollar məbləğində investisiya portfelinə malikdir. “Masdar” şirkəti isə bərpa olunan enerji sahəsi üzrə hazırda ümumi qoyuluş gücü 4000 meqavat həcmində istehsal portfelinə sahib olmaqla bu sahəyə indiyədək 8,5 milyard dollar məbləğində investisiya qoyuluşu həyata keçirib.
Həm külək, həm də günəş elektrik stansiyaları xarici tərəfdaşların vəsaiti hesabına yaradılacaq. Layihələrin hər birinin dəyəri 200 milyon dollar təşkil edir. 400 milyon dollar kifayət qədər iri məbləğ olsa da, bu, “ACWA Power” şirkətinin Özbəkistana yatırımlarından qat-qat aşağıdır. Belə ki, bu ilin yanvarında Özbəkistanın İnvestisiya və Ticarət Nazirliyi ilə “ACWA Power” arasında Sırdərya vilayətində gücü 1500 meqavat olan istilik elektrik stansiyasının maliyyələşdirilməsi, layihələşdirilməsi, tikintisi və 25 il istismarı ilə bağlı 1,2 milyard dollar dəyərində birbaşa sərmayə cəlb olunması ilə bağlı sənəd imzalanıb. Eyni zamanda tərəflər arasında “ACWA Power” şirkətinin Özbəkistanın Nəvai və Buxara vilayətlərində ümumi gücü 1000 meqavat olan külək stansiyalarının tikintisinə 1,3 milyard dollar həcmində sərmayə qoyması ilə bağlı da saziş imzalanıb. Beləliklə, Səudiyyə Ərəbistanı şirkəti Özbəkistana 2,4 milyard dollar investisiya yatıracaq. Bu, Azərbaycanda icra olunacaq 200 milyon dollarlıq külək stansiyası layihəsindən 7 dəfə artıq investisiya deməkdir.
Qeyd edək ki, həm BƏƏ, həm də Səudiyyə Ərəbistanı indiyədək Azərbaycana müəyyən investisiya qoyuluşları həyata keçiriblər. İndiyə qədər Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycana 2,3 milyard ABŞ dolları investisiya qoyub. Azərbaycan isə bu ölkəyə 378 milyon dollar sərmayə yatırıb. Azərbaycan sərmayələri əsasən BƏƏ-nin Əbu-Dabi və Dubay əmirliklərinə yönəldilib. BƏƏ tərəfindən sərmayələrin əsasən qeyri-neft sektoruna yatırıldığı bildirilir. Məsələn, 2000-2017-ci illərdə Azərbaycanın qeyri-neft iqtisadiyyatına qoyulan investisiyaların 717,6 milyon dolları (6,6 faizi) bu ölkənin payına düşüb. Lakin maraqlıdır ki, investisiyaların məhz hansı sektorlara yatırıldığına dair məlumatlar açıqlanmır. Amma son vaxtlar ölkə mətbuatında BƏƏ mənşəli şirkətlərin (Azərbaycanda bu ölkə mənşəli 260-dan yuxarı şirkətin fəaliyyət göstərdiyi deyilir -red.) tikinti və daşınmaz əmlak sektorunda fəallaşdığına dair məlumatlar yer alır.
Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, BƏƏ 2019-cu ildə Azərbaycana 63,3 milyon dollar, 2020-ci ildə isə 26,8 milyon dollar birbaşa investisiya yatırıb. Azərbaycandan bu ölkəyə yatırımlar isə müvafiq olaraq 17,1 milyon dollar və 14 milyon dollar olub. İki ölkə arasında ticarət dövriyyəsi 2018-ci ildə 38 faiz artaraq 54,4 milyon dollara, 2019-cu ildə 66 milyon dollara çatıb. Koronavirus pandemiyasının təsiri ilə 2020-ci ildə dövriyyə kəskin azalıb - 40,2 milyon dollar. Bu ilin 5 ayında qarşılıqlı ticarətin həcmində yenidən ciddi artım müşahidə olunmaqdadır. Belə ki, bu göstərici 2020-ci ilin yanvar-mayındakı 16,1 milyon milyon dollara qarşı bu il 22 milyon 818 min dollara yüksəlib. BƏƏ-yə Azərbaycandan əsasən kənd təsərrüfatı məhsulları(pomidor, xurma, alma, çiyələk və sair), ərzaq məhsulları satılır. Gətirilən isə əsasən pambıq parçadan olan geyimlər, elektronika məmulatları və sairdir.
Səudiyyə Ərəbistanından isə Azərbaycana indiyədək 400 milyon dollar civarında yatırım var. Bu ölkə ilə qarşılıqlı ticarətin həcmi 2020-ci ildə cəmi 13,5 milyon dollar təşkil edib ki, bunun da 1,8 milyon dolları bizim ixracımızın, 11,7 milyon dolları isə idxalımızın payına düşür. 2019-cu ildə isə dövriyyə 13,8 milyon dollar olmuşdu.
Göründüyü kimi, hələlik ərəb investorlar Azərbaycanın ölkə üçün əhəmiyyətli hesab olunan sahələrinə investisiya yatırmağa tələsmirlər. Bunun səbəbləri ilə bağlı “Yeni Müsavat”a danışan ekspert qeyd edir ki, digər investorlar kimi, ərəblər də yatıracaqları vəsaitlər üçün dövlət zəmanətinin verilməsində maraqlıdılar: “Təəssüflə qeyd etməliyik ki, Azərbaycanın qeyri-neft sektoruna dövlət zəmanəti olmadan investisiya cəlb etmək çox çətindir. Dövlətin bütün investorlara belə zəmanət verməsi isə mümkün deyil. Buna görə də hökumət yalnız ərəb deyil, digər xarici investorları da ölkəyə cəlb etmək üçün zəruri olan mühitin yaradılmasını sürətləndirməlidir”.
Onu da qeyd edək ki, ərəb ölkələri ilə əlaqələrin genişləndirilməsi yalnız investisiyaların cəlbi deyil, Azərbaycanın qeyri-neft məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Belə ki, adlarını çəkdiyimiz hər iki ərəb ölkəsinə ixracımızın mühüm bir qismini şokolad məmulatları təşkil edir. BƏƏ isə həm də Azərbaycan pomidorunun perspektiv ixrac bazarı hesab olunur. Bu ölkəyə 2021-ci ilin 5 ayında 110 tondan yuxarı pomidor ixrac olunub. Rusiyanın ötən ilin dekabrından Azərbaycandan öz ərazisinə pomidor idxalına qoyduğu məhdudiyyətin yerli istehsalçılar üçün nə qədər ciddi itkilərə səbəb olduğu hamıya bəllidir. Buna görə də Azərbaycan ərəb ölkələrinə həm də ixrac bazarı kimi baxmalıdır. (Musavat.com)
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO