Ordu nə İP üçün vasitə, nə də məişət mövzusudur: “Fakenews”un yaratdığı TƏHLÜKƏ
Bizi izləyin

Nida Təhlil

Ordu nə İP üçün vasitə, nə də məişət mövzusudur: “Fakenews”un yaratdığı TƏHLÜKƏ

Azərbaycan Ordusu 4 ilə işğal edilən torpaqları cəmi 44 günə azad etdi;
Azərbaycan Ordusu hərbi əməliyyatlarla dünya hərb elminin nəzəriyyəsini dəyişdirdi;
Azərbaycan Ordusu dünya hərb elmini auditoriyalarda ondan bəhs etməyə, onun taktikalarını, klassik hücum-müdafiə plana daxil etdiyi yenilikləri öyrənməyə məcbur etdi;


Dünyanın hərbi elitası hələ də Şuşa əməliyyatının sirrini çözə bilmir və hələ də sıldırımlarda döyüşdən heyranlıqla bəhs edirlər.

ABŞ ordusu Azərbaycanın II Qarabağ müharibəsində tətbiq etdiyi taktikanı öyrənir. Birləşmiş Ştatların Silahlı Qüvvələrində Asimmetrik Müharibə Qrupunun rəhbəri, polkovnik Skot Şou deyir: “Ötən payız Azərbaycan Ermənistana qalib gələndən sonra bir şey aydın olsun ki, ABŞ ordusu Çin kimi rəqibləri üzərində bundan sonra hava qüdrəti üstünlüyünə malik deyil, hətta gəliri az ölkələr də özləri üçün qabaqcıl hərbi-hava sistemləri ala bilərlər. Bu müharibədə nə aydın oldu? Aydın oldu ki, indi zəngin olmayan ölkələr də kombinə edilmiş müharibə apara bilərlər. Bunun üçün ABŞ və ya Rusiya olmağa ehtiyac yoxdur”.

Almaniyada isə hərbi mütəxəssislər hesab edirlər ki, Azərbaycan Ordusu hətta bu ölkə belə məğlub etmək qüdrətindədir. Almaniyanın Hərbi və Strateji Araşdırmalar İnstitutunun müasir müharibə və yeni texnologiyalar üzrə mütəxəssisi polkovnik-leytenant Mixael Karl bildirir ki, Bundesver (alman ordusu) hazırda Azərbaycanla döyüşsəydi, çətin qələbə qazanardı.

Bütün dünya, xüsusilə dünyanın hərb tarixini yazan böyük dövlətlər Azərbaycan Ordusunun 44 gün ərzində apardığı müharibə taktikasının önündə hörmət əlaməti olaraq, “şlyapa çıxarır”.

Bəs, Azərbaycanda nə baş verir, nələr müzakirə olunur?

İki gündür sosial şəbəkələrdə, eləcə də İP üçün hər şey edən elektron media resurslarında müzakirə olunan məsələyə, ortaya atılan iddialara baxdıqca düşünməmək olmur: Dünyanın hərb elminin konsepsiyasını dəyişən Ordunu məişət səviyyəsindən irəli getməyən müzakirələrin hədəfinə çevrilib.

Vətən müharibəsinin iştirakçısı, general-mayor Hikmət Həsənovun vəzifəsinin dəyişdirilməsi ilə bağlı ortaya atılan müxtəlif iddialar olduqca düşündürücüdür.

Birincisi, dünyanın istənilən ordusunda ştat dəyişikliyi, şəxsi heyətin rotasiyası adi haldır, o cümlədən, Azərbaycan Ordusunda və baş verən dəyişiklik ümumiyyətlə müzakirə mövzusuna çevrilmir, çevrilməməlidir də. Çünki Ordu hərbi strukturdur və Silahlı Qüvvələrdə atılan addımlar hərbi sirr sayılır.

İkincisi, Orduda baş verənlərin müzakirəyə çıxarılması, manipulyasiyaların edilməsi “Dövlət sirri haqqında” qanuna, eləcə də Prezident İlham Əliyevin 2014-cü il 24 sentyabr tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncamına ziddir.

Üçüncüsü, manipulyativ müzakirələr Ordunun nüfuzuna, fəaliyyətinə, şəxsi heyətin əhval-ruhiyyəsinə zərər vurur.

Hər bir ölkədə Silahlı Qüvvələr haqqında dezinformasiyanın yayılması, ordu haqqında manipulyativ xəbərlərin paylaşılmasına qarşı sərt addımlar atılır. Misal üçün, ABŞ-da ordu haqqında “fakenews” mübarizə həm qanunvericilik, həm də informasiya strategiyası ilə mübarizə aparılır. Eyni yanaşma, Avropa ölkələrində də var. Hətta Qərb mediasında orduda baş verənlərlə bağlı məlumatlar ciddi senzuradan keçirilir. Azərbaycanda isə sosial şəbəkə və bəzi elektron KİV-lərin nə qanunlara, nə də ictimai məsuliyyətə uyğun olmayan xəbərlər tirajlaması, hətta bu xəbərləri kampaniyaya çevirməsi müşahidə olunur.

Orduya qarşı “fakenews” kampaniyası o sualı aktuallaşdırır ki, “Qalib Ordunun nüfuzunu zədələyə biləcək iddiaları kimlər tirajlayır?”.

İP arxasınca sürünən elektron KİV-lər: bu elektron media orqanlarının Ordu haqqında yaydıqları dezinformasiya və “fakenews” daha çox auditoriya toplamağa hesablanıb.

Sosial şəbəkənin “qəhrəmanları”: bu qəlibə daxil olan istifadəçilər məsuliyyətsizcəsinə müxtəlif iddialar ortaya atır, yaxud yayılan “fakenews”ları şişirdərək, ictimai rəyi çaşdırırlar.

Hər iki qrupun əməlinin konkret nəticələri var:

1. Dövlət sirri haqqında qanun, eləcə də hərbi sirrin yayılması ilə bağlı qanunda tutulan müddəalar pozulur və bu, “fakenews” yayanları məsuliyyət altına salır;
2. Məsulyyətsizliklə Ordu haqqında yanlış rəy formalaşdırılır, ictimai rəy çaşdırırılır və bu, ən çox xarici ölkələrin, xüsusilə Ermənistanın kəşfiyyatının əlinə oynamaq deməkdir;


Bir də məsələnin daha dərinə gedən tərəfləri var. Qalib Ordumuza qarşı “fakenews” kampaniyası əslində haradan qaynaqlanır və məqsəd nədir?

Vətən müharibəsi və qazandığımız qələbə Ermənistanı, onun havadarlarını və bölgədə yaranmış yeni reallığı qəbul etməyənləri narahat edir. İstisna deyil ki, Müzəffər Azərbaycan Ordusuna qarşı dezinformasiya hücumlarının arxasında bu qüvvələr dayanır və məqsəd ictimai rəyi manipulyasiya etmək, Ordu-Xalq birliyini pozmaq, Orduya qarşı inamsızlıq yaratmaqdır. Sosial şəbəkə istifadəçiləri və bəlli elektron media resursları məsələyə həssas yanaşmalıdır və anlamalıdırlar ki, hansısa iddia, yaxud İP üçün yayımlanan dezinformasiya Azərbaycana qarşı düşmən münasibət bəsləyən qüvvələrin işinə yarayır.

Ordu nə İP qazanmaq üçün vasitə deyil, nə də məişət səviyyəli müzakirələrin mövzusu. Hər bir fərd qalib Ordumuzu qorumalıdır ki, Silahlı Qüvvələr də bu Vətənin keşiyində dayana, dövləti və xalqı qoruya bilsin.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm