Həyəcan və xoş ovqat içərisindəyik - Jalə Əliyeva
Bizi izləyin

Nida Təhlil

Həyəcan və xoş ovqat içərisindəyik - Jalə Əliyeva

Son 3 gündə yenə də dünyanın nəzəri Azərbaycana və Azərbaycanımızın ayrılmaz parçası olan Qarabağımıza, Şuşamıza yönəlib. 3 gündür ki, Şuşada çox əhəmiyyətli açılışlar həyata keçirilir. Bundan 2 gün əvvəl ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Şuşada müharibədən sonrakı keçən çox az müddət ərzində bərpa edilərək və yenidən təmir edilərək qapısını dünyaya açan ev muzeylərinin açılışı oldu. Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün, Vaqifin büstləri yenidən açıldı. “Qarabağ” hotelinin açılışı oldu, yeni hotel kompleksinin təməlqoyma mərasimi həyata keçirildi. Füzuli Beynəlxalq Hava Limanına ölkə rəhbərliyi tərəfindən növbəti dəfə baxış keçirildi və artıq çox qısa müddətdən sonra Füzuli aeroportundan bütün dünyaya uçuşlar həyata keçiriləcək.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva deyib.

Millət vəkili bildirib ki, bu günlər çərçivəsində Vaqif Poeziya Günləri yenidən dirçəldildi və uzun illərdən bəri poeziya günlərinin Şuşaya həsrət addımları yenidən burada duyulmağa başlandı: “Biz Şuşaya Zəfər yolu ilə gəldik. Kapitulyasiya bəyannaməsinin imzalanmasından keçən çox qısa müddətdə, cəmi 6 gün sonra tikintisinə başlanan və Qarabağa aparan Zəfər yolunun üzərindən keçərək biz ora getdik. Çox böyük qürur hissi keçiririk, həyəcan və xoş ovqat içərisindəyik. Buraya gələn nümayəndə heyəti ən əhəmiyyətli, ən qürurlu, ən xoşbəxt səfərini edir. Çünki biz zəfər içində Vətənə gəlib çıxmışıq, həsrətində olduğumuz Vətən torpağına ayaq basmışıq. Vaqif Poeziya Günləri çərçivəsində ötən gün ölkə rəhbərinin iştirakı ilə çox möhtəşəm açılış mərasimi oldu. Həmin açılışda Prezident İlham Əliyev növbəti tarixi çıxışını etdi və toxunduğu məsələlərlə bir daha bütün dünyaya əhəmiyyətli mesajlarını verdi. Ölkə başçısı qeyd etdi ki, bura əgər onların idisə, nəyə görə dağıdıblar. Nə üçün qurub yaratmırdılar? Çox əhəmiyyətli bir ritorik sual verdi. Həqiqətən də insan xisləti elədir ki, əgər nəsə sənə aiddirsə, sənə yad deyilsə, özününküdürsə və onu doğma hiss edirsənsə, sən onu mütləq qoruyacaqsan, göz bəbəyin kimi mühafizə edəcəksən. Əgər onlar buranı vandalizm siyasəti ilə pis vəziyyətə salıblarsa, Şuşanı tanınmaz hala qoyublarsa, tək Şuşa deyil, ümumiyyətlə işğal altında saxladıqları bütün bölgələrimizi yerlə-yeksan edərək talayıblarsa, bu o deməkdir ki, keçən illər ərzində də onların heç zaman bu torpaqlara ümidi olmayıb. Bu o deməkdir ki, onlar çox gözəl bilirdilər ki, buraya gəliblər, gəlmə xalqdırlar, gəldikləri kimi də gedəcəklər. Anlayırdılar ki, bu torpağın sahibləri var və o sahiblər gec-tez geri dönəcəklər. Onlar bunu başa düşürdülər. Buna görə də ötən illər ərzində bu torpaqlarda heç bir abadlıq və quruculuq işləri görməyiblər. Şuşada olan 17 bulağın hamısını qurudublar. Əgər onlara lazım idisə, burada yaşayacaqdılarsa, həyat mənbəyi olan suyu nə üçün qurudurdular. Bütün məhəllələri darmadağın ediblər, məscidləri yerlə-yeksan ediblər”.

3 gündür Şuşanı məhəllə-məhəllə gəzdiklərini deyən Jalə Əliyeva qeyd edib ki, şəhərdə daş daş üstə qalmayıb, ermənilər evlərimizə, tikililərimizə, abidələrimizə qarşı sanki soyqırımı törədiblər: “Bəli, yeni evlər və villalar var. Bu da komandanlarının, rəhbərlərinin özləri üçün saldıqları məkanlardır ki, müvəqqəti yaşayarkən yaxşı şəraitdə olsunlar. Qalan yerlər təəssüflər olsun ki, xaraba vəziyyətə qoyulub. Amma müharibədən keçən çox qısa bir müddət ərzində biz sürətlə Qarabağımıza öz simasını qaytarırıq. Biz bunu bu gün öz gözümüzlə görürük. Bu günlər ərzində doğma torpağımızda həyata keçirilən quruculuq işlərini öz gözümüzlə görmək əlbəttə ki, böyük bir iftixar və qürurdur. Ulu öndərin dediyi kimi, biz fəxr edirik ki, azərbaycanlıyıq. Biz milli kimliyimizi, birlik və vəhdətimizi bir daha bütün dünyaya nümayiş etdirdik. Cənab Prezident çıxışında bir fakta istiqamətləndi. 1982-ci ildə Vaqifin məqbərəsi Ulu öndər Heydər Əliyevin tapşırığı və rəhbərliyi ilə açıldığı zaman cənab Prezident özü orada iştirak edib. Dövlət başçısı qeyd etdi ki, “1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq”. Cənab Prezident tamamilə haqlı idi və bu, zərurət idi. Bu, bizim həqiqətimizin, ədalətimizin zərurəti idi. Bu, bütün dünyaya “Biz bu torpaqlarda olmuşuq və bundan sonra da əbədi olacağıq” deyə mesajının zərurəti idi ki, biz bunu bütün dünyaya verdik.

Eyni zamanda cənab Prezident qeyd etdi ki, “Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq”. Biz göstərdik və sübut etdik ki, böyük xalqıq və heç bir zaman haqqı nahaqqa vermərik. Ədalətimiz uğrunda sonuna qədər, son damla qanımıza qədər döyüşməyə hazırıq. Biz bu torpaqları şəhidlərimizin qanı ilə geri almışıq, sağlamlığından keçən qazilərimizin şücaəti, igid və mərd Azərbaycan oğullarının qəhrəmanlığı ilə geri almışıq. Eyni zamanda biz bu torpaqları Ali Baş Komandanımızın dəmir yumruğu sayəsində geri almışıq. Əlbəttə ki, müharibə silahlarla, tanklarla öz sözünü deyir. Ancaq həm də eyni zamanda müharibənin diplomatik və ideoloji tərəfi də var ki, bu müharibənin diplomatik və ideoloji, eyni zamanda hərbi tərəfi də müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Bu günləri yaşadığımıza, bu günləri bizə yaşatdığına görə Ali Baş Komandanımıza və ordumuza borcluyuq. Buna görə şəhidlərimizin qarşısında ehtiramla baş əyirik. Allah Azərbaycan xalqını, ordumuzu, Prezidentimizi qorusun!”

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm