Milli Qəhrəman danışdı: Son 200 ildə ilk dəfə...
Bizi izləyin

Nida Təhlil

Milli Qəhrəman danışdı: Son 200 ildə ilk dəfə...

“Uzun müddət torpaqlarının işğal altında olması təbii ki, Azərbaycanı narahat edirdi. Eyni zamanda, bu hər bir vətəndaşımızı narahat edən məsələ idi. Ermənistanın yenidən azğınlaşması, xalqın təkidi, eləcə də münbit şəraitin yetişməsi ilə Azərbaycan müharibəyə başladı. Azərbaycan xalqı hakimiyyətlə birləşdi. Xalqımız ordumuzun arxasında dayandı. Bunun nəticəsi idi ki, qısa bir müddətdə torpaqlarımız işğaldan azad edidi”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev Vətən Müharibəsinin birinci ildönümü və ikinci Qarabağ savaşının başlanmasına gətirib çıxaran səbəblərdən danışarkən deyib.

Milli Qəhrəmanın sözlərinə görə, Vətən Müharibəsi xalqın ürəyindən xəbər verən bir savaş oldu: “Bu müharibədə 30 il işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad edildi. Demək olar ki, 27 sentyabr-10 noyabr tarixləri arasında son 200 ildə bir ilk yaşandı. İlk dəfə idi ki, Azərbaycan 200 ildə itirə-itirə gəldiyi torpaqlarını geri qaytardı. Təbii ki, bütün bunların hamısı xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Kimliyindən asılı olmayaraq hər kəs, iqtidar da, müxalifət də yumruq kimi birləşdi. Xalq ordusunun arxasında dayandı. İnsanlar öz ordusuna, müzəffər silahlı qüvvələrinə qayğı göstərdi. Bir sözlə, orduda ruh yüksəkliyinin olmasını təmin etdi. Bunun nəticəsində də torpaqlarımız düşmən tapdağından təmizləndi. Xalq artıq torpaqlarının azad olunmasını istəyirdi. 30 il idi ki, məcburi köçkünlərimiz çətin şəraitdə yaşayırdı. İnsanlar yataqxanalarda, öz ata-baba yurdlarından ayrı, çətin şəraitdə ömür sürürdülər. İş-güc demək olar ki, yox idi. Torpaqlarından ayrı düşən bəzi məcburi köçkünlər şəhərlərdə yerləşməyə məcbur olduqları üçün kənd təsərrüfatı ilə məşğul ola bilmirdilər. Torpaqlarımızın işğaldan azad olunması bütün məhrumiyyətlərə son qoydu. Xalqımızda, məcburi köçkünlərimizdə böyük ruh yüksəkliyi yaratdı. Sanki hər kəsin sınmış qüruru yenidən bərpa olundu”.

Vahid Quliyevin fikrincə, bu gün hər kəs torpaqlarımızın tam şəkildə qaytarılmasını, Xocalıda, Ağdərədə, Xankəndidə və Xocavənddə suverenliyimizin bərpa olunacağı günü gözləyir:

“İşğaldan azad edilmiş ərzilərimizin də bir hissəsi hələ də minalardan təmizlənməyib. Hazırda sürətlə minalardan təmizləmə işləri həyata keçirilir. İnanırıq ki, dövlətimiz çox qısa bir müddətdə torpaqlarımızı minalardan təmizləyəcək. Artıq azad edilmiş ərazilərdə sürətli yenidənqurma işləri aparılır. Sürətli infrastruktur qurulur. Mövcud işlər yekunlaşandan sonra məcburi köçkünlər də inşallah, öz yurd-yuvalarına qayıdacaqlar”.

Milli Qəhrəman birinci və ikinci Qarabağ müharibəsi arasındakı fərqdən danışıb:

“Birinci və ikinci Qarabağ müharibəsi arasında böyük fərq var idi. Birinci müharibədə demək olar ki, ordumuz formalaşmamışdı. Hətta deyərdim ki, yox idi. Əsasən zabit çatışmazlığı hökm sürürdü. Sovetlər dönəmində azərbaycanlılar silah-sursatdan uzaq tutulmuşdu. Orduya çağrılanlar da tikinti batalyonlarına göndərilirdi. Ona görə də 90-cı illərin əvvəllərində Azərbaycanın ordusu yox səviyyəsində idi. Yalnız özünümüdafiə batalyonlarının ümidinə qalmışdı. Peşəkar zabit heyəti, silah-sursat sarıdan qıtlıq yaşanırdı. Sovet ordusu buradan çıxarkən yararlı silah-sursatları əsasən buradan çıxarmışdı. Üç-beş silah qalmışdı. İqtisadiyyatımız çökmüşdü. Bütün bunlar bizim birinci Qarabağ müharibəsində yenilməyimizə gətirib çıxarmışdı. Xalqımızda ruh düşkünlüyü yaşanırdı.

İkinci Qarabağ müharibəsində isə Azərbaycan artıq mükəmməl bir orduya malik idi. Ən müasir silahlarla silahlanmışdı. Azərbaycan iqtisadiyyatı yetərincə inkişaf etmişdi. O cümlədən, ölkə rəhbərliyində layiqli insanlar var idi. Yəni, birinci birinci Qarabağ müharibəsində hakimiyyət çəkişmələri, müxtəlif partiyaları arasında bir-birinə qarşı qısqanclıq hökm sürürdü. O vaxt bu kimi problemlər torpaqlarımızın azad olunması üçün birliyə gətirib çıxara bilmirdi. Şükürlər olsun ki, ikinci Qarabağ müharibəsində bu problemlərin hamısı həll olunmuşdu. İqtidarlı-müxalifətli hamı yumruq kimi birləşmişdi. İqtisadi gücümüz, beynəlxalq aləmdəki böyük nüfuzumuz, ordumuzun ən müasir səviyyədə qurulması və yetişmiş vəziyyət bu problemin həll olunmasına gətirib çıxardı. Təbii ki, ən önəmlisi güclü hakimiyyətimizin olması idi. Güclü hakimiyyət xalqla ordunu birləşdirdi. Yumruq kimi birləşməyimiz nəticəsində torpaqlarımız işğaldan azad edildi”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm