Haradan haraya: Türkiyə-Azərbaycan qardaşlığı və iki liderin tarixi zəfəri
Bizi izləyin

Nida Təhlil

Haradan haraya: Türkiyə-Azərbaycan qardaşlığı və iki liderin tarixi zəfəri

“Kəlbəcərdən insanları çıxarmaq üçün Türkiyədən helikopter istədim, vermədilər”.

Mərhum prezident Əbülfəz Elçibəyin bu sözləri Azərbayan-Türkiyə qardaşlığının ən ağrılı səhifələrindən olaraq qalır.

Birinci Qarabağ müharibəsində Ermənistan və havadarlarının işğal hücumuna məruz qalan Azərbaycana qardaş ölkədən dəstək verilmədi. Belə demək mümkünsə, Türkiyə hakimiyyəti öz qardaşlarını taleyin ümidinə buraxdı.

Türkiyənin bu yardımdan niyə imtina etməsinə dair müxtəlif fikirlər səsləndirilir. Həmin vaxt baş nazir olan Süleyman Dəmirəl “o böyüklüyündə helikopterimiz olsaydı, verərdik” deməklə Azərbaycanı köməksiz buraxmalarını əsaslandırmağa çalışırdı. Lakin bu, doğru deyildi, Türkiyə hökuməti dəstək vermək imkanı olduğu halda bunu etməmişdi.

Böyük Birlik Partiyasının mərhum lideri Muhsin Yazıcıoğlu da bildirirdi ki, Türkiyənin Azərbaycana verə biləcəyi helikopteri var idi.

Kəlbəcər işğal ediləndə mən Azərbaycana getdim. Elçibəyə “Türkiyədən gözləntiniz nədir” deyə soruşduğumuzda o bizə “iki helikopter verməyən bir ölkədən nə gözləyə bilərəm ki?!” cavabını verdi. Türkiyənin verə biləcəyi helikopteri var idi, vermədilər. Bu helikopter döyüşmək üçün yox, dağda qalmış yaşlıları və yaralıları, erməni qətliamından qaçan və meşələrə sığınmış insanları çıxarmaq üçün lazım idi. Bunu belə etməyən Türkiyə...”, - Yazıcıoğlu qeyd edirdi.

Bəli, Türkiyənin o vaxtkı hakimiyyəti Azərbaycanı işğal qarşısında tək buraxmışdı və yardım edilməməsinin əsas səbəbi də məhz siyasi iradənin olmaması idi, başqa heç nə...

Türkiyənin sabiq baş naziri Binəli Yıldırım 30 il öncəsi və bu günü belə müqayisə edir: “Vaxtilə Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Preizdent Ərdoğan deyə bildi ki, “Qarabağ sizin haqq işinizdir”. Ərdoğan deyə bildi ki, sizin sizin başınıza gətirilənlər, bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. O. Bu mesajı bütün dünyaya göndərə bildi”.

Haradan haraya... 30 il öncəni ağrı ilə xatırladığımız bu günlərdə Türkiyə-Azərbaycan münasibətləri 30 ildir arzuladığımız zirvəyə yüksəlib.

“Bir millət iki dövlət” prinsipi həmişə Bakı-Ankara xəttində mövcud olub, iki dövlətdə yaşayan bir millət sevincini və kədərini paylaşıb, lakin iki ölkə arasında münasibətlərin səviyyəsi tarix boyu hazırda olduğu qədər yaxın olmayıb. Prezident İlham Əliyev Rize-Artvin Beynəlxalq Hava Limanının açılışında münasibətlərimizin hazırki vəziyyətini bu cür ifadə etdi: “Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”.

Atalarımızdan vəsiyyət qalan qardaşlığı məhz iki lider - Ərdoğan və Əliyev tarix boyu arzuladığımız zirvəyə yüksəltdi.

Birinci Qarabağ müharibəsində Ermənistanın soyqırımı maşınından azərbaycanlıları xilas edə bilməyən, bunun üçün Azərbaycana yardım etməyən Türkiyə bu gün sona qədər Azərbaycanın yanındadır. 30 il sonra torpaqlarımızda işğala son qoyan Vətən müharibəsində də qardaş ölkə yanımızda oldu. Və Türkiyənin siyasi dəstəyinin, Prezident Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” sözlərinin bu haqq müharibəsində ciddi payı oldu, xüsusilə Ermənistanın havadarlarının müdaxilə edə bilməməsi baxımından. Müharibənin ilk günündən Zəfərə qədər Türkiyə Azərbaycanı dəstəklədi, Ərdoğan sələflərindən fərqli olaraq qardaşlarını yalnız buraxmadı.

Qələbədən sonra Şuşa Bəyannaməsinin imzalanması, postmünaqişə reallığında Türkiyənin də bölgədə əsas iştirakçılardan birinə çevrilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası prosesində iştirakı da bu qardaşlığın məntiqi davamıdır. Bu gün Azərbaycan və Türkiyə bütün məsələlərdə eyni hədəfə vurur.

Və 30 il öncə azərbaycanlıların müharibə meydanından çıxarılması üçün Türkiyənin helikopter verməməsi faktı göstərir ki, münasibətlərimizin bu gün zirvəyə çatmasında tarixi bağlarımızla yanaşı, liderlərin siyasi iradəsi də həlledici rol oynayıb.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayib Ərdoğanın yürütdüyü siyasətin nəticələri ortadadır:

- İki qardaş xalq sevincində də, kədərində də, bütün çətinliklərində də birlik nümayiş etdirir;
- Bu gün nə Türkiyə, nə də Azərbaycan 90-cı illərdəki ölkə deyil, öz taleyinə özü qərar verən, milli maraqlarını müdafiə edən və qardaşının yanında dayana biləcək iradəyə malik olan, istənilən təzyiqə müqavimət göstərə bilərək qədər güclü dövlətlərdir;


İki liderin eyni siyasətinin ortaq hədəfi də Türkiyə və Azərbaycanın gücələnməsi, iki dövlətdə yaşayan bir millətin daim var olmasıdır. Bu gün Azərbaycan və Türkiyə münasibətlərinin tarixdə olmadığı qədər inkişaf etməsi həm də iki liderin – Əliyevlə Ərdoğanın böyük zəfəridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm