İlkin "Youtube"da Nərminə nələr göstərirdi? - İTTİHAM AKTININ GİZLİNLƏRİ - VİDEO
Bizi izləyin

Nida Təhlil

İlkin "Youtube"da Nərminə nələr göstərirdi? - İTTİHAM AKTININ GİZLİNLƏRİ - VİDEO

QATİLLƏ QURBAN ARASINDA

Yazı silsiləsində ibtidai istintaq materialları, məhkəmə protokolları, şahid ifadələri və müşahidələr, təhlillər əsasında 11 yaşlı Nərminin qətlinin gizlinləri araşdırılır.

VI yazı

Əvvəlki yazılar:

1. İlkin Nərmini niyə öldürdü? - İTTİHAM AKTINDA YAZILANLAR

2. İlkin Nərmini ata kimi öpürdü? - İTTİHAM AKTININ TƏHLİLİ

3. Nərmin harda saxlanılıb və necə öldürülüb? - İSTİNTAQ ÖZÜ-ÖZÜNÜ TƏKZİB EDİR

4. Nərminin qanı harda axdı və hardan çıxdı? EKSPERTİZA RƏYLƏRİ

5. İlkin Süleymanovun əleyhinə hansı sübutlar var?

İttiham aktındakı bir xüsusat xüsusi maraq kəsb edir. Oxuyuruq...

“İlkin Süleymanov Nərmin Quliyevanın müqavimətini qırmaq məqsədilə sonuncunu qorxudub həyatı və sağlamlığı üçün təhlükəli yaradan zor tətbiq etməklə, iradəsinə zidd olaraq əllərini və ayaqlarını iplə həmin tikilidə olan çarpayıya bağlayaraq, uzun müddət mütəmadi olaraq Azərbaycan Respublikası CM-in 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan güclü fiziki ağrı və psixi iztirablar verməklə, eyni vəziyyətdə soyuq və az qidalanma şəraitində 4-5 yanvar 2020-ci il tarixədək həmin tikilidə saxlamaqla, hətta müqavimətini qırmaq üçün istifadəsində olan “Samsunq Galaxy J2 Prime” markalı mobil telefonla...”

Burda araya girib Cinayət Məcəlləsinin 126-cı və 127-ci maddələrinin nə olduğunu xatırladaq: Maddə 126. Qəsdən sağlamlığa ağır zərər vurma.

Maddə 127. Qəsdən sağlamlığa az ağır zərər vurma.

İndi başqa bir ifadəyə diqqət edirik: “Hətta müqavimətini qırmaq üçün”. Bir insanın müqavimətini qırmaq üçün sizcə nə etmək olar? Dərin düşünməyə gərək yoxdur, onsuz da tapa bilməyəcəksiniz.

Ardını oxuyaq:

“... hətta müqavimətini qırmaq üçün istifadəsində olan “Samsunq Galaxy J2 Prime” markalı mobil telefonla 21 dekabr 2019-cu il tarixdə, saat 18:02-də “Youtube.com” videopaylaşma saytında “Tom və Jerry” cizgi filmini, 22 dekabr 2019-cu il tarixdə, saat 14:05-də “Hercayi” serialını, saat 14:06-də “Mister Bin” animasiya cizgi filmini, 24 dekabr 2019-cu il tarixdə, saat 21:35-da qadınlar üçün kosmetik boyanma videosunu, 25 dekabr 2019-cu il tarixdə 15:33-də qız uşaqları üçün dodaqların, üzün boyanması, oyuncaqların nümayişi və bu kimi xarakterdə olan videoları, saat 15:34-də “Maşa və ayı” cizgi filmini, saat 18:54-də “Qızım və mən” serialını, 26 dekabr 2019-cu il tarixdə saat 15:44-də uşaqlarla düzgün davranış qaydalarını təbliğ edən “Çocuğunuzla tartışırken şu 5 şeyi asla yapmayın”, “Selena Selinə yardım ediyor” uşaqlar üçün videonu, “Cocuklar duymasın” videoserialını və istintaqla müəyyən edilməmiş digər tarixlərdə zərərçəkmişin xoşladığı digər cizgi filmləri və ya uşaq videoseriallarını sonuncuya nümayiş etdirməklə yetkinlik yaşına çatmayan şəxsə qarşı adam oğurluğu cinayət əməlini törətmiş...”

Doğrusu, gətirdiyim bu böyük sitatın əvvəlini- “hətta müqavimətini qırmaq üçün” və sonunu- “zərərçəkmişin xoşladığı digər cizgi filmləri və ya uşaq videoseriallarını sonuncuya nümayiş etdirməklə yetkinlik yaşına çatmayan şəxsə qarşı adam oğurluğu cinayət əməlini törətmiş...” anlamaq və mənalandırmaq mümkün deyildir. Məgər, Mister Binə baxdıqda insanın müqaviməti qırılır? Olsun, mövzumuz bu deyil.

Nərmin Quliyevanın oğurlandığı ilə meyitinin tapıldığı 47 gün müddətində bu videoseansların cəmi 5 gün davam etməsi də şübhəlidir. Məgər 21 dekabrdan 26 dekabra qədər Dondar Quşçu kəndində “Kino həftəsi” təşkil edilmişdi?

Ancaq yuxarıdakı sitatda diqqət çəkən başqa bir məqam vardır. Siyahı başa çatdıqdan sonra bu ifadəyə fikir verin: “Zərərçəkmişin xoşladığı digər cizgi filmləri və ya uşaq videoserialları”nı... Maraqlı budur ki, “Cocuklar duymasın”ı adından fərqli olaraq heç də uşaq serialı deyildir, əksinə, uşaqların tərbiyəsi ilə bağlı və hətta Azərbaycanda oğurluq variantı da çəkilən məşhur bir serialdır. “Hercayi” kimi bayağı bir serialla “Cocuklar duymasın”ı bir yerdə xoşlayan insanın əqli durumu şübhəlidir. İstintaq bu qarışıq videosiyahını “zərərçəkmişin xoşladığı digər cizgi filmləri və ya uşaq videoserialları kimi təqdim edir. Ancaq istintaqın unutduğu bir məqam var. Biz Nərminin hansı serial və filmləri sevdiyini, mütəmadi olaraq nələrə tamaşa etdiyini bilirik. Və bu ittiham aktında. Böyük bacısı Şəbnəmin ifadəsində göstərilmişdir. İstintaq Şəbnəmin ifadəsinin ittiham aktına bu cür əlavə etmişdir:

“Nərmin televizora baxıb vaxt keçirməyi xoşlayırmış və o, həm seriallara, həm də cizgi filmlərə baxırmış. Nərminin əsasən baxdıqları Azərbaycan kanalı olan "Günəş"-dən verilən "Maşa və ayı", "Şirinlər", "Köməyə tələsən itlər", "Tom və Cerri" cizgi fimləri, "Space" kanalından olan "Pulsar" serialına, Türkiyə kanalı olan "A2"-dən verilən "Selena" və "Bez bebek" serialları, "Kanal 72-dən verilən "Elif" və "Deli divane" serialları, "Star" kanalından verilən "Yemin" serialı, "TRT çocuk" kanalından verilən "Harika kanatlar", "Bulut", "Kəl oğlan", "Doru", "Vinx club", "Canım kardeşim" və "Niloya" multifimləri, bundan başqa "CBC-Azərbaycan" və "İdman Azərbaycan" kanallarından verilən futbol və karate idman növləri ilə bağlı verilişlər olmuşdur”.

Siyahıda cəmi 2 ortaq film var, o da hər bir uşağın baxdığı “Tom və Cerri” və “Maşa və ayı”. Şəbnəmin siyahısı çox daha ağlabatan olmaqla bərabər, uşağın zövqünü də dəqiq ifadə edir. İstintaq isə “Çocuğunuzla tartışırken şu 5 şeyi asla yapmayın” videosunu uşağın sevdiyi video hesab edir. Bu absurd vəziyyətin yaranma səbəbi də son dərəcə maraqlıdır.

Youtube ilə bağlı dindirilən İlkin Süleymanov müxtəlif vaxtlarda “Youtube” kanalına daxil olduğunu bildirmiş, lakin heç vaxt uşaq cizgi filimlərinə, uşaq seryallarına, uşaqlar üçün nəzərdə tutulmuş digər videoçarxlara baxmadığını qeyd etmişdir. O, ifadəsində "Youtube" kanalının sisteminin tarixcəsini və axtarış qeydiyyatı funksiyasını dayandırdığını da vurğulamışdır. Nəinki kibernatika üzrə ali təhsil almış İlkin Süleymanov, hətta adi bir istifadəçi üçün belə bu funksiyaları dayandırmaq çox sadə bir prosedurdur.

Və burda maraqlı bir sual yaranır: İlkin Süleymanov "Youtube"un qeyd olunan funksiyalarını dayandırmışdırsa, bəs istintaq onun baxdığı videoları necə müəyyən edib? Və hətta İlkin Süleymanovun Nərminə göstərdiyi iddia edilən videolarla Şəbnəmin verdiyi siyahının uyğunsuzluğunu da bir kənara qoyaq. Deyək ki, İlkin Süleymanov özü istədiyi videoları Nərminə göstərib.

Ancaq bu məsələdə də istintaq ittiham aktında özü-özünü təkzib edir. Məhkəmə kompyuter-texniki ekspertizasının 02 mart 2020-ci il tarixli 2849 saylı rəyi ilə ittiham aktına əlavə edilmişdir. Həmin rəyin IV bəndində oxuyuruq:

“Tədqiq olunan mobil smartfonda "Youtube" xidmətində baxılmış videogörüntülərin adları tarixçəsi dayandırılmış, axtarış sorğuların qeydiyyatı aparılmır”.

Ancaq növbəti bənddə rəydə çox şübhəli və hətta mümkünsüz bir əməliyyat təsvir edilir. İlkin Süleymanovun "Youtube" şəbəkəsində hansı günün hansı saatında hansı videolara baxdığı “silinmiş yaddaşın bərpası zamanı müəyyən edilmişdir” izahını oxuyuruq. Bu isə iki səbəbdən mümkünsüzdür.

Ekspertizanın IV bəndində qeyd edilən və İlkin Süleymanovun ifadəsində bildirildiyi kimi videoların tarixçəsi dayandırılıb, axtarış sorğularının qeydiyyatı aparılmayıb. Qeydiyyatı aparılmayan informasiyalar silinmiş yaddaşın bərpası ilə aşkar edilə bilməz. Çünki bu məlumatlar nəinki silinmiş, ümumiyyətlə, telefonda mövcud olmamışdır. Bundan əlavə, "Youtube" platformasında tarixçələrin aktiv olduğu halda belə onlara hansı saatda baxıldığı barədə məlumat arxivləşdirilmir. Ekspertiza qeydiyyatı aparılmayan məlumatları “silinmiş” kimi fiksə edib tarixçəni bərpa etmək hünərini göstərməklə kifayətlənmir, hətta "Youtube"da olmayan bir funksiyanı da nümayiş etdirir.

Ancaq məsələ bununla da yekunlaşmır. İstintaq orqanı İlkin Süleymanova məhkəmə kompyuter-texniki ekspertizasının nəticələri ilə bağlı əlavə dindirmə təşkil edib. Cinayət işinin XI cildində dindirmənin protokoluna yer verilib. İlkin Süleymanov "Youtube"un axtarış funksiyalarını və izləmə tarixçəsini telefon aldığı gündən dayandırdığını bildirir və bunu telefonunun yaddaşının az olması ilə izah edir. Ancaq prokuror “bunun yaddaşa aiddiyyatı yoxdur” kimi gülünc bir arqumentə əsaslanaraq əlavə suallar verir. Bu funksiyaların dayandırılmasının yaddaşa bibaşa aidiyyatı var. Aşağıda gördüyünüz foto mənim telefonumun "Youtube" applikasiyasının telefonun fiziki yaddaşında tutduğu yeri göstərir. Burdan da "Youtube" informasiyalarının telefon yaddaşında depolandığı aşkar şəkildə görünür. Prokurorun bunu bilməməsini adi qarşılamaq mümkün olsa da, səhv məlumatı həqiqət bilib ona əsaslanması etik bir pozuntudur.

Açıklama yok.

Hətta rəydə yazılanlar gerçək olsa belə, bu fakt heç nəyi dəyişmir. Heç kimi “Tom və Cerri”yə baxır deyə, uşaq oğurluğuna görə ittiham edə bilməzsiniz. Ancaq istintaqın bu cür zəif dəlil yaratmaq üçün saxtakarlığa əl atması dərin təəsüf doğurmaqla bərabər, istintaqın xroniki arqumentsizlikdən əziyyət çəkdiyini göstərir...

Qan Turalı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm