“Himnimizi Əhməd Cavad yazmayıb” desələr... GİZLİNLƏR RESPUBLİKASI - Qan Turalı
Bizi izləyin

Nida Təhlil

“Himnimizi Əhməd Cavad yazmayıb” desələr... GİZLİNLƏR RESPUBLİKASI - Qan Turalı

LAYİHƏ: GİZLİNLƏR RESPUBLİKASI

Biri var tarix, biri də var keçmiş... Tarix bizə danışılanlardır, keçmiş isə olanlar... Ya siyasət, ya rəyasət, ya da cəhalət səbəbindən insanlar tarixə inanır.

Və tarix yeganə elmdir ki, onun rəsmi forması var. Rəsmi tarix keçmişdən çox fərqlənir. Gizlinlər Respublikası isə tarixdən yox, keçmişdən bəhs edir.

Onda rəsmi tarixin donuqluğu yoxdur, keçmişin hərəkəti var. Onda həqiqət yoxdur, həqiqətlər var. Onda idillik yoxdur, gerçək var. Onda səhvsiz insan yoxdur, qanlı-canlı insan var. Və Gizlinlər Respublikasında heç kim ideallaşdırılmır və heç kim itirilmir...

23 aylıq Cümhuriyyətimiz, bizi biz edən respublikamız haqda “Gizlinlər Cümhuriyyəti” silsiləsi qaranlıqlara tuşlanan fənər olacaq.

Əvvəlki yazılar...

1.Rəsulzadənin ifşa olmuş dəhşətli sirri

https://publika.az/az/news/maraqlitarix/397356

2. Ona Məmməd Əminin kim olduğunu Atatürk başa salacaqdı...

https://publika.az/az/news/maraqlitarix/397998

3. Beriya necə müsavatçı idi?

https://publika.az/az/news/maraqlitarix/397356

4. Onun ölüm əmrini Rəsulzadə vermişdi? CÜMHURİYYƏT DÖVRÜNÜN SİYASİ CİNAYƏTİ

https://publika.az/az/news/maraqlitarix/399876

5. Rəsulzadədən və 24 yaşlı nazirindən xəbərsiz törədilən qətl ƏLİ BAYRAMOV CİNAYƏTİ

https://publika.az/projects/xususi/401781

VI yazı

Müstəqillik dövründə doğulanlar gözlərini açandan məktəb foyesində, kitabların ilk səhifəsində himnimizin altında iki imza görüblər: Üzeyir Hacıbəyov və Əhməd Cavad.

Ancaq “Himnin müəllifi Əhməd Cavad deyil” - desələr...

Buna necə əmin olmaq olar?

Çox sadə bir şəkildə...

Müəlliflik hüququnu təyin etmək üçün bütün dünyada bir metoddan istifadə edirlər.

Mətn ilk dəfə kimin adıyla çap edilib?

Əhməd Cavadın şeir kitablarında, ya dövri mətbuatda onun imzası ilə bu şeir çap edilibmi?

Edilməyib.

Bu fakt özü-özlüyündə Əhməd Cavadın müəllifliyini inkar etmir.

Ancaq həmin şeirin başqa bir şəxsin imzası ilə çap edildiyini qeyd etsək, onda necə?

1919-cu ildə Bakıda hökumət mətbəəsində çapdan çıxmış “Milli nəğmələr” kitabında Dövlət Himnimizin mətni “Vətən marşı” adı altında, Cəmo bəy imzasıyla dərc edilib.

Əhməd Cavadın sağlığında çap edilən bir kitabdan söhbət gedir.

Cəmo bəyin kimliyinə ayrıca qayıdarıq...

Bu, əsl himn deyil...

İnsan psixilogiyasının qəribə bir xüsusiyyəti var, hər gün gördüyü, qarşılaşdığı hadisələr ona adi gəlir.

Onları mühakimə belə etmir, fərqinə varmır, haqqında düşünmür.

İndi himnimizin mətninə fikir verək, onu başqa bir gözlə oxuyaq.

Üçüncü və dördüncü misralardan başlayaq:

“Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!”

Aydın məsələdir ki, himn ölkənin bütün vətəndaşları üçün yazılır.

Ölkənin bütün vətəndaşları ölkə üçün qan tökməyə və can almağa qadirdilərmi?

Uşaqlar, qocalar, bir çox qadınlar bunu edə bilərmi?

Sual ritorikdir, cavab da aydındır.

“Can vermək və qan tökmək kimin vəzifəsidir?” sualını qoyub davam edək.

Bəs ölkənin bütün vətəndaşlarının “Can verməyə və qan tökməyə” hazır olduğunu iddia edən mətnin son cümləsi nəyə görə (nəqarətdən əvvəl) “Cümlə gənclər müştaqdır?” kimi yazılıb?

(Müştaq candan istəyən, həsrətində, arzusunda olan deməkdir)

Məgər bütün vətəndaşlar qan tökməli və can almalı deyildi?

Niyə ancaq “cümlə gənclər”?

Gənc olmayanlar fiziki imkanları xaricində olsa da can verməyə və qan tökməyə müştaq ola bilməzlər?

Göründüyü kimi paradoksal bir mənzərə yaranır.

Ancaq bu himnin dövlət himni yox, hərbi məktəblər üçün yazılmış marş olduğunu bildikdə hər şey yerinə oturur.

Zabitlər can verməyə və qan tökməyə daim hazırdılar.

Azərbaycan Respublikasının hərbi andının mətnində də təxminən eyni sözlər yer alır: “Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü şərəflə qoruyacaq, bundan ötrü qanımı və canımı əsirgəməyəcəm”.

Hərbi məktəbin tələbələri məntiqi şəkildə gənc olduqlarına görə “cümlə gənclər müştaqdır” misrası da bu konteksə uyğun gəlir.

Etem Güngörün 1966-cı ildə Ankarada çap edilmiş “Türk marşları” adlı kitabında hazırda bizim himnimiz kimi qəbul edilən mətnə bu izahat verilib: “Azərbaycan hürriyyətini itirməzdən əvvəl bu marş hər gün dərsdən əvvəl Azərbaycan hərbi məktəbində səslənməkdə idi”.

(Söhbət 1918-ci ilin martında Bakıda təşkil edilib Cahangir bəy Nəsirbəyovun rəhbəri olduğu, Gəncəyə köçürüldükdən sonra Osmanlı ordusunun Atıf adlı zabitinin başçılıq etdiyi “Praporşiklər məktəbi”ndın gedir)

Göründüyü kimi, filoloji analizlə Etem Güngörün qeydi üst-üstə düşür.

Bəs müəllif necə?

Kitabda himnlərin bəstəkarının adı göstərilir: Üzeyir bəy Hacıbəyov. Mətnlərinin müəllifi barədə isə heç nə deyilmir.

Bəs niyə himn yox, himnlər, mətn yox, mətnlər deyirik?

Kələfin ucunun itən yeri elə buradır.

Azərbaycan marşı və Azərbaycan Milli Marşı

Hazırda Dövlət Himnimiz olan mətn və onun musiqisi kitabda “Azərbaycan marşı” adıyla və yuxarıda verdiyimiz qeydlə çap edilib.

Ancaq kitabın əvvəlki səhifəsində çap edilən “Milli Marş” isə bizim əsl himnimizdir.

Məlumdur ki, türk dilində himnə “milli marş” deyilir.

Bəs bu dəhşətli səhvə necə yol verilib?

Azərbaycan Respiblikasının Dövlət Himni 1992-ci ilin 27 mayında Prezident səlahiyyətlərini icra edən İsa Qəmbərin imzaladığı qanunla təsbit edilmişdir: “Musiqisi Üzeyir Hacıbəyovun, mətni Əhməd Cavadın olan “Azərbaycan marşı” Azərbaycan Respiblikasının Dövlət Himni kimi təsdiq edilsin”.

Göründüyü kimi, burda da “Azərbaycan marşı” deyilir, “Azərbaycan Milli Marşı” yox...

Professor, parlamentin mədəniyyət komissiyasının sədri Firudin Cəlilovun rəhbərlik etdiyi xüsusi komissiyanın rəyi himnimizlə bağlı məsələləri həll etmək üçün yaradılmışdı.

Komissiyanın Filarmoniyada keçirilən sonuncu iclası ictimaiyyət üçün açıq idi.

Məsələ ilə bağlı danışan Firudin müəllim Məmməd Əmin Rəsulzadə ilə sıx ünsiyyətdə olan Azərbaycan kültür dərnəyinin üzvlərindən bu məlumatı aldığını qeyd edir.

Dərnəyin başqanı Cəmil Ünal bəy isə Rəsulzadədən bu barədə heç nə eşitmədiyini, heç bir yazılı mənbə olmadığını, başqa yoldaşların bu barədə danışdığını bildirir, ancaq Əhməd Cavadın müəllifliyi ilə bağlı israr edir.

Oxucuları təfərrüatlarla yormamaq üçün Əhməd Cavadın müəllifliyini əsaslandıran arqumentlərin heç bir əsaslı mənbəyə arxalanmadığını, opponentlərin Əhməd Cavadın buna haqqı çatdığı, ya da Türkiyə Cümhuriyyətinin milli marşını yazan Məhmət Akif Ərsoyun bu marşı öz külliyyatına salmadığı kimi mülahizələr səsləndirdiyini qeyd edək.

Nəfəs dərmək fasiləsi

Xüsusi vurğulamağımıza bəlkə də ehtiyac yoxdur, ancaq yenə də bildirmək gərəkdir ki, Əhməd Cavadın xalqımızın azadlıq idealları istiqamətində apardığı fəaliyyətini, verdiyi qurbanları, çəkdiyi məhrumiyyətləri və əlbəttə ki, poetik qüdrətini inkar etmək əxlaq və mənəviyyat xaricindədir.

Əhməd Cavad haqqında yazılmış ən sanballı tədqiqat işinin müəllifi Əli Suliddin də himn barədə ona heç nə bəlli olmadığını qeyd edir.

Dolaşıqlıqla hərbi məktəbin marşı ilə milli marş qarışıq düşmüş, hərbi məktəbin marşı himn kimi qəbul edilibdir.

AMEA nə düşünür?

2000-ci ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyasında akademik Bəkir Nəbiyevin rəhbərliyi altında xüsusi komissiya təşkil edildi.

Mütəxəssislərdən ibarət həmin komissiya himnimizin mətninin “Milli nəğmələr” kitabında “Vətən marşı” adı və Cəmo bəy imzasıyla çap edildiyini əsas gətirərək Əhməd Cavadın müəllif olmadığı barədə yekdil rəyə gəldi.

Ancaq Cəmo bəyin kimliyi ilə bağlı iki versiya var: Cəmo bəy Hacinski və Cəmo bəy Cəbrayılbəyli...

Komissiya bu barədə yekun fikrə gələ bilmədi.

Hansı Cəmo?

Cəmo bəy Cəbrayılbəyli irsini araşdıran Aybəniz Əliyeva himnin müəllifinin Cəmo bəy Cəbrayılbəyli olduğunu bildirir. O, digər Cəmo bəyin - Cəmo bəy Hacinskinin dövri mətbuatda heç bir şeirinin dərc edilmədiyini, arxivində isə heç bir şeir tapmadığını bildirir. Hacinskinin oğlu də atasının şeir yazmadığını təsdiqləyir. Ancaq Azərbaycan Sovet Ensiklopediyasında Cəmo bəy Hacinskinin şeirlər yazdığı qeyd olunur.

Yeri gəlmişkən, Cəmo bəylər barədə də bir arayış verək. Cəmo bəy Hacinski Peterburqda hüquq təhsili alıb, jurnalist kimi fəaliyyət göstərib, Xalq Cümhuriyyətinin Milli Şurasının, sonra isə parlamentinin üzvü olub. Müsavatın yox, Müsəlman Sosialist Blokunun üzvü olan Cəmo bəy Sovet hakimiyyəti qurulandan sonra Ədliyyə nazirliyində çalışıb. 1922-ci ildə isə həbs edilərək sürgünə göndərilən Cəmo bəy Hacinski 1928-ci ildə azadlığa çıxsa da, 1937-ci ildə yenidən sürgünə göndərilib və 1942-ci ildə, 44 yaşında Vyatka Xüsusi Həbs Düşərgəsində vəfat edib.

Daha az məşhur olan Cəmo bəy Cəbrayılbəyli 1887-ci ildə Şamaxıda anadan olub. Burda Mirzə Ələkbər Sabir, Abbas Səhhət kimi görkəmli ədiblərlə əlaqədə olan Cəbrayılbəyli “Cəmo bəy”, “Cəmo bəy Aciz”, “Cəmo bəy Aciz Şirvani” imzası ilə dövri mətbuatda şeirlərini çap etdirib. İnqilabdan əvvəl ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Cəmo bəy Sovet illərində Pedaqoji İnstitutun biologiya fakültəsini bitirir, pedaqoji fəaliyyətlə məşğul olmaqla bərabər, dörd hekayə kitabı da yazır. 1965-ci ildə vəfat edən Cəmo bəy Cəbrayılbəyli öz vəsiyyətinə uyğun olaraq Mirzə Ələkbər Sabirin yanında dəfn edilmişdir.

Bu informasiyaları təqdim etdikdən sonra sualımıza qayıdaq: Himnimizin müəllifi hansı Cəmo bəydir? Məsələni qəlizləşdirən əsas cəhət heç şübhəsiz ki, Sovet hakimiyyətinin ilk illərindən başlayan repressiya siyasətidir. Çünki repressiya illərində heç kəs himnin müəllifi olduğunu etiraf etməzdi. Cəmo bəy Hacinskinin xatirələri çap edilsə də, orada marş barədə heç nə deyilmir. Bu, əlbəttə ki, anlaşılandır. Eləcə də Aybəniz xanımın Hacinskinin arxivində bu şeiri və ümumiyyətlə, şeirlər tapmadığı da... İki dəfə həbs edilmiş "şübhəli" şəxs arxivində bu şeiri saxlayardımı? Ancaq tədqiqatçının Cəmo bəy Hacinskinin dövri mətbuatda heç bir zaman şeir çap etdirmədiyi barədə fikri bizi xeyli dərəcədə Cəmo bəy Cəbrayılbəylini himnin müəllifliyinə yaxınlaşdırır. Çünki Cəbrayılbəylinin imzası isə şeir olmasa da, hər halda nəsr kitabları çap olunub.

Cəmo bəy Cəbrayılbəylinin həyat yoldaşı Şəfiqə xanım Üzeyir bəyin bacısı Sehrə xanımla birgə təhsil almışdı və onlar rəfiqə idilər. Cəbrayılbəyli xatirələrində Üzeyir bəylə yaxın münasibətlərindən danışır. Ancaq Cəmo bəy Hacinskinin aktyor qardaşı Mehdi bəy Hacinskinin də Üzeyir bəylə yaxşı münasibətləri vardı.

Fəqət Cəmo bəy Cəbrayılbəylinin dövri mətbuatda “Cəmo bəy” imzası ilə şeirər çap etdirməsi, fikrimizcə, ən tutarlı arqumentdir. Cəmo bəy Cəbrayılbəyli mətbuatda bu imza ilə çıxış etdiyinə görə müəllif hüquqları qayğısına düşmədiyini, başqa sözlə desək, “Cəmo bəy” imzasının ona məxsus olduğuna görə soyadından istifadə etmədiyi son dərəcə məntiqlidir. Bir növ, Anar və Elçin imzaları kimi... Bu mənada Cəmo bəy Cəbrayılbəylinin müəllifliyi həqiqətə çox daha yaxın görünür.

P.S. Məqalədəki faktların əsas hissəsi ədəbiyyatşünas alim İlham Abbasovun 2015-ci ildə çap edilmiş “Himnimizin müəllifi...” kitabından götürülmüşdür. İlham Abbasovun bu sahədə 20 ildən artıq davam edən qətiyyətli, məhsuldar əməyi olmasaydı, Akademiyadakı komissiya təşkil edilməyəcək, himnin müəllifi mübahisələndirilməyəcək və nəticədə tarixi və dövləti əhəmiyyətli bir məsələ aydınlığa çıxmayacaqdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm